SON XƏBƏRLƏR

Qafqaz "arxa bağça", Rusiya isə artıq superdövlət deyil...

2021.10.20, 07:36
Qafqaz "arxa bağça", Rusiya isə artıq superdövlət deyil...

Gunaz.tv
Qafqaz "arxa bağça", Rusiya isə artıq superdövlət deyil... Gürcüstanın eks-prezidenti Eduard Şevardnadze gürcü qoşunlarının Sxinvaliyə yeridilməsini "ölümcül səhv" adlandırıb. Şavardnadze Almaniyanın "Bild" qəzetinə müsahibəsində hərbi əməliyyatın çox pis hazırlandığını söyləyib: "Gürcüstan Sxinvaliyə bu cür hazırlıqsız girməməliydi. Bu, ölümcül səhv idi". APA xəbər verir ki, sabiq dövlət başçısı hazırda vəziyyətin çox mürəkkəb və necə həll olunacağının bəlli olmadığını deyib. O, ümid etdiyini bildirib ki, prezident Mixail Saakaşvili və onun Qərbdəki tərəfdaşlarının apardığı danışıqlar bölgədə münaqişəyə son qoyacaq. Doğrudan da, regionda vəziyyət çox mürəkkəbdir və hadisələrin inkişafının Cənubi Qafqaza nə vəd etdiyini proqnozlaşdırmaq çox çətindir. Proseslərin bundan sonra tamamilə Rusiyanın əleyhinə işləyəcəyini deyən politoloq Qabil Hüseynliyə görə, hadisələrin inkişafı bunu sübut edir: "Bölgədən Rusiyanın sıxışdırılması prosesi başlayıb. Baş verənlər bumeranq effekti ilə Rusiyanın özünə qarşı çevriləcək. Bu proses intensiv gedəcək, Azərbaycan və Gürcüstana problemlərini həll etmək üçün şərait yaradacaq. Rusiyanın regiondan çıxması Azərbaycanla Ermənistanın baş-başa qalması deməkdir. Və belə bir vəziyətdə öz ərazi bütövlüyümüzü bərpa etməkdə heç bir problem olmayacaq". Q.Hüseynliyə görə, Azərbaycan baş verən hadisələrə fəal surətdə münasibət bildirməlidir: "Bu münaqişədə Azərbaycan Gürcüstandan çox ziyan çəkib. Poti limanlarının tikintisində, o cümlədən ora çəkilən dəmir yolunda biz də iştirak etmişik. Neft və qaz emalı tamamilə dayandırılıb. Bu hər gün milyonlarla dollar ziyan deməkdir". Politolo Zərdüşt Əlizadə isə hər şeyin Qərbin davranışından asılı olduğunu bildirir. "Hər şey Qərbin qətiyyətindən asılıdır. Əgər Qərb Rusiyanın təcavüzünə göz yumacaqsa, vay Azərbaycanla Gürcüstanın halına",-deyə politoloq "Ekspress"ə açıqlamasında bildirib:"Qərb ATƏT, BMT vasitəsilə hüquqi yolla Rusiyanın sülhməramlı qüvvələrini ləğv edib, Gürcüstanı iqtisadi, siyasi, hərbi cəhətdən dəstəkləsə, Rusiya seçim qarşısında qalacaq. Ya o öz Qafqaz siyasətini davam etdirib itkilərə məruz qalacaq, ya da Qərbin istəyinə uyğun olaraq beynəlxalq hüquq normalarına əsaslanan münasibət quracaq". Əlizadə hesab edir ki, Rusiyanın planları Gürcüstanda həyata keçərsə, region bundan çox zərər görəcək: "Rusiya beynəlxalq hüquqa zidd olaraq Kosovaya verilən müstəqilliyi Cənubi Osetiya və Abxaziyaya üçün də təmin etmək istəyir. Bu baş verərsə, Azərbaycan üçün faciəvi nəticələri olacaq." Onun sözlərinə görə, Azərbaycan XİN Gürcüstanı dəstəklədiyinə dair bəyanat versə də, ortada "əməli fəaliyyət görünmür". Politoloqa görə, hakimiyyət seçkilər ərəfəsində Rusiya ilə əlaqələrini pozmaq istəmir. "Ekspress"in şərhçisi Zeynal Ziyaya görə, regionda hazırda baş verən prosesləri şahmat oyununa bənzətsək, partiyanın "debüt"ündəyik. Saakaşvilinin 08.08.08-i çinlilər kimi özü üçün xoş gün sayıb Cənubi Osetiyaya girməsindən hazırda Rusiya qazanmış kimi görünür. Hər halda, hazırda rus tankları Gürcüstan torpaqlarını şumlayır, region üçün strateji önəmə malik neft-qaz, nəqliyyat layihələrini təhdid edir. Saakaşvili iki ciddi səhvə yol verdi: Birincisi, Qərbə, NATO-ya həddən artıq bel bağladı. İkincisi, Rusiyanın belə sərt cavab verəcəyini hesablamadı. Qərb isə rus qoşunları Tiflisə yaxınlaşandan sonra araya girdi. Corc Buş da sərt açıqlamasını vermək üçün bir xeyli gözlədi. Avropanın hazırda Rusiyadan enerji asılılığı var. Grücüstanın NATO-ya üzvlüyü məsələsində AB-dəki fikir ayrılığı, Almaniyanın əleyhinə çıxması da bundan qaynaqlanırdı. Vaşinqton isə İran məsələsində Rusiya ilə sövdələşməyə çalışırdı. Rusiya isə çoxdan idi ki, Tiflisi yerində oturtmağa fürsət axtarırdı. Kosovo məğlubiyyətindən sonra Rusiya bunu cavabsız qoymayacağını vəd etmişdi. Hamı da bilirdi ki, Moskvanın əks-hücumu Cənubi Qafqazda olacaq. Rusiyalı politoloq Modest Kolerov "Vedomosti" qəzetinə açıqlamasında Gürcüstanın Cənubi Osetiyaya mümkün hücumuna qarşı Moskvanın planının çox öncədən hazır olduğunu bildirir:"Bunun ən böyük sübutu hərbi əməliyyat üçün uzun müddət tələb edən razılığın bürokratik əngəlləri çox sürətlə aşmasıdır. Kremlin bundan sonrakı mümkün proseslərlə də bağlı planı hazırdır". Onun sözlərinə görə, Rusiya Gürcüstanın hərbi gücünü azaltmaq, silahlarını nəzarət altına almaq və Qərbin dəstəyi ilə Saakaşvilinin yerinə parlamentin keçmiş spikeri Nino Burcanedzeni hakimiyyətə gətirməkdir. Heç kimə sirr deyil ki, Moskva Saakaşvilini devirmək istəyir, amma bunu Qərbin əli ilə etməyə can atır. Son davranışları ilə Saakaşvilinin də bir siyasətçi kimi zədə aldığını demək olar. Belə ki, bir çoxlarına görə, Saakaşvili Sxinvaliyə girərkən ABŞ-ın xeyir-duasını alıb. Lakin bəzi ekspertlərə görə, Gürcüstan prezidenti "özfəaliyyət"lə məşğul olub. Gürcüstanın keçmiş xarici işlər naziri Salome Zurabişvili bildirir ki, "Gürcüstanda amerikalı təlmatçılar var, onlar gürcü ordusunun qurulmasında iştirak edirlər və bu, yeni xəbər deyil. Ancaq Saakaşvilinin hərbi əməliyyatında ABŞ-ın heç bir məsuliyyəti yoxdur". Moskva "debüt"dəki gedişlərindən bir neçə istiqamətdə, o cümlədən qondarma Abxaziya və Cənubi Osetiya qurumlarının tanınması məsələsində faydalanmaq istəyir. Lakin bu faktdır ki, neft pullarının dirçəltdiyi Rusiya artıq superdövlət, qlobal aktyor deyil. Düzdür, o özünün arxa baxçası saydığı Cənubi Qafqazda son addımları ilə hələ də əsas oyunçulardan biri olduğunu göstərdi. Lakin Abxaziya və Cənubi Osetiyanın tanınması məsələsində istəyinə çatacağı şübhəli görünür. Rusiyanın tanınmış politoloqu Aleksey Arbatovun dediyinə görə, "Rusiya təkbaşına qala bilər" və Gürcüstanın NATO üzvü olması asanlaşdırılar. Təbii ki, Rusiyanın bu addımı heç MDB-nin özü tərəfindən də dəstəklənməyəcək. Qərb bir qədər qətiyyətli olsa, Moskva tərəddüdlərə düşəcək. Bircə bu faktı deyək ki, "G-8"in XİN başçılarının son görüşünə Lavrovun çağırılmaması Kremlin xətrinə dəymişdi. Makkeynin istədiyi kimi Rusiya "Böyük Səkkizlik"dən çıxarılarsa, qazancı "qovulmuş ölkə" statusu olacaq. Baxmayaraq ki, hazırda Rusiya qələbədən məst olmuş adamı xatırladır. Rusiyanın Bakıdakı səfiri Vasili İstratovun dünən keçirdiyi mətbuat konfransında da bu hiss olunurdu: "Rusiya Cənubi Osetiyada öz vətəndaşlarını və sülhməramlılarını qoruyurdu". Onun sözlərinə görə, Rusiya sülhməramlıları beynəlxalq sazişlərə əsasən Cənubi Osetiyada yerləşdirilib və onlara hücum BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, "təcavüzdür". Rusiyanın başqa dövlət sakinlərinə vətəndaşlıq verməsinin beynəlxalq hüquqa nə dərəcədə uyğun olması barədə suala cavabda səfir RF-nin vətəndaşlıq haqqında qanununa istinad edib: "Bu qanun keçmiş SSRİ vətəndaşlarının çox hissəsinin Rusiya vətəndaşlığı almasına imkan verib". Dediyinə görə, elə bu əsasla Rusiya vətəndaşlığı Azərbaycan sakinlərinə də verilib. "Dağlıq Qarabağda hazırda neçə Rusiya vətəndaşı var və əgər Azərbaycan öz ərazi bütövlüyünü hərbi yolla bərpa etmək istəsə, Rusiya Gürcüstana qarşı həyata keçirdiyi əməliyyatı burada da təkrarlaya bilərmi" sualını cavablandıran diplomat Dağlıq Qarabağda yaşayan Rusiya vətəndaşlarının sayı barədə məlumatı olmadığını deyib. Rusiyanın Cənubi Osetiyada öz vətəndaşlarını və sülhməramlılarını müdafiə etmək üçün əməliyyat keçirdiyi qeyd edən səfir Rusiyan vətəndaşlarının dünyanın istənilən ölkəsində yaşadığını bildirib və anologiya aparmaq istəməyib (APA). İstratov Gürcüstanın Cənubi Osetiyadakı əməliyyatları ilə Rusiyanın Çeçenistandakı hərbi əməliyyatlarının müqayisəsini düzgün saymır. Onun sözlərinə görə, Çeçenistanla bağlı orada rus qoşunlarının olmasına mane olacaq beynəlxalq sazişlər olmayıb. Cənubi Osetiyada gürcü qoşunlarının mövcudluğu bir batalyonla məhdudlaşdırılıb. Bu zaman səfir Çeçenistanda humanitar qəzanın miqyası ilə bağlı şərh verməyib. Rusiyanın ünvanına Gürcüstana qarşı qeyri-proporsional güc tətbiqi haqqında tənqidləri şərh edən İstratov sualla cavab verib: "Bəs Gürcüstanın Cənubi Osetiyaya qarşı gücü proporsional idi?" Səfir "Turan"ın Gürcüstanın Abxaziya və Cənubi Osetiyaya yüksək muxtariyyət statusu vermək haqqında təkliflərinin növbəti danışıqlar üçün baza ola biləcəyi barədə sualına birbaşa cavabdan yayınıb. Onun sözlərinə görə, "yeni vəziyyət" yaranıb və "Gürcüstanın və beynəlxalq ictimaiyyətin problemlərin həlli üçün hansı həll variantını seçəcəyini" gözləmək lazımdır. Rusiyanın Gürcüstanın MDB-dən çıxmaq çağırışı ilə bağlı Azərbaycandan hansı addımı gözlədikləri barədə suala cavabda səfir bildirib ki, "hər bir ölkə hansı beynəlxalq birliyin tərkibində olması barədə özü qərar verir". Və əlavə edib ki, şifahi bəyanatlar hərə ölkənin MDB-dən çıxması demək deyil. Bunun üçün MDB depozitarisinə rəsmi müraciət etmək lazımdır və yalnız bundan 12 ay sonra MDB tərk edilir. Yeri gəlmişkən, Gürcüstanın MDB-dən çıxmaq istəyi Rusiyada qıcıq yaradıb. "MDB-dən çıxmaq, ilk növbədə, Gürcüstan və onun xalqı üçün neqativ nəticələrə gətirəcək. Çünki bu ölkənin MDB-nin digər ölkələri ilə iqtisadi və humanitar sahədə geniş əlaqələri var, həmçinin Gürcüstan MDB çərçivəsində bir sıra vacib sazişin üzvüdür",-deyə MDB icra katibi Sergey Lebedev bildirib və əlavə edib ki, Tiflis planlarının destruktiv olduğunu anlamalıdır. Qayıdaq Rusiya sfirinin mətbuat konfransına. "Cənubi Osetiya problemi ilə bağlı danışıqların hansı istiqamətdə davam edəcəyi" barədə sualı cavablandırarkən İstratov bildirib:"Ymid edirik ki, son hadisələrdən regionda və ondan kənarda düzgün nəticə çıxarılacaq, sonda tərəfləri qane edəcək qərar qəbul ediləcək". Moskvanın Saakaşvilinin istefası haqqında tələblərinin (RF XİN başçısı S.Lavrov Rusiyanın bu istəyini açıq şəkildə ortaya qoyub-X.R.) reallaşmasını necə təsəvvür etdiyi barədə suala cavabda səfir deyib ki, "mexanizmlər gürcü xalqından, hökumətdən, parlamentdən və Saakaşvilinin özündən asılıdır": "Lavrovun dediklərini bir tərəfdaş kimi Saakaşvili ilə danışıqlar aparmağın çətin olması kimi dəyərləndirmək lazımdır, Cənubi Osetiyada aparılmış əməliyyatın məqsədi kimi yox". Gürcüstan Qərbə hərbi yardım üçün müraciət edərsə və ərazisində NATO hərbi birləşmələrini yerləşdirərsə, Rusiyanın buna reaksiyası necə olacaq? Rusiya səfiri belə ki, "hipotetik" suallara cavab vermədiyini bəyan edib. Rusiya-Gürcüstan qarşıdurması zamanı Azərbaycanın nümayiş etdirdiyi mövqeyə münasibət bildirən V. İstratov rəsmi Moskvanın Azərbaycanın mövqeyini, o cümlədən səslənən bəyanatları anlayışla qarşıladığını qeyd edib: "Rusiya Azərbaycanın ərazi bütövlüyünü tamamilə dəstəkləyir və bu məsələdə heç bir dəyişiklik yoxdur". "Əgər beynəlxalq hüquq işğalçını cəzalandırmaq üçün əməliyyat keçirməyə imkan verirsə, onda niyə Azərbaycanın işğal altındakı ərazilərinin azad olunması barədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin həyata keçirilməsi üçün tədbirlər görülmür?" sualına rus diplomat belə cavab verib: "Siz istəyirsiniz bunu Rusiya həyata keçirsin? Biz digər ölkələrlə birlikdə vasitəçilik edirik və çalışırıq ki, münaqişə tərəfləri yaranmış vəziyyətdən çıxış yolu tapsınlar". X.Rüstəm B. Nərimanoğlu express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar