SON XƏBƏRLƏR

BTC-nin partladılmasında Rusiyanın dəsti-xətti görünür

2021.10.20, 07:36
BTC-nin partladılmasında Rusiyanın dəsti-xətti görünür

Gunaz.tv
"BTC-nin partladılmasında Rusiyanın dəsti-xətti görünür" İlham İsmayıl: "Cənubi Qafqazdakı son hadisələr bu ehtimalı daha da gücləndirdi" Son zamanlar terrorçu PKK təşkilatı Türkiyənin daxilində yenidən fəallaşıb. Böyük şəhərlərdə baş verən teraktlar, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin partladılması, bir-iki gün öncə Ərzincanda 9 hərbçinin minaya düşərək həlak olması... Qeyd edək ki, PKK adətən ənənəvi terror metodlarından istifadə edir. Onun ilk dəfə belə beynəlxalq neft kəmərinin partladılmasına əl qoyması diqqətçəkən məqamdır. Türkiyədəki son hadisələrlə bağlı söhbət etdiyimiz təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl da PKK-nın birinci dəfədir böyük enerji xəttinin partladılmasına imza atdığını bildirir: - Türkiyənin hüquq-mühafizə orqanları bu işin terror olub-olmadığına qəti əmin deyillər. Çünki ilkin versiyalara görə, bunun təxribat əməli olmasını bəlli edən heç bir şey yoxdur. Ancaq mümkün deyil ki, PKK da heç nədən BTC-nin partladılmasını öz üzərinə götürsün. Çünki burada hədəf təkcə Türkiyə deyil. Burada Azərbaycan, Gürcüstan, əlavə də kəmərin sahibləri br kimi təşkilat, ABŞ, bütövlükdə Qərb və s. də var. Ona görə də heç nədən bu işi PKK öz üzərinə götürməz. Bilirik ki, PKK kəmərin partladıldığı Ərzincan ərazisində həmişə fəaldır və bu ərazidə siyasi qətllərdən, terrora qədər bir çox hadisələr törədiblər. Kütləvi şəkildə kənd qırıblar. Bu məsələnin indiki halda baş verməsi də Türkiyəyə bir növ cavabdır. Qış və yay aylarında Türk silahlı qüvvələrinin İraqın şimalındakı PKK mövqelərinə vurduğu zərbədən sonra hiss olunur ki, çox ciddi bir serial plan hazırlanıb. BTC əslində gözlənilən bir məsələ idi. Onun hədəfdə olacağı hələ layihəsi qurulanda deyilmişdi. Çünki hər üç ölkə separatizmdən əziyyət çəkir və separatizmin mövcud olduğu yerlərdir. Qorunmasından asılı olmayaraq, hər iki ölkənin - Gürcüstan və Azərbaycan ərazisində bunun partladılma ehtimalı var və güclüdür. Terror elə bir şeydir ki, bəzən ən yüksək qoruma altında olan yerlər də əlverişli məkanlar olur. Terrorun bu istiqamətdə Türkiyədə baş verməsi ehtimalı daha yüksəkdir, çünki oranın əhalisi də çoxdur. Məsələni geniş təhlil edəndə sual yaranır, necə olur ki, PKK birdən-birə bu cür səlis hazırlanmış layihəni həyata keçirsin? Hamımız bilirik ki, BTC-ni istəməyən şimal qonşumuz Rusiya, cənub qonşumuz İran və s. qüvvələr var. Cənubi Qafqazda baş verən son hadisələrdən sonra yəqin etmək olar ki, BTC-yə qarşı bu teraktda Rusiyanın əlinin olması istisna deyil. Sadəcə, bu iş PKK bayrağı altında görülür. BTC hələ zaman-zaman bu cür teraktların hədəfi olacaq. - Əsrin müqaviləsi imzalanandan bəri daim enerji təhlükəsizliyindən danışılır. Konkret BTC ilə bağlı hadisənin baş verməsi o anlama gəlmir ki, enerji təhlükəsizliyi məsələsində ciddi işlər görülməsinə ehtiyac var? - Bu o demək deyil ki, BTC qorunmur və yaxud da, onun mühafizəsinə dırnağarası baxılır. BTC hər ölkənin ərazisində - istər Azərbaycan, istər Gürcüstan, istərsə də Türkiyənin - ümumi qorunan bir xətdir. Söhbət vardı ki, bəlkə bu kəmərin qorunması NATO qüvvələrinə tapşırılsın. Düzdür, Azərbaycan və Gürcüstan onun üzvü deyil və NATO qüvvələrinin buraya başqa ad altında gəlməsi müəyyən qalmaqala səbəb ola bilərdi. Amma NATO üzvü olduğu üçün Türkiyə ərazisində bu tamamilə mümkündür. Amma nə qədər gücləndirilmiş olsa da, dünyanın böyük dövlətləri belə, terrordan sığortalanmayıb. Mühafizə deyəndə burada canlı sədd çəkməkdən söhbət getmir. Texnologiyanın son nailiyyətlərindən istifadə etməklə havadan, qurudan onu qorumaq lazımdır. Görünür, perspektivdə bu özünü göstərəcək. Amma yenə də bu terrordan birdəfəlik yaxa qurtarmaq demək deyil. Sadəcə qarşısını almaq, önləməkdir. - Aydın məsələdir ki, xüsusilə transmilli layihələrə hücum etməsi dünyada PKK-ya olan təpkini bir az da artırır. Həmçinin Avropa məkanında ona havadarlıq edən dairələrin dilini də qısaldır. Amma yenə də terror metodundan əl çəkmirlər. Halbuki, müəyyən dövrlərdə xüsusilə Avropa məkanında Türkiyəyə qarşı fərqli formada mübarizə aparılırdı... - Ermənilər də özlərini həmişə soyqırıma məruz qalmış yazıq bir millət kimi göstəriblər, bir tərəfdən də Türkiyə diplomatlarına qarşı terror aksiyaları həyata keçirirdilər. Aydın məsələdir ki, PKK Avropanın ortasında milli-azadlıq hərəkatı adı altında fəaliyyət göstərir. Terror təşkilatı adı altında fəaliyyət göstərsələr, o zaman milliyyətcə bir kürdün belə Avropaya keçməsinə imkan verilməz. Ona görə də PKK özünü terror təşkilatı saymır və özünü ədalət axtarışında olan təşkilat kimi göstərir. Amma Türkiyədə teraktlar həyata keçirirlər və belə bir fon yaratmaq istəyirlər ki, Türkiyədə sivil formada heç nəyə imkan verilmədiyi üçün onlar məcbur qalıb belə bir işə əl atıblar. - PKK-nın belə fəallaşmasında son dövrlər Türkiyədəki siyasi böhranın nə qədər rolu var? - Türkiyə hazırda siyasi burulğanlar içərisindədir. Görürsünüz ki, burada hadisələr necə sürətlə dəyişir, istər "Ergenekon" əməliyyatı, istər AKP-nin bağlanması ilə bağlı məhkəmə prosesi... Əlavə etsək ki, türk ordusunun əsas qərargahında da kadr dəyişikliyi oldu. Amma siyasi qarışıqlığın baş verdiyi anda terrorun baş qaldırması və sərbəst fəaliyyəti o demək deyil ki, Türkiyənin mühafizə orqanları terrora qarşı yaxşı mübarizə apara bilmirlər. Sadəcə, terroru törədənlər Türkiyə vətəndaşlarıdırlar və PKK ilə gizli əlaqələri var. Həmçinin bu hərəkətləri törətməkdə onların elə də ciddi bir sədd keçməyə ehtiyacları olmur. Lap sonunculardan deyək. Çantanı zibil qutusuna atır və çəkilir. Sonra da kənardan durub seyr edir. Bu cəhətdən Türkiyənin zəif nöqtəsi, terroru törədən şəxslərin ölkə vətəndaşları olmasıdır. Onlar adi halda Türkiyədə sərbəst gəzə bilirlər. Bu isə terrora qarşı mübarizədə Türkiyə mühafizə və xüsusi xidmət orqanlarına çətinlik yaradır. Aqil CAMAL express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar