SON XƏBƏRLƏR

Dağlıq Qarabağ münaqişəsində yeni məchul parametrlər

2021.10.20, 07:36
Dağlıq Qarabağ münaqişəsində yeni məchul parametrlər

Gunaz.tv
Dağlıq Qarabağ münaqişəsində yeni məchul parametrlər Qərb, erməni radikalizmi və Azərbaycanın situasiyanı dəyişmək şansı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi bir qədər arxa plana keçmiş kimi görünür. Gürcüstanda yaranan siyasi və geosiyasi böhran situasiyanı bir anda kəskin dəyişdi. İndi Ermənistanın Azərbaycana təcavüzü probleminin necə və hansı dərəcədə beynəlxalq güclər tərəfindən nəzərə alınacağını demək çətindir. Bölgədəki son hadisələr güclü şəkildə geosiyasi mənzərəyə bir neçə məchul parametr əlavə etdi. Qərblə Rusiyanın Qafqaz məsələsində münasibətlərini aydınlaşdırması fonunda Dağlıq Qarabağ ətrafında nələrin baş verdiyini təhlil etmək çox vacib bir vəzifəyə çevrildi. Faktiki olaraq yeni proqnozlar sistemi yaratmaq lazım gəlir. Müşahidə olunan odur ki, Ermənistan yaranmış vəziyyətdən divident götürmək niyyətindədir. Rusiyanın məsələdə ağırlığının daha da artacağına rəsmi İrəvan şübhə etmir. Erməni KİV-i yaydığı məlumatlarda Qərbin bölgədə mövqeyinin zəiflədiyini deyir və Mixail Saakaşvilinin taleyi ilə bağlı istehalı fikirlər yayır. Paralel olaraq Dağlıq Qarabağla bağlı ermənilər tam susublar. Meydana daha çox başqa məzmunlu informasiyalar atılır. Müxtəlif ölkələrin KİV-də Dağlıq Qarabağda terrorçuların yenidən təşkilatlandığı haqqında informasiyalar yer alır. Bu informasiyalarda terrorçuların bu dəfə Güney Qafqazdakı iqtisadi infrastruktura hücum edəcəyi ifadə olunur. Rusiya aviasiyası faktiki olaraq Azərbaycandan Qərb istiqamətinə gedən bütün enerji marşrutlarını kəsib. İndi Bakı-Ceyhanla yanaşı, Bakı-Ərzurum boru xətti vasitəsi ilə enerji verilməsi dayandırılıb. Bu vəziyyətin nə vaxta qədər davam edəcəyini bilmək olmur. Ermənistana isə bu durum sərf edir. O, yaranmış həmin vəziyyətdən özünün bölgə siyasətində istifadə etməyə çalışacaq. İlk olaraq rəsmi İrəvan siyasi müxalifəti dayandırmaq üçün fürsət əldə etdi. Hələlik İrəvanda müxalifət fəallığını saxlayıb. Gürcüstanda Qərbin hətta iqtidarı belə müdafiə edə bilməməsi Ermənistan müxalifətini də çıxılmaz vəziyyətə salıb. Qərbin xilasedici və demokratiya uğrunda qətiyyətli mübariz obrazı puç olub. Ona görə də Ermənistan müxalifəti çətin anlarda kənara ümid etmək istəyini saxlamalı olacaq. Bu durum isə Ermənistan siyasi elitasında Dağlıq Qarabağ məsələsi ilə bağlı daha radikal mövqe tutmağa gətirib çıxaracaq. Məsələnin bu tərəfi bizi maraqlandırır. Rusiyanın Gürcüstana qarşı hərəkətlərindən sonra Ermənistan hakimiyyətinin danışıqlarda konstruktiv mövqeyə sövq edilməsi imkanları sıfıra düşmüş olur. Bu da özlüyündə Dağlıq Qarabağ ilə bağlı aparılan danışıqlarda bir neçə yeni çaların yaranmasına səbəb ola bilər. Birincisi, ATƏT-in münaqişəni həll etmək imkanlarına az-çox inananlar belə bədbinliyə düçar ola bilərlər. Çünki açıq görünür ki, ATƏT Rusiyanın ambisiyaları qarşısında heç cür tab gətirə bilməz. Onda həmsədrlik formatının taleyi üzərində bir daha düşünmək lazım gələcək. Ümumiyyətlə, Qərbin bundan sonra bölgədəki münaqişələrin həllində hansı rolu oynaya biləcəyi məsələsi dəqiqləşməli olacaq. İkincisi, Ermənistandakı müharibə tərəfdarlarının fəallaşacağını gözləmək olar. Bu da Ermənistan hakimiyyətində Qərbə meylliliyin azalmasına, Türkiyəyə düşmənçiliyin çoxalmasına və Azərbaycana qarşı barışmaz mövqenin güclənməsinə stimul verə bilər. Təxmin etmək olar ki, ermənilər bundan sonra danışıqlarda daha qaradinməz və yolagəlməz olacaqlar. Onların psixologiyasında bölgədə rus üstünlüyü aksiom kimi özünü göstərək. Üçüncüsü, sonucda Azərbaycanın Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı yeni formata keçilməsi məsələsini qaldırmaq şansı çoxalır. Yaranmış durumdan çıxış yollarından ən konstruktivi bizcə, bu olacaq. Çünki vəziyyətin daim belə qalmasını düşünmək sadəlöhvlükdür. Hər radikalizmin bir mülayimlik mərhələsi də var. Rusiya da bölgəni stratejidə qorxu altında saxlaya bilməz. O mərhələ üçün Azərbaycan münaqişənin həllinin indikindən fərqli formatda aparılmasını tələb edə bilər. Bu tələbi Qərbin müdafiə etməsi ehtimalı da bir yığın geosiyasi səbəbdən çoxalır. Bundan sonra Qərbin Azərbaycan məsələsində daha diqqətli və səmimi olmasını gözləmək olar. Zatən, onların bölgədə başqa çıxış yolu da qalmayıb. Gürcü və erməni modellərinin iflasa uğradığı göz qabağındadır. Bu faktorun bölgədə geosiyasi proseslərin məntiqinə ciddi təsir edə biləcəyi gözləniləndir. Gələcəyə də o ümidlə baxmaq daha doğru olardı. Orxan Güneyli olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar