SON XƏBƏRLƏR

Hədəfdə Azərbaycan neftidir..._BTC sıradan çıxıb, Gürcüstan limanları bağlanıb. Dünənsə Rusiya Bakı-Novorossiysk kəməri ilə neft nəqlini dayandırdı

2021.10.20, 07:36
Hədəfdə Azərbaycan neftidir..._BTC sıradan çıxıb, Gürcüstan limanları bağlanıb. Dünənsə Rusiya Bakı-Novorossiysk kəməri ilə neft nəqlini dayandırdı

Gunaz.tv
Hədəfdə Azərbaycan neftidir... BTC sıradan çıxıb, Gürcüstan limanları bağlanıb. Dünənsə Rusiya Bakı-Novorossiysk kəməri ilə neft nəqlini dayandırdı Gürcüstan Rusiyanı Bakı-Tbilisi-Ceyhan neft kəmərini partlatmaq cəhdində ittiham edib. Gürcüstanın iqtisadi inkişaf naziri Yekaterina Şaraşidzenin bildirdiyinə görə, RF HHQ-nin təyyarələri ötən bazar günü boru kəmərinə həmlə ediblər, lakin hədəfdən yan keçiblər. "Bu, açıq-aşkar göstərir ki, Rusiya hərbiçilərinin məqsədi yalnız Gürcüstanın iqtisadi obyektləri deyil, həm də Gürcüstan ərazisindəki beynəlxalq obyektlərdir",- deyə "Reuters" nazirin sözlərindən sitat gətirib. Hərbi ekspert, ehtiyatda olan polkovnik İldırım Məmmədov da bu fikirdədir ki, Rusiya hər vasitə ilə Gürcüstandan keçən beynəlxalq enerji və nəqliyyat dəhlizlərini vurmağa çalışır: "Bu məsələdə əsas diqqət Bakı-Tiflis-Ceyhan neft və Bakı-Tiflis-Ərzrum qaz kəmərlərinə yönəldilib" (APA). "BP-Azərbaycan" şirkətinin mətbuat katibi Tamam Bayatlı isə "Turan"a bildirib ki, Azərbaycan neftinin Gürcüstan ərazisi ilə nəqli davam edir. Neft Bakı-Supsa boru kəməri ilə nəql edilir. Hazırda BTC ilə neftin nəqli dayandırılıb ki, bu da boru kəmərinin Türkiyə hissəsindəki partlayışla əlaqədardır. "Azadlıq" radiosu isə Azərbaycan neftinin Gürcüstan və Rusiya arasında hərbi əməliyyatlarla əlaqədar Gürcüstanın Batumi və Kulevi limanları ilə nəqlinin dayandırıldığını bildirib. Azərbaycan Dövlət Dəmir Yol İdarəsinin (ADDİ) mətbuat katibi Nadir Azməmmədovun "Turan"a bildirdiyinə görə, Poti limanı bombardmanla əlaqədar müvəqqəti olaraq neft qəbulunu dayandırıb. Lakin ADDİ Gürcüstan istiqamətində neft və neft məhsullarını göndərməkdə davam edir. Bu yükü daşıyan qatarlar stansiyalarda yığılır və imkan olan kimi Gürcüstan limanlarına keçəcək. Dünən səhər isə ARDNŞ Rusiyanın "Transneft" SC dövlət şirkətindən (Bakı-Novorossiysk boru kəmərinin Rusiya hissəsinin operatoru) Azərbaycan neftinin Şimal marşrutu ilə nəqlinin müvəqqəti dayandırılması haqda bildiriş alıb. Bu barədə "Turan"a Azərbaycanın neft dairələrindən yüksək vəzifəli məmur bildirib. Onun sözlərinə görə, "Transneft"in bildirişində deyilir ki, neftin nəqlinin dayandırılması boru kəmərinə Şimali Qafqaz ərazisində planlı texniki xidmətlə əlaqədardır. Bundan başqa, "Transneft" bildirib ki, neftin nəqli ARDNŞ-nin bildirişi almasından 8 saat sonra dayandırılacaq. Bununla əlaqədar olaraq, Bakı vaxtı ilə saat 18-dən Bakı yaxınlığındakı nasos stansiyasının işinin dayandırılması gözlənilirdi. "Transneft" rəsmi sənədində ARDNŞ-ni inandırır ki, profilaktik işləri ən qısa müddətdə başa çatdırmaq mümkün olacaq, bu zaman Bakı-Novorossiysk neft kəmərinin işinin nə vaxt bərpa olunacağı dəqiqləşdirilməyib. Qeyd edək ki, "Azəri-Çıraq-Günəşli" dəniz yataqlarını işlədən beynəlxalq konsorsium 2007-ci ilin aprelindən praktiki olaraq, neftin ixracı üçün Şimal marşrutundan istifadə etməyib, çünki BTC həm kommersiya nöqteyi nəzərdən, həm də texniki nöqteyi nəzərdən Rusiya marşrutundan daha sərfəlidir. Bunula əlaqədar olaraq, 2008-ci ilin fevralında bu boru kəmərinin Azərbaycan hissəsi hüquqi olaraq ARDNŞ-nin balansına keçib. ARDNŞ bu kəmərlə ildə 1 mln. ton həcmində neftini ixrac edib. Lakin avqustun 6-na keçən gecə BTC-nin Türkiyənin Ərzincan vilayətindən keçən hissəsində baş vermiş partlayışdan sonra konsorsium yenidən Bakı-Novorossiysk kəməri ilə ixraca başlamışdı. Bu kəmərlə neft nəqlinin həcmi gündə 10-11 min ton təşkil edib. Rusiya tərəfin bu qərarı praktiki olaraq Qərb şirkətləri tərəfindən işlənilən "Azəri-Çıraq-Günəşli" yataqlarında neft hasilatının dayandırılmasına gətirib çıxara bilər. Belə ki, BTC sıradan çıxıb, Bakı-Supsa tam gücü ilə işləmir, avqustun 9-dan isə Gürcüstanın Qara dəniz limanları Rusiya HDQ-nin Gürcüstanın ərazi sularına daxil olması ilə əlaqədar neftin qəbulunu dayandırıb. Xatırladaq ki, BTC-də baş vermiş insidentlə bağlı "BP-Azərbaycan" şirkəti artıq Azəri-Çıraq-Günəşli yataqlarında neft hasilatını azaldıb. Qeyd edək ki, BTC-dəki yanğın ərəfəsində Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) "Azəri-Çıraq-Günəşli"dən sutkada 800 min barel neft çıxarırdı. ABƏŞ hasilatı nə qədər azaltması barədə məlumat vermir. Bildirək ki, Bakı-Novorossiysk (gücü sutkada 100 min barel), Bakı-Supsa (145 min barel) boru kəmərlərinin, habelə Batum limanının (200 min barel) tam gücü ilə işlədiyi şəraitdə belə, ABƏŞ hasilatı ən yaxşı halda 2 dəfəyə qədər azaltmalıdır. Dünən isə şəhayət ki, BTC-nin Türkiyə hissəsində 6 gündən bəri davam edən yanğını söndürmək mümkün olub. Hazırda ərazidə yanğının nəticələrinin qaldırılması istiqamətində işlər görülür. Tamam Bayatlının APA-ya bildirdiyinə görə, poladdan olan boru kəmərinin 30-cu siyirtmə qurğusunun soyudulması həyata keçirilir. Bundan sonra isə yanğının səbəbləri öyrəniləcək və təmir işlərinə başlanılacaq. Neftin nəqlinin boru kəmərində 10-15 gün ərzində aparılacaq təmir-bərpa işlərindən sonra bərpa olunacağı gözlənilir. A.Həmid express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar