SON XƏBƏRLƏR

BTC partlayışında rus izi

2021.10.20, 07:36
BTC partlayışında rus izi

Gunaz.tv
BTC partlayışında rus izi btc_8avvvg.jpg Bakı-Tiflis-Ceyhan kəmərinin Türkiyənin Ərzincan vilayətindən keçən hissəsində partlayış baş vermiş yerində yanğın davam edir. Rifahiyyə qəsəbəsi yaxınlığından keçən BTC-nin 30-cu nasos stansiyasının 6 kilometrlik hissəsindən neft hələ də tam axıb qurtarmadığından yanğının söndürülməsi çətin proses olaraq qalır. BTC kəmərinin Türkiyə ərazisindən keçən hissəsinin operatoru "Botash İnternational Limited"in (BOTAŞ) mətbuat xidmətindən "Ekspress"ə verilən məlumata görə, partlayış nəticəsində ətrafa sızmış neft tam yanıb qurtarandan sonra yanğın sönəcək: "Bu isə bir-iki gün davam edə bilər. Yanğın söndürüləndən sonra kəmərdə təmir-bərpa işlərinin 10-15 gün çəkəcəyi ehtimal olunur". Bakı-Tiflis-Ceyhan kəmərinin Azərbaycandakı hissəsinin operatoru "BP-Azerbaijan" şirkəti isə "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda neft hasilatını azaldıb. Şirkətin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlının dediyinə görə, ehtiyat tədbir qismində Xəzər dənizindəki yataqlarda hasilat həcmi azaldılıb. "Şirkət indi neftin alternativ marşrutlarla nəqli ilə məşğuldur. Ceyhen terminalında hələ neft qaldığından, oradan tankerlərlə daşınır. Türkiyənin "BOTAŞ şikrəti isə boru kəmərində yaranmış problemi aradan qaldırmaq istiqamətdə işlərini davam etdirir", - T.Bayatlı bildirib. "BP Azerbaijan" hasilatı nə qədər azaltdığını açıqlamır. Lakin iyul ayında şirkətin sutkalıq hasilat səviyyəsi orta hesabla 870 min barreldən artıq idi. "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda çıxarılan "qara qızıl" indi Bakı-Supsa və Bakı-Novorossiysk neft boru kəmərləri nəql olunur, habelə dəmir yolu ilə Gürcüstanın Batum limanındakı terminala daşınır. Türkiyənin Daxili İşlər Nazirliyinin dünən yaydığı açıqlamasında bildirilir ki, Bakı-Tiflis-Ceyhan neft boru kəmərinin Ərzincan vilayətindəki hissəsində baş vermiş partlayışa görə məsuliyyəti PKK öz üzərinə götürsə də, hadisənin səbəbləri barədə konkret fikir yürütmək hələ tezdir: "Yanğın söndürüləndən sonra ən təfərrüatlı və ciddi araşdırmalar aparılacaq, gerçək səbəblər müəyyənləşdiriləcək. Biz hadisənin baş verməsi ilə bağlı heç bir versiyanı istisna etmirik". Böyük Britaniyanın BP şirkəti isə olayla bağlı maraqlı açıqlama verib. "The Wall Street Journal" qəzetinin dünənki sayında Benua Fukonun xəbərində bildirilir ki, "British Petroleum" da kəmərdəki partlayışın diversiya və ya terakt olduğunu istisna etmir. "Bununla belə, məlum olub ki, Bakı-Tiflis-Ceyhan kəmərinin Türkiyə ərazisindən keçən hissəsindən mütəmadi olaraq neft oğurlanıb. Hadisənin həmin neft oğruları tərəfindən həyata keçirilməsi də mümkündür", - Fuko yazıb. Bununla belə, BTC-dəki hadisənin Rusiyanın xüsusi xidmət orqanları əməkdaşları və ya Türkiyə ərazisində fəaliyyət göstərən terrorçu-radikal qruplaşmalardan birinin həmin strukturun sifarişi ilə həyata keçirilməsi versiyası da gündəmdədir. Hər halda Türkiyənin Milli İstihbarat Təşkilatı və Britaniyanın əks-kəşfiyyatının nəzərdən keçirdiyi səbəblər arasında bu versiya yer alıb. Qafqaz məsələləri üzrə ekspert Mamuka Areşidze də bu fikirdədir ki, Bakı-Tiflis-Ceyhan kəmərindəki partlayış Gürcüstanın həmin layihəyə daxil olmayan qonşularının maraqlarına cavab verir. "Bundan başqa, partlayış Cənubi Qafqazdakı məhəlli və etnik münaqişə zonalarında fəaliyyət göstərən qüvvələrin marağındadır", - M.Areşidze "Georgia Online"yə verdiyi müsahibəsində deyib. . Xatırladaq ki, ümumi uzunluğu 1768 km olan Bakı-Tiflis-Ceyhan kəmərinin 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i isə Türkiyə ərazisindən keçir. Boru kəmərinin inşası $4 milyarda başa gəlib. Həsən AĞACAN express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar