SON XƏBƏRLƏR

BAKI-CEYHAN HƏLƏ IKI GÜN YANACAQ_PKK kəmərin necə partladıldığına dair əlavə məlumat yayacağını bildirdi

2021.10.20, 07:36
BAKI-CEYHAN HƏLƏ IKI GÜN YANACAQ_PKK kəmərin necə partladıldığına dair əlavə məlumat yayacağını bildirdi

Gunaz.tv
BAKI-CEYHAN HƏLƏ IKI GÜN YANACAQ PKK kəmərin necə partladıldığına dair əlavə məlumat yayacağını bildirdi Bakı-Tiflis-Ceyhan (BTC) neft kəmərinin Türkiyə ərazisindən keçən hissəsində PKK-nın törətdiyi partlayışdan sonra kəmərdə yanğın dünən də davam edib. BTC-nin Türkiyədən keçən hissəsini işlədən BOTAŞ şirkətinin hadisə yerində olan rəsmiləri bildiriblər ki, yanğın nəzarət altına alınıb, lakin tam söndürülməyib. Yanğının sönməsi üçün 12 min barrel neftin tam yanıb qurtarmasını gözləmək lazım gələcək. Xəbər verildiyi kimi, partlayış kəmərin Ərzrum vilayətinə daxil olan Ərzincan şəhəri yaxınlığında baş verib. Əvvəlcə yerli hakimiyyət rəsmiləri bildiriblər ki, hadisə kəmərin 30-cu nasos stansiyasındakı yanğın nəticəsində baş verib. Belə ki, stansiyadakı nasoslardan birinin alışması nəticəsində kəmərdə partlayış baş verib və güclü yanğın başlayıb. Lakin hadisə baş verdiyi günün sonuna doğru Türkiyənin xəbər agentlikləri PKK terror təşkilatının partlayışa görə məsuliyyəti üzərinə götürdüyü haqda məlumat yayıblar. Bildirilirdi ki, terror təşkilatı hadisəyə dair daha geniş bəyanatla çıxış etməyə hazırlaşır. PKK-ya yaxın qaynaqlardan bildirildiyinə görə, təşkilat BTC-yə qarşı sabotaj törədib və bu işi xüsusi təlim görmüş adamlar həyata keçirib. 12 min barrel neft yanacaq BOTAŞ nümayəndəsi bildirib ki, ötən gün yanğın nasos stansiyasının 10 metrə yaxın ərazisində davam edib, alovlar səngidiyi üçün yaxınlıqdan keçən qaz kəməri ilə təbii qaz nəqli bərpa edilib, lakin BTC dünən də bağlı qalıb. Xəbər verildiyi kimi, partlayışdan sonra avtomatik idarə etməsi sistemi vasitəsilə Ankaradan kəmərdəki 29 və 31 saylı nasos stansiyalarındakı ventillər bağlanıb, bununla da BTC ilə neft nəqli kəsilib. Lakin həmin stansiyalar arasında qalan 6 kilometrlik boru xəttindəki 12 min barrel neft yanmaqda davam edib. BOTAŞ rəsmiləri bildiriblər ki, yanğının tam bitməsi dah 2 gün vaxt apara bilər. Şirkətdəki mənbə bildirib ki, bütün səylərə baxmayaraq ətrafa neft sızmasının qarşısını almaq mümkün olmayıb: “Hazırda neft sızmazını əngəlləmək üçün xüsusi təlim görmüş komanda hadisə yerindədir, ətraf mühitin çirklənməsi üçün hər cür tədbirlər görülür”. BOTAŞ rəsmisi yanğının səbəblərinin hələ bilinmədiyini və bu barədə yanğın tam söndürüldükdən, hadisə yerindən nümunələr götürülərək analiz edildikdən sonra danışmağın mümkün olacağını deyib. BTC azı 10-15 gün bağlı qalacaq Şirkətdən bildiriblər ki, yanğın tam söndürüldükdən sonra xətdə təmir işləri başlayacaq. Bunun da nəticəsində BTC azı 10-15 gün bağlı qalacaq. Xatırladaq ki, bir gün əvvəl BTC-nin operatoru olan bp-Azərbaycan şirkətindən Tamam Bayatlı “Röyter” agentliyinə bildirmişdi ki, kəmər yaxın saatlarda açıla bilər. Türkiyə mətbuatının xəbərlərinə görə, enerji və təbii qaynaqlar naziri Hilmi Gülər də dünən hadisə yerinə gedərək araşdırmalar aparıb. Ərzincan valisi Əli Güngör isə jurnalistlərə bildirib ki, kəməri PKK-nın partlatdığı haqda yayılan məlumatlar şübhəlidir. Onun sözlərinə görə, ilkin araşdırmalar kəmərdə təxribat törədildiyini deməyə əsas vermir. Hadisə yerində BOTAŞ əməkdaşlarından və yerli kaymakandan məlumatlar alan vali deyib ki, yanğın başlamazdan 15 dəqiqə əvvəl BTC-nin işinə nəzarət üzrə Ankaradakı avtomatlaşdırılmış sistemə qəza haqda siqnal daxil olub: “Bu siqnal daxil olan kimi avtomatik sistem işə düşüb və 29-cu və 31-ci nasos stansiyalarından ventillər bağlanıb. Hazırda Ərzincan bələdiyyəsinə aid iki su tankeri, bir yanğınsöndürən maşın və digər texnika hadisəyə müdaxilə edir. Köpük vuran iki texnika da var, ancaq bunlar kifayət etmir. Bu üzdən Ərzrum və Sivasdan texnika göndərilməsini xahiş etmişik. Həmin texnika gələn kimi yanğın qısa müddətdə nəzarət altına alınacaq”. Qeyd edək ki, BTC ilə sutkada 1 milyon barreldən çox neft nəql olunur. Bu, dünyanın neftə olan tələbatının bir faizidir. Kəmərdə baş verən partlayış Qərbdə geniş rezonans doğurub və iki gündür dünyanın aparıcı KİV-ləri BTC-dəki partlayış və yanğın haqda xəbərlər verirlər. Dünya birjalarında isə son günlər sürətlə ucuzlaşmaqda olan neft BTC-nin partlaması xəbərlərindən sonra yenidən bahalaşmağa başlayıb. Son məlumatlara görə, Nyu York birjasında neftin barreli 1.3 dollar bahalaşaraq 119 dollara satılırdı. bp fars-major elan etdi BTC-də partlayış baş verdikdən sonra “British Petroleum” şirkəti fors-major situasiyasının yarandığını elan edib. “The Wall Street Journal” qəzetinin məlumatına görə, şirkət alıcılara xəbərdarlıq edib ki, mövcud müqavilələr üzrə öhdəliklər yerinə yetirilməyə bilər. bp-nin səlahiyyətli şəxsləri kəmərin terrorçular tərəfindən partladılmasını mümkün sayırlar. bp şirkəti bunu da bildirib ki, hazırda Azərbaycanda çıxarılan neft başqa kəmərlərlə ixrac olunur. Əsasən ixrac nefti Bakı-Supsa kəmərinə vurulur, lakin bu kəmərin həcmi məhdud olduğundan BTC ilə nəql edilən neftin bir hissəsinin Rusiyadan keçən Bakı-Novorossiysk kəmərinə vurulacağı istisna deyil. Hazırda BTC ilə neft nəqli dayansa da, Ceyhan limanındakı terminallarda neft var və oradan tankerlərə neft yüklənməsi davam edir. Yəni dünya bazarlarına Azərbaycan neftinin çıxarılmasında hələ bir neçə gün fasilə olmayacaq, lakin BOTAŞ rəsmiləri kəmərin 10-15 gündən tez işə düşməyəcəyini açıqladıqlarına görə Ceyhandakı terminallarda neft tükənəcək və dünya bazarlarına Azərbaycan neftinin çıxarılmasında istər-istəməz fasilə yaranacaq. “Azəri-Çıraq-Günəşli”də hasilat azaldıldı “The Guradian” qəzetinin Türkiyənin Enerji və Təbii Ehtiyatlar Nazirliyindəki mənbəyə istinadən verdiyi məlumata görə, Ceyhan limanında hazırda 7.5 milyon barrel neft var, bu neft 7 böyük tankeri doldurmağa kifayət edir. Lakin bu neft bir neçə günə bitəcək. Qəzet bp-dəki mənbəyə istinadən bildirib ki, BTC-yə vurulan neftin hasil edildiyi Azəri-Çıraq-Günəşli platformasında da hasilatı ehtiyat tədbiri kimi azaldılıb. Çünki kəmər tezliklə işə düşməsə hasil edilən nefti nəql etmək müşkülə çevriləcək. Bakıda isə o qədər nefti saxlamaq üçün terminal yoxdur. Qeyd edək ki, hasilat azaldıldıqdan sonra onu yenidən əvvəlki həcmdə bərpa etmək prosesi daha uzun çəkir. Digər məlumata görə, BTC konsorsiumunda 25 faiz paya sahib olan ARDNŞ də fors-major situasiyası elan edib. Şirkətdən xəbərdarlıq edilib ki, partlayışla bağlı ARDNŞ tərəfdaşları qarşısında öhdəliklərini yerinə yetirə bilmir və buna görə məsuliyyətdən azaddır. “The Guardian” qəzeti də PKK-ya yaxın mənbələrdən partlayışın bu təşkilata bağlı terrorçular tərəfindən törədildiyi haqda məlumat yayıldığını bildirir. Qəzet xatırladır ki, bu ilin martında PKK İran-Türkiyə qaz kəmərininin Ərzrum vilayətindən keçən hissəsini partladıb, nəticədə kəmərlə qaz nəqli 5 gün dayanıb. PKK Amerika ilə dost olanda BTC-yə toxunmurdu Qeyd edək ki, PKK indiyədək BTC-ni hədəfə götürmürdü. Kəmərin xeyli hissəsinin Türkiyənin PKK terrorçularının fəal olduğu cənub-şərq bölgələrindən keçməsinə baxmayaraq xeyli müddət bu kəmər terror təşkilatının hədəfində olmayıb. Bunun səbəbini PKK-nın Amerika ilə gizli müttəfiqliyi ilə izah edirdilər. Belə ki, ABŞ İraqın şimalında PKK-ya sərbəst fəaliyyət üçün şərait yaratmışdı və hətta Türkiyə kəşfiyyatının məlumatlarına görə, yüksək rütbəli Amerika zabitləri tez-tez PKK düşərgələrinə baş çəkib terrorçulara təlimatlar verirdi. Həmçinin PKK-ya İraqın şimalında nəzarət edən kürd peşmərgələrinin əliylə xeyli miqdarda Amerika silahı ötürülmüşdü. Lakin ötən ilin sonlarından başlayaraq vəziyyət dəyişməyə başladı. ABŞ İraqın şimalında Türkiyənin PKK-ya qarşı hərbi əməliyyatlara başlamasına yaşıl işıq yandırdı və bu əməliyyatlara önəmli kəşfiyyat dəstəyi verildi. Göründüyü kimi, PKK Amerikanın dəstək verdiyi neft kəmərini partlatdığını elan etməklə artıq bölgədəki ABŞ maraqlarına qarşı terror hücumlarına başladığı haqda mesaj verir. Şübhəsiz ki, BTC-yə qarşı PKK riski lap əvvəldən olub, lakin belə görünür ki, kəmərin Türkiyədən keçən hissəsinin təhlükəsizliyini təmin etmək üçün görülən tədbirlərin yetərli olmamasından istifadə edən PKK-çılar nasos stansiyasını partlada biliblər. BTC boyu nasos stansiyaları güclü mühafizə edilir və ora kənar şəxslərin daxil olması qəti qadağandır. Bu baxımdan yüksək məftil hasarlarla və elektron mühafizə sistemi ilə təchiz olunmuş nasos stansiyasına PKK-çıların necə daxil olduğu qaranlıq qalır. Lakin bir məqam da qeyd edilməlidir ki, BTC işə düşəndən az sonra Amerika jurnalistləri kəmər boyu araşdırmalar apararaq təhlükəsizliklə bağlı ciddi nöqsanların olduğunu üzə çıxarmışdılar. Məsələn, bildirilirdi ki, nasos stansiyaları hündür məftil hasarla və elektron mühafizə sistemi ilə qorunur, lakin hansısa terrorçu asanlıqla bu məftil hasarın üstündən içəriyə əl qumbarası ata bilər. Kəmər Azərbaycan və Gürcüstanda da təhlükədədir Digər narahatlıq isə ondan ibarətdir ki, BTC-nin Azərbaycan və Gürcüstandan keçən hissəsi də ciddi risklərlə qarşı-qarşıyadır. Son vaxtlar Azərbaycana Türkiyədən PKK tərəfdarı olan minlərlə kürdün köçürüldüyü və onların BTC-nin keçdiyi bölgələr üzrə yerləşdirildiyi haqda mətbuat dəfələrlə yazıb. Yəni PKK Azərbaycan ərazisində də kəmərə qarşı təxribat təşkil etmək imkanlarına malikdir. Gürcüstanda isə Cənubi Osetiya ətrafında vəziyyətin son günlər kəskinləşməsi BTC-yə qarşı ciddi təhlükə yaradıb. Belə ki, osetin və gürcülər arasında atışmalar BTC-nin keçdiyi bölgənin bilvasitə yaxınlığında baş verir. Dünənə olan məlumata görə, bölgədə vəziyyət daha da mürəkkəbləşib və irimiqyaslı hərbi toqquşma riski yaranıb. F.MƏMMƏDOV musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar