SON XƏBƏRLƏR

rəsmi Tehran Yaxın günlərdə "altılıq"ın təkliflər paketinə cavab verməklə gələcək taleyini müəyyənləşdirəcək

2021.10.20, 07:36
rəsmi Tehran Yaxın günlərdə "altılıq"ın təkliflər paketinə cavab verməklə gələcək taleyini müəyyənləşdirəcək

Gunaz.tv
34881_1 YA İNKİŞAF, YA DA TƏCRİD VƏ SANKSİYALAR Yaxın günlərdə rəsmi Tehran "altılıq"ın təkliflər paketinə cavab verməklə gələcək taleyini müəyyənləşdirəcək İ.ABBASOV ABŞ-la İran arasında uzun illərdən bəri davam edən "soyuq" müharibə yaxın günlərdə bitə bilər. Uzunillik düşmənçiliyin dostluq və əməkdaşlığa gəlib çıxacağı yoxsa düşmənçiliyin daha da dərinləşəcəyi dilemması hazırda İran hakimiyyətinin qarşısındadır. "ABŞ İranla diplomatik əlaqələrin saxlanılmasına sadiqdir. Bu ilin əvvəlində ABŞ Dövlət Departamentinin katibi Kondoliza Raysın qeyd etdiyi kimi, Birləşmiş Ştatların əbədi düşmənləri yoxdur. Bu, İrana da aiddir". ABŞ-ın Azərbaycandakı səfirliyindən "Ayna"ya daxil olan məlumata görə, bunu ABŞ-İran münasibətlərini şərh edərkən səfir Ənn Dörsi qeyd edib. "Amerikalılar İranın zəngin tarixi və dinamik mədəniyyətindən, habelə onun çox da keçmişdə olmayan nailiyyətlərindən məmnunluq duyurlar. Sorğular göstərir ki, İran və Amerika xalqları şəxsi müstəvidə daha yaxın münasibətlərin qurulmasını alqışlayır", - deyə qeyd edən ABŞ-ın Azərbaycandakı səfiri hesab edir ki, İran hakimiyyəti özünün və öz xalqının dünya ictimaiyyətindən təcrid olunması siyasətini yürütdüyü üçün hər iki xalqın istəkləri gerçəkləşə bilmir. "Dünyanın məsuliyyətli ölkələri birləşərək İran hökumətini nüvə proqramını və uranı zənginləşdirmək proqramını dayandırmağa çağırır. Buna səbəb nədir? Səbəb 10 il ərzində İran hökumətinin bu proqramı dünya ictimaiyyətindən gizlətməklə həyata keçirməsidir. Bu isə İranın bu proqramı gələcəkdə atom bombası hazırlamaq üçün məmulatlar istehsal etməyə yönəltməyəcəyi ilə bağlı dünya ictimaiyyətində narahatlıq yaradır. İranın ekoloji və iqtisadi baxımdan daha sərfəli olan atom enerjisindən sülh məqsədilə istifadəsi üçün heç də uranı zənginləşdirməsinə ehtiyac yoxdur. Çox ölkələr - Avstraliyadan İsveçrəyə qədər, Cənubi Afrikadan Cənubi Koreyaya qədər uranı zənginləşdirmədən də atom enerjisi istehsal edir", - deyə qeyd edən xanım Dörsi Birləşmiş Ştatların və Qərbin, İranın, guya, dinc məqsədlərlə başladığı nüvə proqramına qadağa qoymaq istəməsi ilə bağlı yayılan bəyanatları da tam əsassız hesab edir: "Sadəcə, beynəlxalq ictimaiyyət istəyir ki, İran hökuməti nüvə silahının yayılmaması ilə bağlı beynəlxalq öhdəliklərə əməl etsin. Nüvə Silahlarının Yayılmaması haqqında Sazişdə, BMT-nin Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrində, MAQATE-nin İdarə Şurasının qətnaməsində vəzifələr aydın şəkildə öz əksini tapıb". Habelə səfir qeyd edir ki, ABŞ öz növbəsində İranla beynəlxalq anlaşmaya gəlməkdə, mədəniyyət və təhsil sahəsində mübadilə aparmaqda, ticarət əlaqələri qurub sərmayələr qoymaqla İranın iqtisadi inkişafında maraqlıdır. "Biz öz müttəfiqlərimizlə birlikdə bu niyyətimizin diplomatik yollarla gerçəkləşməsində maraqlıyıq. Birləşmiş Ştatlar BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləri, üstəgəl, Almaniya ("altılıq") ilə birgə İrana nüvə proqramına moratorium qoyulması əvəzinə çox səxavətli əməkdaşlıq paketi təklif edib. İranın sülh məqsədilə nüvə proqramını gerçəkləşdirməsi üçün ən müasir texnologiyaya çıxışı, xarici ölkələrin İranın təhsilinə cəlb edilməsi, texnologiya, kənd təsərrüfatı, elmi və mütəxəssis mübadiləsi sahəsində "altılıq"da birləşən ölkələr maraqlıdır", - deyə vurğulayan səfir qeyd edir ki, iyulun 19-da ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Uilyam Berns İrana təklif olunmuş paketin müzakirəsi ilə bağlı Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş katibi Xavyer Solana, "altılıq" təmsilçiləri ilə birgə İranın atom məsələsinə cavabdeh şəxsi Səid Cəlali ilə görüşüb. "Bundan başqa, 2006-cı ilin iyulunda dövlət katibi Kondoliza Rays İrana tarixi əhəmiyyətli təklif edib: əgər İran uranın zənginləşdirilməsi proqramını dayandıracaqsa, bu halda İran rəsmiləri ilə istənilən vaxt, istənilən yerdə, istənilən məsələni müzakirə etmək üçün görüşəcək". Amma İran hazırkı xarici siyasi kursunu dəyişməsə, bu halda Birləşmiş Ştatlar müttəfiqləri ilə birgə İrana qarşı siyasi və iqtisadi sanksiyaları daha da sərtləşdirəcək", - deyə qeyd edən xanım Dörsi hesab edir ki, İranın liderlərinə sadə bir qərarı qəbul etmək lazımdır. "İran nüvə proqramını və uranı zənginləşdirməyi dayandırır, ABŞ və digər müttəfiq ölkələrlə münasibətləri bərpa edir və bizim təklif etdiyimiz paketdən bəhrələnir. İran dünya ictimaiyyətinin təkliflərini rədd edəcəksə, bu halda növbəti beynəlxalq təcrid və təzyiqlərlə üz-üzə qalacaq, siyasi-iqtisadi sanksiyalar daha da gücləndiriləcək". Səfir bildirir ki, İran öz qərarını yaxın günlərdə Solanaya təqdim etməyə hazırlaşır: "Biz müsbət cavaba ümid edirik və inanırıq ki, İran hakimiyyətinin siyasətini dəyişmək və öz xalqının rifahı naminə dünya ictimaiyyətinə inteqrasiya etməsinin zamanı yetişib. Müsbət cavab dünyadakı proseslərdə iştirak etmək, iqtisadiyyatını gücləndirmək imkanından məhrum olan 70 milyonluq İrana böyük imkanlar yaradacaq. Biz dünyada məsuliyyət hissini özünə qaytaracaq İran əhalisini xoşbəxt və azad görmək istəyirik. Biz İran liderlərinin bu təklifə tam ciddi yanaşmasını istəyirik. Uranı zənginləşdirməyi dayandırın və müqayisəolunmaz imkanlardan istifadə edərək dünyada öz yerinizi tutun, dünya nemətlərini İran xalqının üzünə açın". ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar