SON XƏBƏRLƏR

QƏRB QARABAĞ DANIŞIQLARINDA ERMƏNİSTANA TƏZYİQ EDİR?

2021.10.20, 07:36
QƏRB QARABAĞ DANIŞIQLARINDA ERMƏNİSTANA TƏZYİQ EDİR?

Gunaz.tv
34879_1 QƏRB QARABAĞ DANIŞIQLARINDA ERMƏNİSTANA TƏZYİQ EDİR? XİN başçılarının Moskva görüşü "diplomatik açıqlamalar" mühitində başa çatdı C.MƏZAHİROĞLU Dünən Moskvada Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyan arasında görüş keçirildi. Minsk Qrupunun fransalı həmsədri Bernar Fasye APA-ya bildirib ki, danışıqlar Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iqamətgahında bağlı qapılar arxasında baş tutdu. ATƏT-in Minsk Qrupunun həmsədrləri Metyu Brayza (ABŞ), Bernar Fasye (Fransa), Yuri Merzlyakov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin iştirakı ilə keçirilən görüşdə ev sahibliyi edən Rusiyanı xarici işlər nazirinin müavini Andrey Denisov təmsil edib. B.Fasye görüşün işgüzar şəraitdə keçdiyini, əsasən "Madrid təklifləri" ətrafında müzakirələr aparıldığını vurğulayıb. Verilən məlumata görə, iki ölkə prezidentinin iyunda Sankt-Peterburqda təklif etdiyi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə iş Moskvada Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında keçirilən danışıqlarda əsas mövzu olub. Bir müddət əvvəl fransalı həmsədr Fasye bildirmişdi ki, prezidentlərin Sankt-Peterburqda razılığa gəldikləri məsələ yeni işin başlanğıcıdır. Dünən nazirlər Rusiyanın Xarici İşlər Nazirliyində A.Denisovla görüşüblər. Rusiya XİN-in məlumatında bildirilib ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin vəziyyəti və perspektivləri müzakirə olunub. Danışıqlardan sonra keçirilən brifinqdə E.Məmmədyarov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin dinc həlli üzrə Azərbaycan və Ermənistan tərəfləri arasında anlaşma olsa da, hələ irəliləyişə çox var. "Biz münaqişənin nizamlanması yolunda problemlər yaradan maneələri necə aradan qaldırmağı müzakirə etmişik" deyən nazir bildirib ki, intensiv formatda danışıqlar faydalı olardı və tərəflər onları davam etdirmək barədə razılığa gəlib. E.Məmmədyarov oktyabrın 15-nə qədər Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün keçiriləcəyini istisna etməyib. Nazir dövlət başçılarının görüşünün xarici işlər nazirləri arasındakı danışıqlardan asılı olduğunu bildirib. "Biz ümumi platforma tapdığımızı hiss etsək, mümkün olmayan heç nə yoxdur", - deyə o qeyd edib. E.Nalbandyan isə tərəflərin mövqelərini yaxınlaşdırmaq üçün danışıqların "Madrid təklifləri" əsasında davam etdirilməsi haqda razılıq əldə olunduğunu vurğulayıb. Onun sözlərinə görə, nazirlərin növbəti görüşü sentyabrın sonunda BMT Baş Assambleyasının sessiyası çərçivəsində Nyu-Yorkda baş tuta bilər. E.Nalbandyan danışıqları konstruktiv adlandırıb: "Biz mövqelərimizi yaxınlaşdırmaq üçün müzakirələri davam etdiririk. Tərəflər arasında başlıca məsələ anlaşmadır. O nə qədər çox olsa, o qədər yaxşıdır. Belə görüşlərin nə qədər vacib olduğunu bu gün hiss etdik. Baş Assambleyadan əvvəl də görüşümüz mümkündür". E.Məmmədyarov bildirib ki, Ermənistan - Azərbaycan münaqişəsi üzrə sülh danışıqlarının gündəliyində ərazi mübadiləsi məsələsi dayanmır. "Gündəlikdə ərazi mübadiləsinə dair məsələ yoxdur", - deyə E.Məmmədyarov qeyd edib. Nazir hesab edib ki, Ermənistan - Azərbaycan münaqişəsinin dinc nizamlanması üzrə danışıqlar prosesinin imitasiyası nə danışıqların iştirakçılarına, nə də münaqişənin həlli üzrə vasitəçilərə faydalıdır. "Danışıqlar prosesinin imitasiyası heç kəsi qane etmir - nə danışıq iştirakçılarını, nə də vasitəçiləri", - deyə o qeyd edib. Nazirin sözlərinə görə, münaqişənin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqlar prosesini tezliklə "ölü nöqtədən tərpətmək"ə çalışırlar. E.Nalbandyan bildirib ki, danışıqlar imitasiya olsaydı, o zaman tərəflər həm prezidentlər, həm də xarici işlər nazirləri səviyyəsində görüşmək imkanı axtarmazdı. Nazir vurğulayıb ki, belə görüşlərə zərurət var və əlavə edib ki, problemi Ermənistan və Azərbaycan həll etməlidir. "Düşünürəm ki, hər iki tərəfdən siyasi iradə olarsa, problem həll edilə bilər", - deyə E.Nalbandyan bildirib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi üzrə Ermənistan - Azərbaycan danışıqları vasitəçilərin Madriddə təqdim etdiyi təkliflərə əsaslanmır və tərəflərin çoxillik səylərinin nəticəsidir. "Madrid təklifləri"ndən söhbət getmir. "Madrid təklifləri" olsaydı, biz bu gün görüşməzdik", - deyə o qeyd edib. Onun sözlərinə görə, danışıqlar masasında ATƏT-in Minsk Qrupu həmsədrlərinin 2007-ci ilin noyabrında tərəflərə təqdim etdiyi təkliflər dayanır və Ermənistan və Azərbaycan prezidentləri iyunda Sankt-Peterburqda XİN rəhbərlərinə bu təkliflər çərçivəsində müzakirələri davam etdirməyi tapşırıblar. "Bu təkliflər isə tərəflərin mövqelərini yaxınlaşdırmaq üçün həmsədrlərin yardımı ilə edilən uzun və çoxillik səylərin nəticəsidir və biz onların üzərində işləyirik", - deyə o qeyd edib. E.Məmmədyarovun sözlərinə görə, "Madrid təklifləri" dedikdə tərəflərin hələ bir neçə il əvvəl Praqada vasitəçilərin köməyi ilə işlədiyi kompleks məsələlər nəzərdə tutulur. "Praqa prosesi nəticəsində biz qərarın mərhələli şəkildə qəbul edilməli olduğu barədə razılığa gəlmişik. Və məhz mərhələlilik bu gün barəsində söhbət aparılan danışıqların mövzusunu təşkil edir", - deyə o bildirib. ATƏT-in Minsk Qrupunun həmsədrləri hesab edirlər ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair XİN başçıları arasında keçirilən danışıqlar konstruktiv olub. "Biz irəli gedir və əlimizdən gələn hər bir şeyi edirik. Hələ ki bunun nə dərəcədə irəliləyiş olub-olmadığını demək olmaz. Lakin danışıqlar konstruktiv keçir və bu çox vacib irəliləyişdir", - deyə ABŞ-dan olan həmsədr Metyu Brayza dünən brifinqdə çıxışı zamanı bildirib. "Mən yalnız xarici işlər nazirlərinin sözlərini təkrarlaya bilərəm. Onlar bildiriblər ki, görüş konstruktiv xarakter daşıyıb və bizdə - həmsədrlərdə belə təəssürat var ki, hər iki nazir görüşün nəticələrindən razı qalıb", - deyə rusiyalı həmsədr Yuri Merzlyakov bildirib. Onun sözlərinə görə, mətbuatın Minsk Qrupuna münasibəti birmənalı deyil. "Bizim qeyri-fəallığımız barədə danışmağa dəyməz, bu, son üç ay ərzində nazirlərin üçüncü görüşüdür və artıq prezidentlərin görüşü, bizim regiona səfərimiz baş tutub. Daha fəal olmaq olmaz", - deyə o qeyd edib. "Düşünürəm ki, kəmiyyət keyfiyyətə çevriləcək. Bu baş verəcək. Lakin ən çətini müvəqqəti proqnozlar verməkdir və biz bunu etməyəcəyik", - deyə Merzlyakov vurğulayıb. Bernar Fasye isə qeyd edib ki, nazirlərin Minsk Qrupunun Madriddə təqdim etdiyi ötənilki təkliflər əsasında müzakirələr aparması aktiv işin real olduğunu nümayiş etdirir. M.Brayza deyib ki, əhval-ruhiyyə konstruktivdir və bu o deməkdir ki, tərəflər sülhə yaxınlaşır. "Tərəflər bunun üçün siyasi iradə göstərərlərsə, güzəşt mümkündür. Ölkələrin nazir və prezidentləri bir-birinə qarşı normal münasibət bəsləyirlər və danışıqlar davam edəcək", - deyə o əlavə edib. Yeri gəlmişkən, rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan və Ermənistan xarici işlər nazirləri E.Məmmədyarov və E.Nalbandyan arasında keçirilmiş görüşdə Ermənistan tərəfinin konstruktiv mövqe tutmasını gözləsə də, müstəqil politoloqlar danışıqlarda hər hansı irəliləyişin əldə olunmayacağını bildiriblər. "Münaqişənin həlli Ermənistanın konstruktiv mövqe tutmasından və beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməsindən asılıdır", - deyə XİN mətbuat katibi Xəzər İbrahim "Trend"ə bildirib. O qeyd edib ki, Azərbaycan Ermənistanın sözdə deyil, atdığı addımlarda konstruktiv mövqe tutmasını gözləyir. Lakin politoloq Vəfa Quluzadə bu danışıqları "adi" hesab edir: "Bu danışıqlar münaqişənin həllində ciddi irəliləyişlərə səbəb olmayacaq", - deyə o vurğulayıb. Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi dünən Azərbaycana səfərinin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib ki, AB Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan və Ermənistan arasında danışıqların davam etdirilməsini müsbət qiymətləndirir və bunu dəstəkləyir. "Bir müddət fasilə yaranandan sonra danışıqların davam etdirilməsinə sevinirik", - deyə o bidirib. Xüsusi nümayəndə qeyd edib ki, Avropa Birliyi ATƏT-in Minsk Qrupunun fəaliyyətini dəstəkləyir. Semnebi bildirib ki, tərəflər danışıqların davam etdirilməsi və müəyyən addımların atılmasına imkan verən razılıq əldə etməyə çalışır: "Ola bilsin ki, bu razılıq münaqişəni bütövlükdə həll etməsin, amma irəliyə addım atmağa imkan versin". Rusiya mətbuatı isə Moskva görüşünü şərh edərkən Qərbin Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aparılan danışıqlarda Azərbaycana güzəştə getməsi üçün Ermənistana təzyiqlər etdiyini yazıb. Eyni zamanda, "Nezavisimaya qazeta" yazır ki, əgər Serj Sərkisyan hakimiyyəti Qarabağ məsələsində kiçik bir güzəştə getsə, onda on minlərlə müxalifətçinin cəmləşdiyi Levon Ter-Petrosyan hərəkatı onu ciddi şəkildə ittiham edə bilər... ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar