SON XƏBƏRLƏR

Avropa Birliyi balans axtarır

2021.10.20, 07:36
Avropa Birliyi balans axtarır

Gunaz.tv
Avropa Birliyi balans axtarır Enerji maraqları ilə demokratiya arasında "Qarşıdakı seçkilər Avropa Birliyinin Azərbaycanla gələcək münasibətlərində əsas faktor olacaq". Bunu Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi dünən Bakıda bəyan etdi. Brüssel oktyabr seçkilərinə ona görə əhəmiyyət verəcək ki, bu, Avropa Qonşuluq Siyasətinin Azərbaycanla bağlı Fəaliyyət Planının qəbul edilməsindən sonra ilk səsvermədir. Bununla belə, Semnebi vurğulayıb ki, AB Bakı ilə "uzunmüddətli sabitliyə" əsaslanan münasibətlərdə maraqlıdır. Bunun üçün balans lazımdır: "Bir tərəfdən münasibətlər energetika və kommersiya maraqlarına əsaslanmalıdır, digər tərəfdən - demokratik dəyərlərə söykənməlidir". Bununla belə, Semnebi deyib ki, demokratiya sahəsində "çox iş görülməlidir". Onun fikrincə, Azərbaycan növbəti seçkilərdə beynəlxalq inamı qazanmaq üçün bir sıra addımlar atmalıdır: namizədlərin KİV-ə geniş çıxışı təmin edilməli, sərbəst toplaşmaq azadlığına zəmanət verilməli, yerli müşahidəçilik şərtləri sadələşdirilməli və sair. Bakıda müzakirə olunan daha bir məsələ insan hüquqları problemidir: "Biz ümid edirik ki, dialoq nəticəsində konkret məsələlər üzrə nəticələr əldə etmək olar", - Semnebi vurğulayıb. Bir məsələ də maraqlıdır ki, AB nümayəndəsi Bakıda siyasətçilərlə yanaşı, enerji qurumlarının rəsmiləri ilə görüşmək istəyir. Semnebi bunu belə izah etdi ki, Brüssel enerji sahəsində əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir. Bu arada, "Ekspress"ə bəlli olub ki, Semnebi dünən Azərbaycan XİN-dəki danışıqlarında Dağlıq Qarabağa səfərinin indiyədək baş tutmaması ilə bağlı narahatlığını ifadə edib. Xeyli vaxtdır ki, Brüssel protokol qaydada bu barədə Bakını məlumatlandırsa da, səfərin gerçəkləşməsi, xüsusilə də onun marşrutu barədə Azərbaycan tərəfi ilə razılıq əldə etmək mümkün olmayıb. Xüsusi nümayəndə səfərinə "keçmiş təcrübədən çıxış edərək", razılıq verilməsini istəyir. Belə ki, Semnebinin sələfi, AB-ın Cənubi Qafqaz üzrə ilk xüsusi nümayəndəsi Heykki Talvitiye əvvəllər Qarabağda olub. Təhlükəsizlik problemi səbəbindən AB öz yetkilisinin Qarabağa İrəvandan gəlməsini təklif edir. Eyni zamanda, təhlükəsizlik zəmanəti və bu yöndə konkret vəd verilməsi şərti ilə Azərbaycan tərəfinin alternativ marşrut təklif etmək hüququnu öz öhdəsinə buraxır. Ə.Raufoğlu express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar