Hamını dəhşətə gətirən faktlar.Qubadakı kütləvi məzarlığı sakit seyr etmək mümkün deyil
2021.10.20, 07:36
Hamını dəhşətə gətirən faktlar Qubadakı kütləvi məzarlığı sakit seyr etmək mümkün deyil Quba deyəndə yada daha çox Azərbaycanın dilbər güşələrindən biri, turizm məskəni düşür. Amma keçən il rayon ərazisində aşkarlanan kütləvi məzarlıq Qubanı başqa aspektlərdən də diqqətə gətirdi. Bu məzarlığı gözlə görmək və sakit seyr etmək çox çətindir. Sanki minlərlə inləyən sümük sənə baxır və kömək diləyir. Artıq sübut olunub ki, Qubadakı kütləvi məzarlıqda aşkarlanan cəsəd qalıqları 1918-ci il mayın 1-dən 10-na qədər erməni cəza dəstələri tərəfindən öldürülən azərbaycanlılara məxsusdur. Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, Qubada aşkar edilən kütləvi məzarlıqda arxeoloyi qazıntılar aparan elmi ekspedisiyanın rəhbəri Qəhrəman Ağayev deyir ki, cəsədlərin həmin illərdə öldürülmüş azərbaycanlılara məxsus olduğunu bir neçə fakt təsdiqləyir. Birincisi, elmi araşdırmalar zamanı sümüklərin yaşının 90 ildən artıq olmadığı müəyyənləşdirilib. Q.Ağayevin sözlərinə görə, qədim sümüklərdə sementləşmə getməlidir. Qubada tapılan sümüklər isə hələ də nəmliyini qoruyur. İkincisi, həmin illərin canlı şahidləri keçən əsrin əvvəlində kütləvi şəkildə qırılan azərbaycanlıların həmin ərazidə basdırıldığını xatırlayırlar. Üçüncüsü, məzarlığın yerləşdiyi ərazi keçən əsrin əvvəllərində "Pristav bağı" olub. Yəni həmin ərazi ruslara məxsus olub. Yerli əhali həmin bağa heç yaxınlaşa bilməyib. Hətta sovet hakimiyyəti illərində də bu bağa giriş yasaq olub. Yalnız keçən əsrin 60-cı illərindən əhali indi məzarlığın yerləşdiyi əraziyə girə bilib. Bu faktın özü göstərir ki, ermənilərin havadarı rolunda çıxış edən ruslar Qubada indi aşkarlanan ərazidə azərbaycanlıların kütləvi şəkildə basdırıldığını bilib. Ona görə də uzun müddət həmin əraziyə heç kim buraxılmayıb. Dinc sakinlər məzarlığı Kütləvi məzarlıqda dəfn olunanların hamısı dinc sakinlər olub. Q.Əliyev deyir ki, bunu konkret faktlar da sübut edir. Məsələn, indiyədək araşdırılan cəsədlərin əksəriyyəti uşaqlar, qocalar və qadınlara məxsus olub. Həmin hadisələrin şahidi olan yerli əhalinin verdiyi məlumata görə, Hamazaspın cəza dəstələri heç bir müqavimət gücü olmayan qadınları, uşaqları və qocaları soyundurub, indi kütləvi məzarlığın yerləşdiyi ərazinin yaxınlığındakı hamama doldurublar. Sonra isə onları buxarla boğublar. Ermənilər hamamda boğmadıqları yerli sakinlərə kütləvi məzarlığın yerləşdiyi ərazidə iki quyu qazdırıblar. Hamamdakı cəsədlərin hamısı həmin quyulara doldurulub və üstü örtülüb. Sonra quyuları qazan azərbaycanlılar da min bir əziyyətlə qətlə yetiriliblər. Onların cəsədləri isə ərazidə axan iki arxa doldurulub və üstləri bağlanılıb. Aparılan elmi araşdırmalar bu versiyanı tamamilə təsdiqləyib. Məlum olub ki, quyulardan çıxan sümüklərlə arxlarda aşkarlanan sümüklər arasında fərq var. Yəni quyularda aşkarlanan sümüklərin əksəriyyəti yığılmış, büzüşmüş vəziyyətdə olub. Arxlardan aşkarlanan cəsədlərin üzərində isə çoxsaylı zorakılıq əlamətləri aşkarlanıb. Məsələn, kəllələrin əksəriyyətində mismar deşikləri müəyyənləşdirilib. Bəzi kəllələrin üstündə isə yarıya qədər batmış, hətta əyilmiş mismarlar aşkarlanıb. Aşkarlanan cəsədlərin birinin üzərində güllə aşkarlanmayıb. İnsanlar əsasən 4 əlamətə görə öldürülüb. Birinci qrup başın sağ tərəfindən vurulmuş balta zərbəsi ilə qətlə yetirilib. İkinci qrup xəncərlə başa vurulan iki zərbə ilə öldürülüb. İkinci zərbədə baş bədəndən ayrılıb. Üçüncü qrup insanlar başlarına vurulan mismarlarla öldürülüblər. Mismarla insanların gicgah və beyin hissəsindən vurublar. Bundan əlavə, kəllələrin üzərində küt alətlə vurulmuş zərbələrin nişanələri də var. Araşdırmalar zamanı məzarlıqda bir dənə də olsun etnoqrafik məmulat - bəzək əşyaları, paltar tapılmayıb. Şəhid sümükləri itlərə yem olub Qeyd edək ki, məzarlıq 2007-ci il aprelin 1-də açılıb. Ərazidə təsadüfən torpaq işləri aparılarkən insan sümükləri aşkarlanıb. Əvvəlcə aşkarlanan sümüklərin bir hissəsi çayda axıdılıb. Hətta bir müddət ərazi sahibsiz itlərin sevimli oylağı olub. İtlər ərazidən onlarla sümük aparıb. Amma keçən il ərazidən çıxan sümüklərin sayının çoxalmasını görən yaxınlıqdakı kafenin sahibi Rayon İcra Hakimiyyətinə müraciət edib. İcra Hakimiyyəti isə Milli Elmlər Akademiyasına müraciət ünvanlayıb. Aprelin 8-də akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi ekspedisiyası 4 gün ərzində ərazidə tədqiqat işi aparıb. Bu zaman müəyyən olunub ki, aşkarlanan məzarlıq keçən əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımının qalıqlarıdır. Qərara alınıb ki, ərazidə geniş arxeoloyi tədqiqatlar başlanılsın. Beləliklə, iyul ayının 13-dən ərazidə arxeoloyi tədqiqatlar başlayıb. Tədqiqat nəticəsində müəyyən olunub ki, məzarlıqdakı quyulardan birinin dərinliyi 4 metr 70 santimetr, diametri isə 5 metrdir. Amma quyunu bütöv şəkildə saxlamaq mümkün olmayıb. Ərazidə baş verən torpaq sürüşməsi quyunun bir hissəsini yuyub. Araşdırmalar zamanı kütləvi məzarlıqda ikinci quyu da aşkarlanıb. Həmin quyunun dərinliyi 2,5 metr olub. İndiyədək yalnız kütləvi məzarlıqdakı arxlarda aşkarlanan cəsədlər üzərində araşdırmalar aparılıb. Quyular isə hələ açılmayıb. Ətrafda qazıntı işləri davam etdirilir. Qazıntının ümumi sahəsi 500 kvadratmetrdir. Bugünədək 196 kəllə tapılıb. Aparılan araşdırmalar zamanı hələ bir dənə də bütöv skelet tapılmayıb. Alimlər bunu insanların əziyyətlə öldürülməsi ilə izah edirlər. Q.Ağayevin sözlərinə görə, ərazidəki cəsədlərin sayı aşkarlanan kəllələrin sayından xeyli çoxdur. Çünki cəsədlərin böyük əksəriyyətinin yığıldığı quyular hələ açılmayıb. Bundan əlavə, indiyədək aşkarlanan bir sıra kəllə elementləri siyahıya daxil edilməyib. Hazırda onların üzərində təhqiqat aparılır. Cəsədlərin etnik tərkibi də müəyyənləşdirilib Məzarlıqda aşkarlanan cəsədlərin etnik tərkibi də müəyyənləşdirilib. Məlum olub ki, quyularda basdırılanlar Qubada yaşayan bütün millətlərin nümayəndələrini təmsil edirlər. Q.Ağayev dedi ki, ermənilər kim olduğunu soruşmadan qarşılarına çıxanı öldürüblər. Onlar evlərə girərək bütün ailə üzvlərini qətlə yetiriblər. Hətta bir ailədən 14 nəfər öldürüblər. Ermənilər qırğına nəvədən başlayıb babada qurtarıblar. Faciəmizi yenə də dünyaya çatdıra bilmirik Məzarlığın aşkarlanmasından xeyli müddət keçsə də, bu vəhşiliyin dünya ictimaiyyətinə çatdırılması istiqamətində lazımi addımlar atılmayıb. Düzdür, Milli Elmlər Akademiyasının elmi ekspedisiyası məzarlığın işlənməsi üçün beynəlxalq eksperləri dəvət edib. Amma bugünədək məzarlıqda bir nəfər də olsun əcnəbi elm adamı tədqiqat aparmayıb. Yəni indiyədək özümüz deyib, özümüz eşidirik. İndiyədək törədilmiş soyqırımının əyani təsdiqini beynəlxalq ictimaiyyətin diqqətinə çatdıra bilməmişik. Ərazidə nə YUNESKO-nun, nə Avropa Şurasının, nə ATƏT-in, nə də digər beynəlxalq təşkilatların ekspertləri monitorinq aparmayıblar. Halbuki indiyədək məzarlığı ziyarət edən bütün xarici qonaqlar gördüklərindən dəhşətə gəldiklərini bildiriblər. Keçən il məzarlığı ziyarət edən türkiyəli alimlər ermənilərin vəhşiliyini sübut edən görüntüləri Türkiyə televiziyalarında nümayiş etdirəcəklərinə söz veriblər. Keçən ilin oktyabrında Yaxın Şərq Azərbaycanlıları Konqresi Qubada baş verən soyqırımının araşdırılması ilə bağlı İsrail alimlərinə müraciət edib. Konqresin prezidenti Aleks Şapiro Suliman deyib ki, 20-ci əsrin əvvəllərində Qubada erməni daşnaklarının qurbanına çevrilmiş yüzlərlə yəhudinin cəsədləri tapılıb. Konqres prezidenti bu istiqamətdə vacib addımlardan biri kimi bu məsələnin ictimailəşdirilməsi üçün beynəlxalq elmi-praktiki konfransın keçirilməsini təklif edib. Onun fikrincə, konfransa tarixçilər, arxeoloqlar, müxtəlif sahələrin ekspertləri və digər mütəxəssislər cəlb edilməlidir. O, Qubadakı məzarlığa baş çəkdikdən sonra bildirib ki, faktın araşdırılmasına uzun müddətdir yəhudilərin soyqırımını araşdıran Qüdsdəki Xolokost İnstitutunu da cəlb etmək olar. Bu ilin əvvəlində GUAM ölkələri Gənclər Gününün iştirakçıları da məzarlığa baş çəkdikdən sonra mühüm açıqlamalar vermişdilər. Nümayəndə heyətində təmsil olunan Moldovanın gənclər, idman və təhsil nazirinin müavini Valentin Krudu bildirmişdi ki, ermənilərin Azərbaycana qarşı törətdiyi soyqırımının acı nəticələri GUAM ölkələrinin gənclərini dəhşətə gətirib. Bu günlərdə spiker Oqtay Əsədovla birgə məzarlığı ziyarət edən Avropa Şurası Parlament Assambleyasının prezidenti Luis Mariya de Puç da Qubada gördüklərindən dəhşətə gəldiyini etiraf etmişdi. "Quba rayonu ərazisində aşkarlanan məzarlıqda tapılan insan qalıqları dəhşətli soyqırımının nəticəsidir" - deyə L.M.Puç vurğulayıb. O qeyd edib ki, baş vermiş soyqırımının kim tərəfindən törədildiyini bilmir. "Amma bu, dəhşətli soyqırımıdır və mən insanların vəhşicəsinə öldürüldüyünü öz gözlərimlə gördüm" - deyə AŞ PA prezidenti vurğulayıb. O əlavə edib ki, Qubada gördükləri ilə bağlı AŞ PA-da fəaliyyət göstərən xüsusi komissiyaya məlumat verəcək. Komissiyaya məsləhət görəcək ki, əraziyə baxış keçirsin. Milli Məclisin sədri Oqtay Əsədov da məzarlığın ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı aktının əyani təsdiqi olduğunu bildirib. O deyib ki, hər bir azərbaycanlının Qubadakı məzarlığa baş çəkməsi vacibdir. Amma bütün bunlara baxmayaraq, hələ də heç bir beynəlxalq təşkilat Qubadakı məzarlıqla bağlı adi bir qətnamə də qəbul etməyib. Hətta bu həqiqəti həmişə Azərbaycanın haqq mövqeyini müdafiə edən İslam Konfransı Təşkilatı səviyyəsində də müzakirəyə təqdim edə bilməmişik. Utanc gətirəcək məqam Başqa bir utanc gətirəcək məqam məzarlıqda tədqiqat işlərinin aparılması üçün lazımi miqdarda maliyyə vəsaitinin ayrılmamasıdır. Prezidentin Ehtiyat Fondundan arxeoloyi tədqiqatların aparılması üçün ayırdığı 1 milyon manat vəsait hələ də AMEA-ya çatmayıb. Hazırda araşdırmalar Arxeologiya və Etnoqrafiya İnstitutunun ezamiyyə xərcləri hesabına aparılır. Maliyyə imkanı olmadığından hazırda tədqiqat işləri çox zəif gedir. Hazırda kütləvi məzarlıqda cəmi 3 fəhlə işləyir. Onlar da bir neçə gündür işi dayandırıblar. Çünki fəhlələrin maaşları 40 gündür gecikdirilir. Ekspedisiyanın rəhbəri Q.Ağayev isə cəmi 172 manat əməkhaqqı alır. Araşdırmaların aparılması üçün lazım olan avadanlıqlar da yoxdur. Vətənpərvərlikdən dəm vuran çoxsaylı iş adamı da tədqiqatların sürətləndirilməsi üçün əllərini ciblərinə salmaqda xəsislik etməkdədirlər. İndiyədək yalnız Rusiyada yaşayan həmyerlimiz Məmməd Ağayev tədqiqatların aparılması üçün 1000 ABŞ dolları ayırıb. İlyarım müddət keçsə də, məzarlığın yalnız üstü örtülüb. Kütləvi məzarlığın yaxınlığında inşa olunan çoxsaylı villaların yalnız birinin yarı xərci ilə buradakı bütün problemləri həll etmək mümkündür. Amma indiyədək bu istiqamətdə heç bir addımın atılmaması ürək ağrıdır. Təəssüf ki, hələ də Qubadakı kütləvi məzarlıqdakı həqiqətləri özündə əks etdirən bir dənə də olsun internet saytı yoxdur. Kütləvi məzarlıqda Şüşə muzey Milli Elmlər Akademiyasının Elmi Şurası kütləvi məzarlıqda Şüşə muzeyinin yaradılması təklifi ilə çıxış edib. Təklifə əsasən, cəsədlər yığılan quyu şüşə ilə əhatələnəcək. Oval şəkilli güzgü quyunu həm profildən, həm də yuxarıdan görməyə imkan verəcək. Arxlarda aşkarlanmış cəsədlər isə akvarium formasına salınacaq. Əraziyə memarlar cəlb olunacaq və tikinti işləri aparılacaq. Eyni zamanda, muzeyin qarşısında böyük bir lövhə olacaq. Orada məzarlığın aşkarlanma tarixi, arxeoloyi qazıntıların nəticələri, tarixi həqiqətlər və yerli camaatın fikirləri xüsusi lövhədə yerləşdiriləcək və bir neçə dildə yazılacaq. Yerli İcra Hakimiyyəti ilə aparılan müzakirələrdən sonra qərara alınıb ki, məzarlığın yuxarı hissəsində böyük bir soyqırımı abidəsi qoyulsun. Nəzərdə tutulur ki, abidə Qubanın ən hündür yerində olsun və rayonun hər yerindən görünsün. Xatırladaq ki, indiyədək Azərbaycanın digər bölgələrində də kütləvi məzarlıqlar aşkarlanıb. Belə məzarlıqlardan biri Neftçala rayonunda, digəri isə Hacıqabul ərazisində yerləşir. Bu məzarlıqlar da hələ tam araşdırılmayıb. Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini Nəcəf Museyibli hesab edir ki, aşkar edilən bütün kütləvi məzarlıqlar mühafizə olunmalı, yaxınlıqdakı bütün tikinti işləri dayandırılmalıdır. Aşkarlanan sümüklər tibbi ekspertiza edilməlidir. Aşkarlanan ərazilərdə kriminalistlər, güc strukturlarının təmsilçiləri, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələrindən ibarət xüsusi dövlət komissiyası işləməlidir. Ərazidə yaradılacaq muzey kompleksinə xarici ölkələrin diplomatları, turistlər cəlb olunmalıdır. Erməni vəhşiliyi faktlarda Mütəxəssislərin fikrincə, Qubadakı məzarlıq 1918-ci ilin yazında erməni daşnak dəstələri tərəfindən törədilən qırğınların yalnız birinin izləridir. Bu cür məzarlıqların gələcəkdə də üzə çıxarılması mümkündür. Çünki 1918-ci ilin mart-aprel aylarında ermənilər Azərbaycanda dəhşətli qırğınlar törədiblər. Stepan Şaumyanın tərtib etdiyi plan əsasında ermənilər həmin vaxt Bakı, Şamaxı, Göyçay, Qusar, Muğan, Lənkəran, Qarabağ və digər zonalarda 50 mindən artıq azərbaycanlını xüsusi qəddarlıqla qətlə yetiriblər. Onların vəhşi hücumları nəticəsində Şamaxıda 58, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 221 azərbaycanlı kəndi yerlə-yeksan olunmuşdu. Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının materiallarında göstərilir ki, ölkədəki hakimiyyətsizlikdən istifadə edən ermənilər sovet ordusunun 3-cü briqadasının komandiri Hamazaspın başılığı ilə heç bir müqavimətə rast gəlmədən Qubaya daxil olub. Onlar şəhəri 4 hissəyə bölüb öz qərargahlarını yaradıblar. 4 top, 8 pulemyotla və digər silahlarla təpədən-dırnağa silahlanmış ermənilər Qubadakı əliyalın əhalinin üzərinə hücuma keçiblər. Təcavüzün elə birinci günü əksəriyyəti qadınlardan, uşaqlardan və qocalardan ibarət 713 nəfər ağır işgəncə ilə qətlə yetirilir. İkinci gün öldürülənlərin sayı 1012 nəfərə çatıb. Gözlərini qan örtmüş ermənilər zorla evlərə soxulub günahsız sakinləri qılıncla doğrayır, südəmər körpələri süngünün ucuna keçirib havada oynadıblar. Onlar bıçaqla hamilə qadınların qarınlarını yarır, qollarına zəncir vurduqları kişiləri öldürülmüş uşaqlarının qanını içməyə məcbur ediblər. Quba rayonu ərazisində ümumilikdə 122 kənd və 26 məscid yerlə-yeksan edilib, 3 min dinc sakin qətlə yetirilib. Qəddar Hamazasp sonralar Fransanın "Humanite" qəzetinə verdiyi müsahibəsində özünü erməni xalqının qəhrəmanı və maraqlarının müdafiəçisi adlandıraraq Qubaya millətinin qanını almağa getdiyini etiraf edib. "Mənə tapşırılmışdı ki, Xəzər dənizinin sahillərindən Şahdağınadək ərazidə yaşayan bütün müsəlmanları məhv edim" - deyə erməni qulduru utanmadan vurğulayırdı. Ziyalılarımız nə deyir? Milli Məclisin sədri Oqtay Əsədov hesab edir ki, Qubada aşkarlanan məzarlıqların araşdırılması üçün xaricdən antropoloqlar dəvət edilməlidir. AŞ PA prezidenti Luis Mariya de Puçla birlikdə məzarlığa baxış keçirdiklərini bildirən spiker gördüyü mənzərədən dəhşətə gəldiyini bildirib. Onun sözlərinə görə, məzarlıqla tanış olan AŞ PA prezidenti də çox təəssüflənib və pis duruma düşüb. O.Əsədovun sözlərinə görə, indiyədək məzarlıq yalnız yerli mütəxəssislər tərəfindən öyrənilib. Halbuki məzarlığın keçən əsrin əvvəlində baş vermiş dəhşətli bir soyqırımının qalıqları olduğunu təsdiqləmək üçün beynəlxalq antropoloqların araşdırmalarına ehtiyac var. Milli Məclis sədrinin fikrincə, heç bir halda məzarlığın araşdırılmasını yerli mütəxəssislərin işi ilə məhdudlaşdırmaq olmaz. Beynəlxalq ekspertlərin cəlb edildiyi qrup məzarlığı tam öyrənməli və araşdırmalıdır. Bundan sonra faktlar dünya miqyasına çıxarılmalıdır. "Biz bu acı həqiqətləri bütün dünyaya çatdırmalıyıq" - deyə spiker vurğulayıb. O qeyd edib ki, Azərbaycandakı bütün xarici ölkə səfirlərinin Qubadakı məzarlıqla tanış olmasına imkan yaradılmalıdır. Elə edilməlidir ki, səfirlər bu səfərdən imtina edə bilməsinlər. Spiker Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudovdan xahiş edib ki, bu istiqamətdə lazımi tədbirlər görülsün. Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Əli Əhmədov hesab edir ki, məzarlığın araşdırılması ilə məşğul olan komissiyaya beynəlxalq ekspertlər cəlb olunmalıdır. Bu yolla bütün dünyanın hörmətlə yanaşacağı sənəd hazırlanmalıdır. Müvafiq dövlət strukturları beynəlxalq təşkilatlara və xarici ölkələrin parlamentlərinə məzarlıq barədə komissiyanın yekun məlumatlarını çatdırmalıdır. YAP icra katibi hesab edir ki, Azərbaycan bu yolla "erməni soyqırımı"nın qondarma olduğunu və bu soyqırımını qəbul etmiş ölkələrin tarixi saxtalaşdırdıqlarını sübuta yetirə bilər. "Bu, azərbaycanlıların və türklərin hüquqlarının bütün dünyada müdafiə edilməsi üçün lazımdır" - deyə Ə.Əhmədov vurğulayır. Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev də hesab edir ki, Qubada tapılmış kütləvi məzarlıq Azərbaycan tarixinin yeni bir səhifəsinin açılması üçün böyük əsasdır. Onun sözlərinə görə, əvvəlcə arxeoloyi qazıntılar başa çatdırılmalı, rəqəmlər dəqiqləşdirilməlidir. Bundan sonra həqiqətlər dünya ictimaiyyətinə çatdırılmalıdır. Nazir hesab edir ki, Azərbaycan ələ keçirdiyi bu faktdan Ermənistanla gələcək münasibətlərində istifadə etməlidir. İlham QULİYEV Bakı-Quba-Bakı P.S. Bu məqalə "Tərəfsiz yurnalistlər" İctimai Birliyinin Milli Məclisin mətbuat xidməti ilə birgə keçirdiyi müsabiqəyə təqdim olunur. kaspi