SON XƏBƏRLƏR

Güc mərkəzləri və Dağlıq Qarabağ münaqişəsi.Elşən Nəsibov

2021.10.20, 07:36
Güc mərkəzləri və Dağlıq Qarabağ münaqişəsi.Elşən Nəsibov

Gunaz.tv
Güc mərkəzləri və Dağlıq Qarabağ münaqişəsi Böyük dövlətlərin Azərbaycanda strateji maraqlarının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə təsir edən mənfi tərəfləri III yazı Avropa İttifaqının Azərbaycandakı maraqlarının Ermənistan-Azərbaycan münaqişəsinə mənfi təsirlərini aşağıdakı şəkildə izah etmək olar: 1. Avropa İttifaqının regional "güc mərkəzləri" olan dövlətləri -Fransa, Böyük Britaniya və Almaniya hal-hazırda Cənubi Qafqazda maraqları olan dövlətlərdir. Həmin dövlətlərin regiondakı maraqları əsasən iqtisadi sahələri əhatə edir. Fransa və Böyük Britaniyanın şirkətləri Azərbaycanın neft sənayesi sahəsində mühüm layihələrdə iştirak edirlər. Ona görə də Azərbaycanda ictimai-siyasi sabitliyin mövcudluğu həmin dövlətlərin maraqlarının təminatı üçün əsas şərtdir. Regionda ictimai-siyasi sabitliyə mənfi təsir göstərən Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi, müharibənin başlama ehtimalı həmin dövlətlərin Azərbaycandakı maraqlarına təhlükə ola bilər. Lakin həmin dövlətlər hesab edirlər ki, Azərbaycanda ictimai-siyasi sabitliyi qorumaq məqsədilə sadəcə olaraq müharibənin başlanmaması lazımdır. Dövlətlər müharibənin əleyhinədirlər. İqtisadi maraqların təminatına gəldikdə isə Fransa, Böyük Britaniya və Almaniya hesab edir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi neft sahəsindən uzaqda yerləşmişdir. Həmin dövlətlərin isə neft və digər sahələrdəki maraqları onsuz da təmin olunur. Enerji layihələrinə coğrafi baxımdan Dağlıq Qarabağ maneçilik törətmir. Ona görə də Azərbaycanda yalnız öz iqtisadi maraqlarını güdən Fransa, Almaniya və Böyük Britaniya üçün Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli bir o qədər də əhəmiyyət kəsb etmir; 2. Qeyd edilən dövlətlərin şirkətləri nəzarətsiz qalmış Dağlıq Qarabağda böyük güzəştlərlə işlər görərək müəyyən mənfəətlər əldə edirlər. Bu baxımdan da Dağlıq Qarabağda qanuni rejimin qurulması həmin dövlətləri bir o qədər də maraqlandırmır. Ermənistana konstruktiv mövqe nümayiş etdirmək üçün təzyiq göstərməyi lazım bilmirlər; 3. Həmin dövlətlər hesab edirlər ki, Avropanın Rusiyadan yan keçməklə enerji tələbatının müəyyən hissəsini ödəyəcək "Transxəzər" və "NABUCCO" layihələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən keçməyəcək və bu münaqişənin mövcudluğu həmin layihələrin reallaşmasına mane olmayacaqdır. Bu baxımdan da münaqişənin həll edilməsi sadalanan dövlətlərin bir o qədər də diqqətini cəlb etmir; 4. Dağlıq Qarabağ münaqişəsinin həlli zamanı Azərbaycanın bölgədə çox sürətlə güclənəcəyini və xarici siyasətinin daha da müstəqilləşəcəyini və nəticədə Azərbaycanın xarici siyasət kursunda dəyişikliklərin ediləcəyini, Şərq dövlətlərinə və Rusiyaya daha çox yaxınlaşmaq ehtimalını bilərək Qərbi Avropa dövlətləri münaqişənin həllində maraqlı deyillər. Hesab edirlər ki, münaqişənin mövcudluğu və Azərbaycanın Qərbi Avropaya ümid bəsləməsi Azərbaycanın bu dövlətlərdən qismən asılılığı üçün əsas şərtdir. Ona görə də münaqişənin həll edilməməsi Qərbi Avropa dövlətlərinə Azərbaycanda maraqlarının təminatı baxımından sərf edir; 5. Qərbi Avropa dövlətləri Rusiyanın Cənubi Qafqazda maraqlarının daha güclü olmasını nəzərə alaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə görə Rusiyaya təsir etmək istəmirlər və Rusiya ilə münasibətlərin korlanmasını qəbul etmirlər. Ona görə də münaqişənin ədalətli həlli bu dövlətləri maraqlandırmır; 6. Ola bilər ki, Cənubi Qafqazda Avropanın güc mərkəzlərinin Rusiya ilə hərbi-siyasi sahədə rəqabət aparmaq imkanları çatmır və münaqişənin həllində Ermənistana təzyiq edə bilmirlər. Həmin səbəbdən də münaqişənin həllinə ciddi əhəmiyyət vermirlər. İranın maraqları və Dağlıq Qarabağ münaqişəsi İranın Cənubi Qafqazda, xüsusilə Azərbaycanda tarixən strateji maraqları mövcud olmuşdur və hal-hazırda da həmin maraqların təmini uğrunda siyasət davam etməkdədir. Məhz, İran və Rusiya "Gülüstan" və "Türkmənçay" müqavilələri ilə böyük Azərbaycanı iki hissəyə bölmüşlər. Azərbaycanın iki hissəyə bölünməsində əsas səbəblərdən biri kimi həm də rusların və farsların türklərə qarşı tarixi düşmənçilik münasibətləri mühüm rol oynamışdır. Hal-hazırda İran Azərbaycana qarşı münasibətdə, xüsusilə Dağlıq Qarabağ münaqişəsində ikili siyasət yeritməkdədir. İran Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alır. Azərbaycanın əleyhinə olaraq Ermənistanla sıx əlaqələr yaradır. İran hətta Dağlıq Qarabağ bölgəsində Azərbaycanın əleyhinə olaraq iqtisadi layihələr də həyata keçirir. İranın Dağlıq Qarabağ münaqişəsindəki maraqlarını aşağıdakı şəkildə qeyd etmək olar: 1. İranın, Tehran şəhəri də daxil olmaqla, şimal-qərb bölgələrində kompakt şəkildə yaşayan 30 milyondan çox azərbaycanlının müstəqillik tələb etməsindən və münaqişənin ədalətli həll edilməsindən sonra Azərbaycan dövlətinin daha da güclənərək cənubda yaşayanlara müstəqillik mübarizələrində ciddi kömək verəcəyindən ehtiyatlanaraq İran dövləti Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə tərəfdar deyil; 2. Azərbaycanın Qərbə inteqrasiyası, ABŞ şirkətlərinin Azərbaycanın neft layihələrində geniş iştirakı İranı narahat edir və bu baxımdan İran Azərbaycanın Qərb siyasətinin əleyhinə olaraq Dağlıq Qarabağ münaqişəsini dolayısı ilə dəstəkləyir və bu üsulla Azərbaycanı ABŞ-la münasibətlərdən çəkindirmək istəyir; 3. ABŞ-ın Azərbaycandakı maraqlarını İran özünün dövlətçiliyi üçün təhlükə hesab edir. İran dövləti ABŞ-ın Azərbaycan ərazisindən istifadə etməklə gələcəkdə bu dövlətə hərbi zərbələr endirə biləcəyindən ehtiyatlanır. Bu nöqteyi-nəzərdən İranın fars rejimi Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində maraqlı deyil və Azərbaycanda ictimai-siyasi sabitliyin pozulmasını istəyir. Azərbaycanda ictimai-siyasi sabitliyin pozulması ABŞ-ın, Avropa dövlətlərinin, İsrail və Türkiyənin maraqlarına ciddi zərbə ola bilər; 4. İranın Azərbaycanın neft sənayesində geniş iştirak etməməsi, ABŞ-ın siyasəti ilə neft və qaz kəmərlərindən kənarda qalması Azərbaycana qarşı münasibətini dəyişmişdir. Xəzər neftinin İranın iştirakı olmadan beynəlxalq bazarlara çıxarılması və dünya bazarlarında Fars körfəzi regionundan asılılığı qismən azaltması İranı narahat edir. Bu baxımından da Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu və Xəzərin enerji siyasətinin tam reallaşmasına Azərbaycanda gələcəkdə ictimai-siyasi sabitliyin pozulmasının mane ola biləcəyi ehtimalını nəzərə alaraq İran Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi siyasətini yeridir; 5. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə olaraq ədalətli həlli gələcəkdə Azərbaycan dövlətinin daha da güclənməsinə səbəb ola bilər. İran ərazisində yaşayan azərbaycanlıların müstəqillik əldə etməsi və şimalla birləşməsi nəticəsində regionda ikinci bir böyük türk dövlətinin yaranması ehtimalı İrandakı fars rejimini narahat edir. Qeyd edilən səbəbdən də İran Azərbaycanın güclənməsinin əleyhinə olaraq Dağlıq Qarabağ münaqişəsini dolayısı yolla dəstəkləmək siyasəti yeridir. Türkiyənin Dağlıq Qarabağ münaqişəsində maraqları Cənubi Qafqazda, xüsusilə Azərbaycanda maraqları olan Rusiya, İran, ABŞ və Qərbi Avropa dövlətlərindən fərqli olaraq Türkiyə Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə, beynəlxalq hüquq normalarına müvafiq həllinin tərəfdarıdır və öz regional siyasətini həmin istiqamətdə qurur. Türkiyə istər ikitərəfli münasibətlərdə, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində daima Azərbaycanın ədalətli mövqeyini müdafiə edir. Ermənistana konstruktiv mövqe tutmaq üçün siyasi təzyiqlər göstərir, bu dövlətlə rəsmi münasibətlər qurmur və Ermənistanın işğalçılıq siyasətini beynəlxalq faş edir. Ymumiyyətlə, Türkiyə Dağlıq Qarabağ münaqişəsində digər güc mərkəzlərinə nisbətən daima birtərəfli, düzgün siyasi mövqe nümayiş etdirir. Türkiyənin Azərbaycanda strateji maraqları Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərir. Lakin Türkiyə münaqşənin həllində vasitəçi rolu oynamadığından, kənarda qalmaq məcburiyyətindədir. Türkiyənin Azərbaycanda strateji maraqlarının təmin edilməsinin Dağlıq Qarabağ münaqişəsinə təsir edən müsbət tərəflərini aşağıdakı şəkildə göstərmək olar: 1.Azərbaycanla Türkiyə arasındakı tarixi dostluq və strateji tərəfdaşlıq münasibətləri Azərbaycan dövlətinin regionda siyasi mövqeyinin möhkəmlənməsinə səbəb olur; 2. Azərbaycanın NATO-ya inteqrasiyasına Türkiyə ilə münasibətləri müsbət təsir edir. İki dövlət arasında hərbi sahədəki əlaqələr Azərbaycan ordusunun güclənməsinə xidmət edir ki, bu da gələcəkdə Dağlıq Qarabağın işğaldan azad olunması uğrunda başlaya biləcək müharibədə Azərbaycan ordusunun qələbəsinə ümid verir; 3. Türkiyənin Azərbaycanın enerji sektorunda və digər iqtisadi sahələrdəki strateji maraqlarının təmin edilməsi bu dövlətin Azərbaycana olan siyasi diqqətini artırır; 4. Türkiyənin ABŞ və Qərbi Avropa ilə hərbi-siyasi əməlkdaşlığı və NATO-da iştirakı Rusiya və İranın Azərbaycana təzyqilərini neytrallaşdırır. Bu amil Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiya və İranın birtərəfli siyasətinin dərinləşməsinin qabağını alır; 5. ABŞ-ın xüsusi maraq kəsb etdiyi Azərbaycanın enerji layihələrinin Türkiyə ərazisindən keçməsi və bu layihələrin reallaşmasında Türkiyəyə arxalanması Türkiyənin regiondakı nüfuzunu artırır və bu amil Ermənistanın regionda təkrar olaraq işğalçılıq siyasətinin qabağını kəsir; 6. Türkiyənin Ermənistanla rəsmi əlaqələrinin qurulmaması, əlaqələrin qurulmasında Türkiyənin Ermənistan önündə Azərbaycan torpaqlarının işğalından çəkinməsi şərtini qoyması Ermənistanın Dağlıq Qarabağ münaqişəsinə dair mövcud qeyri-ədalətli mövqeyini dəyişməsinə kömək edə bilər; 7. Cənubi Qafqazın mühüm iqtisadi layihələrindən Ermənistanın kənarlaşdırılmasında Azərbaycanla Türkiyənin vahid siyasəti Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən əl çəkməsinə müsbət təsir edə bilər. Qeyd edilənlərlə yanaşı Türkiyənin Azərbaycandakı strateji maraqlarının təmin edilməsi Dağlıq Qarabağ münaqişəsinə öz mənfi təsirlərini də göstərir. 1. Nəzərə almaq lazımdır ki, Qafqaz və Qara dəniz bölgəsi Rusiya və Türkiyə arasında tarixi müharibələr məskəni olmuşdur. Hal-hazırda da hər iki dövlətin regionda ciddi strateji maraqları formalaşmışdır. Bu maraqların təminatı ilə əlaqədar həyata keçirilən xarici siyasət arasında toqquşmalar mövcuddur. Türkiyənin Azərbaycandakı maraqlarını Rusiya öz dövlətçiliyi üçün təhlükə hesab edir. Rusiya ərazisində türkdilli qurumlar mövcuddur. Həmin qurumların Türkiyəyə inteqrasiyasını Rusiya qəbul etmir. Ona görə də Türkiyənin təsirlərini azaltmaq məqsədilə Rusiya Cənubi Qafqazda Türkiyəyə qarşı güclənmək məcburiyyətindədir. Azərbaycan Rusiyadakı türkdilli qurumların Türkiyəyə inteqrasiyasında əlverişli geosiyasi mövqeyə malikdir. Rusiya Azərbaycanın Türkiyə ilə sıx münasibətlərindən ehtiyatlanaraq Azərbaycana təzyiq vasitəsi olaraq Dağlıq Qarabağ münaqişəsini dəstəkləyir; 2. Türkiyənin Azərbaycanda iqtisadi maraqlarının artmasından ehtiyatlanan Rusiya bölgədə iqtisadi bazarı itirməmək məqsədilə Azərbaycanın Türkiyə ilə yaxınlaşmasına çox da imkan verməmək üçün Dağlıq Qarabağ münaqişəsindən Azərbaycana təzyiq vasitəsi kimi istifadə edir; 3. Rusiya və İran Türkiyənin Azərbaycanda və Gürcüstanda hərbi-siyasi maraqlarının təmin olunmasına NATO-nun region maraqları kimi baxır. Bu səbəbdən də Rusiya və İran Azərbaycanın NATO-ya inteqrasiyasının qabağını kəsmək məqəsədilə Dağlıq Qarabağ münaqişəsində Ermənistanı müdafiə edirlər; 4. Türkiyənin türk dünyası siyasəti İranın dövlətçiliyi üçün təhlükə olduğundan, Türkiyənin region maraqlarının əleyhinə olaraq İran Ermənistanı müdafiə edir. Sadalanan fikirlərdən belə bir nəticə çıxır ki, Türkiyənin Azərbaycandakı strateji maraqlarının təmin edilməsi uğrunda həyata keçirdiyi siyasət Dağlıq Qarabağ münaqişəsinin həllinə həm müsbət, həm də mənfi təsir edir. Mənfi təsirlərə baxmayaraq Türkiyə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllıni özünün Azərbaycanda və bütövlükdə Cənubi Qafqazdakı strateji maraqlarının yüksək səviyyədə təmin edilməsi üçün mühüm şərt hesab edir və bu istiqamətdə pozitiv siyasət həyata keçirir. Azərbaycan dövlətinə isə Türkiyənin Dağlıq Qarabağla bağlı mövqeyi və beynəlxalq siyasəti sərf edir. (əvvəli ötən şənbə saylarında) Elşən Nəsibov politoloq express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar