SON XƏBƏRLƏR

Mənuçehr Mottakinin işdən çıxarılması etiraza səbəb olub

2021.10.20, 07:36
Mənuçehr Mottakinin işdən çıxarılması etiraza səbəb olub

Gunaz.tv

GünAzTv: Dekabrın 13-də Seneqalda səfərdə ola-ola İranın xarici işlər naziri Mənuçehr Mottakinin vəzifəsindən azad edilməsi bir sıra İran deputatının təəccübünə və etirazına səbəb olub.

GünAzTv mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə, İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədri Əlaəddin Brucerdi həmin gün jurnalistlərə açıqlamasında Mottakinin istefaya göndərilməsindən xəbərsiz olduğunu bildirib: “Məgər cənab Mottaki hazırda xaricdə səfərdə deyil? Yəni ezamiyyətdə olduğu halda onun vəzifədən azad edilməsi barədə sərəncam verilib?”

Sözügedən komissiya sədrinin müavini İsmayıl Kövsəri isə jurnalistlərə deyib ki, Mottakinin işdən azad olunması məsələsi bu qurumda araşdırılacaq: “Əlbəttə, mən cənab Mottakinin tutduğu vəzifədən azad olunması üçün əl atılan üsulu qəbul etmirəm. Axı tutduğu vəzifədən azad olunması ilə bağlı sərəncam cənab Mottaki Seneqalda ezamiyyətdə olduğu vaxtda qəbul edilib”.

İran parlamentinin xarici əlaqələr komitəsinin üzvü Heşmətullah Fəlahətpişə isə jurnalistlərə açıqlamasında Mottakinin işdən çıxarılması ilə bağlı istifadə edilən metodun diplomatik prinsiplərə zidd olduğunu vurğulayıb: “Öz ölkəsinin rəsmi nümayəndəsi kimi xaricdə səfərdə olan bir şəxsi bu tərzdə istefaya göndərmək beynəlxalq diplomatik prinsiplərə ziddir. Beynəlxalq diplomatiyada belə bir davranış tərzi qəbulolunmazdır”.

İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad Manuçehr Mottakini dekabrın 13-də istefaya göndərib. Həmin vaxt Mottaki Əmədinejadın mesajını Seneqal prezidentinə çatdırmaq üçün səfərdə olub.

Əhmədinejadın sərəncamı ilə xarici işlər naziri vəzifəsinə İran Atom Enerjisi Təşkilatının rəisi Əli Əkbər Salehi təyin edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar