SON XƏBƏRLƏR

Ermənistan prezidenti: Bakı güc işlətsə Qarabağı tanıyacağıq

2021.10.20, 07:36
Ermənistan prezidenti: Bakı güc işlətsə Qarabağı tanıyacağıq

Gunaz.tv

GünAzTv: Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının zirvə görüşü dünən Kremldə keçib və Ermənistan prezidenti öz bəyanatını məhz bu görüşün açıq hissəsində səsləndirib.

Serj Sarkisyanın təbirincə, əgər Azərbaycan növbəti hərbi avantyuraya getsə Ermənistanın Dağlıq Qarabağı de-yure tanımaqdan başqa yolu qalmayacaq. Serj Sarkisyana görə, Ermənistan həmçinin bölgə əhalisinin təhlükəsizliyini əlində olan bütün vasitələrlə qoruyacaq.

Xatırladaq ki, rəsmi Bakıya görə, Ermənistan Dağlıq Qarabağı işğal edib və Azərbaycanın bu torpaqları o cümlədən hərb yoluyla azad etməsinə bütün hüquqları var.

Rusiyalı şərhçilərə görə, Ermənistanın separatçı Dağlıq Qarabağı de-yure tanıyacağı haqda bəyanatları əvvələr də səslənib. Düzdür, bu dəfə belə bəyanatın Kremldə bir neçə prezidentin, o cümlədən münaqişənin həllində aparıcı vasitəçilərdən olan Rusiya prezidenti Dmitri Medvedevin gözü qarşısında edilməsini bir sıra müşahidəçilər bir qədər qeyri adi sayırlar. Moskvalı şərhçi Aleksey Vlasov da bu məqamı dilə gətirir, eyni zamanda, ekspertə görə, bəyanatın əvvəlcədən Rusiya rəhbərliyiylə uzlaşdırılmasını iddia etmək mümkün deyil:

"İnanmıram ki, Sarkisyan belə şeyləri bir ekspromt kimi səsləndirə bilsin. Rusiya rəhbərliyi işlə bağlı məlumatlandırılmasaydı belə əhəmiyyətə malik bəyanatların səsləndirilməsi çox sərt görünərdi. Ancaq məlumatlandırılmaqla uzlaşdırılmaq arasında fərq var. Kremlin şərhləri olmadan burada mövqelərin məhz uzlaşdırılması haqda bir şey söyləmək mümkün deyil", deyir cənab Vlasov.

Başqa ekspert Aleksandr Krılova görə, belə bəyanat bir elə uğurlu olmayan Astana sammitindən sonra baş verir və Yerevan sanki öz mövqeyini bir daha vurğulamağa cəhd edir:

"Bütün bunlar ATƏT-in Astanadakı sammitindən sonra edilir. Burada Qarabağ nizamlanmasıyla bağlı böyük ümidlər var idi, ancaq növbəti dəfə bu ümidlər doğrulmadı. İndi, görünür, Ermənistan rəhbərliyi hesab edir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatınının iclasında mümkün tanınmayla bağlı bəyanatı bir daha səsləndirmək lazımdır. Amma təşkilatın mövqeyi məlumdur və mən hesab etmirəm ki, bu bəyanat təşkilatın mövqeyini prinsipial dəyişsin", deyir Aleksandr Krılov.

Şərhçiyə görə, təşkilatın qaratiyaları ancaq Ermənistanın tanınmış ərazilərinə şamil edilir, bununla belə təşkilat rəhbərliyi bildirir ki, o bölgədə hərbi münaqişənin başlanmasına qarşıdır.

Aleksey Vlasov bugünkü bəyanatın daxili Ermənistan səbəblərə malik olmasını mümkün sayır:

"Sarkisyanın iki variantı var idi, ya hansısa bəyanatlar olmadan Qarabağı tanımaq, ya da hər şeyi necə var elə də saxlamaq, bununla da manevr imkanlarını əlində saxlamaq. Hazırda müşahidə etdiyimiz üçüncü variant seçilib. Ermənistanda prezident administrasiyası və Xarici İşlər Nazirliyinin son günlərdəki informasiya fəallığı nəzərə alınaraq respublikanın özündə nəyin isə baş verdiyi haqda qənaətə gəlməyə imkan verir. Ola bilər Qarabağ mövzusu hansısa daxili siyasi proseslərin katalizatoru kimi çıxış edir. Bu proseslər çox ciddi ola bilər və yerli siyasi landşaftı əhəmiyyətli dəyişə bilər. Bunu aydınlaşdırmaq lazımdır", deyir Aleksey Vlasov. BBC

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar