SON XƏBƏRLƏR

Natiq Miri: Ermənistanla sıx əməkdaşlıq Tehranın təməl siyasətidir

2021.10.20, 07:36
Natiq Miri: Ermənistanla sıx əməkdaşlıq Tehranın təməl siyasətidir

Gunaz.tv

GünAzTv: Rusiyada nəşr olunan “Nezavisimaya qazeta”nın hərbi əlavəsinin İranın Cənubi Qafqaza dair siyasəti və Qarabağ münaqişəsindəki roluna təhlilində İranın Ermənistanla əlaqələri haqda da yazılıb.

Bu iki ölkənin münasibətlərinin kifayət qədər uğurla inkişaf etdiyini yazan mətbu orqan bildirir ki, 2008-ci ilin sonlarından başlayaraq, İran Ermənistan üçün alternativ qaz təchizatçısına çevrilib və bu ölkəyə ildə 2.6 milyard kubmetr qazın nəqlinə imkan verən kəmər istifadəyə verilib.

Təhlildə deyilir ki, Ermənistanda siyasi və iqtisadi mövqelərini gücləndirmək istəyən İran dəfələrlə ona müxtəlif tipli silahlar təklif edib, bura minomyotlar, reaktiv artilleriya sistemləri, müxtəlif tipli sursat və digər hərbi ləvazimatlar daxildir. Azərbaycanla Ermənistanın müharibə şəraitində olduğu bir vaxtda iki qonşu dövlətin - Rusiya və İranın düşmən ölkə üçün arxa olması kifayət qədər həssas məsələdir. Rusiyanın bu məsələdə mövqeyini haradasa anlamaq olar, Kreml öz forpostu vasitəsi ilə bölgədə mövqelərini qorumağa çalışır və bu məqsədlə Ermənistana dəstək verir. Bu baxımdan Rusiyanı Ermənistanın arxasından çəkmək olduqca çətin görünür. Maraqlıdır, İranı Ermənistanın arxasından çəkmək mümkündürmü?  Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri bildirdi ki, Tehranın İrəvanla isti münasibətlərinin olması danılmazdır və bunu onların özləri də təkzib etmirlər: “Bu, İranın regionda geosiyasi və geoiqtisadi maraqları ilə bağlıdır. Ermənistan qonşu Türkiyənin regionda güclənməsinin qarşısını almaqda İran üçün geosiyasi faktor rolunu oynayır. Bu amil Azərbaycan üçün də keçərlidir. İran Dağlıq Qarabağ problemindən həmişə Azərbaycana qarşı təzyiq mexanizmi olaraq istifadə edib və etməkdə davam edir, türk etnosunun regionda güclənməsini istəmir və buna bacardıqca müxtəlif vasitələrlə əngəl olmağa çalışır. Vasitələrdən biri də Ermənistandır. Bu, İran dövlətinin təməl siyasətidir. İranla Ermənistanı yaxınlaşdıran əsas faktorlardan biri də ”Hind-Avropa" nəzəriyyəsidir. İran öz siyasətində daim güc amilinə üstünlük verib. Bu gün nüvə proqramını işə salmaqla da İran regionda və dünyada söz sahibinə çevriləcəyi inancındadır. Ona görə də Azərbaycanın İrana yönəlik siyasətində xeyli müsbət elementlərin olmasına baxmayaraq, onların bizə olan münasibəti mahiyyətcə dəyişməyəcək. Çünki bu, bir strategiyadır.  Konkret situasiyalarda İranın Azərbaycana qarşı fəaliyyətini neytrallaşdırmaqdan söhbət gedə bilər. Bu da konkret siyasi bazarlıq nəticəsində mümkün ola bilər. Azərbaycanın ABŞ-ın İranı vurmasında plasdarm rolundan imtina etməsi, beynəlxalq sanksiyalara baxmayaraq, iqtisadi-ticari əlaqələrin davam etdirilməsi, Xəzərin ekvatoriyasının təhlükəsizliyi ilə bağlı sənədin ortalığa çıxması və bu kimi İranın maraqlarına xidmət edən məsələlər bizə qarşı münasibətin müsbət yöndə dəyişməsinə xidmət edir". Bununla belə, Natiq Miri müharibə başlayacağı təqdirdə İranın yenidən Ermənistanın arxa cəbhəsinə çevrilməsini indiki şəraitdə real görmür: “Əvvəla, İran regiondakı mürəkkəb və qeyri-müəyyən geosiyasi şəraitlə bağlı hər hansı bir münaqişənin əleyhinədir. Çünki region bir barıt çəlləyini xatırladır və İran hər hansı bir qığılcımın böyük yanğına çevrilə biləcəyinin fərqindədir. Digər tərəfdən, Ermənistana olacaq dəstəyi gizlətmək mümkün olmayacaq ki, bunun da fəsadları Azərbaycan və Türkiyə ilə münasibətlərdə kəskin surətdə özünü göstərəcək. Bu isə indiki məqamda hər tərəfdən sıxışdırılmış İrana qətiyyən lazım deyil. Ona görə də Ermənistanın bu yöndə istəkləri arzu olaraq qalacaq və daha çox özünə güvənməli olacaq. Bu isə Azərbaycanın Mübariz kimi oğullarının qarşısında yetərli deyil”. Yeni musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar