SON XƏBƏRLƏR

ƏRDOĞAN HÖKUMƏTİNİN GİZLİ PLANI

2021.10.20, 07:36
ƏRDOĞAN HÖKUMƏTİNİN GİZLİ PLANI

Gunaz.tv
ƏRDOĞAN HÖKUMƏTİNİN GİZLİ PLANI “Zaman” qəzetinin yazdığına görə, AKP Ermənistanla sərhədləri açmaq planına yenidən qayıdacaq Türkiyədə baş nazir Rəcəb Tayyib Ərdoğanın Ermənistanla sərhədlərin Qarabağ münaqişəsi həll olunmadan açılmayacağı haqda verdiyi son qəti bəyanata baxmayaraq, bu yöndə yeni xəbərlər yayılır. Özü də Ermənistanla sərhədlərin açılacağı haqda xəbərləri yayanlar bu dəfə də AKP iqtidarına bağlı “Fətullahçı media”dır. Belə KİV-lərdən biri, “Zaman” qəzeti dünənki sayında yazıb ki, Türkiyə hökuməti Ermənistanla sərhədlərin açılmasını Azərbaycanın sərt etirazları nəticəsində hazırda təxirə salsa da, bu məsələyə yaxın aylarda yenidən qayıdacaq. Qəzetin əldə etdiyi məlumata görə, Ermənistanla aparılan danışıqlar nəticəsində xeyli ölçüdə razılaşdırılmış sənəddə Qarabağ münaqişəsinin həllinə dair məsələ yer alacaq. Ancaq anlaşmada münaqişənin həll olunması üçün son müddət və ya möhlət göstərilməyəcək: “Ankaraya görə, Qarabağ münaqişəsinin həlli ən yaxşı halda 10-15 il çəkəcək. Bu baxımdan Ermənistanla anlaşmada müddət qoyulması Türkiyənin manevr imkanlarını daraldar. Ankara Ermənistanla sərhədlərin açılması halında təkrar qapadılması ehtimalını çox zəif hesab edir. Ancaq sərhəd bağlanmasa belə erməni tərəfi Qarabağ münaqişəsinin həllini ləngidən fəaliyyətlər göstərsə o zaman sərt viza rejimi tətbiq oluna bilər. Belə ki, sərhədlər açıq olsa da, sərt qaydalar tətbiq etməklə onu faktiki bağlı duruma gətirmək mümkündür”. Qəzetin yazdığına görə, Ərdoğanın son bəyanatı Azərbaycan tərəfini bir qədər rahatladıb. Lakin “Zaman” Ərdoğanın son bəyanatının diqqətlə oxunmasını məsləhət görür: baş nazir Qarabağda sülh əldə edilməyincə Ermənistanla Türkiyə arasında yekun anlaşma əldə olunmayacağını, ancaq ön çalışma və hazırlıq işləri aparıla biləcəyini deyib: “Məlumatlara görə, sərhədlərin açılması məsələsi bu ilin sonunda və ya gələn il gündəmə gələ bilər. Türk və erməni diplomatları iki ölkə arasındakı problemlərin həlli üçün müzakirələri davam etdirərkən sərhədlərin açılması ilə bağlı hər cür variant nəzərdən keçirilir. Ankara çalışır ki, bu məsələdə mərhələli və Qarabağ münaqişəsi ilə bağlı proseslərə bağlı addım atacağına dair mesaj versin. Bu baxımdan sərhədin həftədə bir dəfə açılması variantlardan biridir”. Türkiyə parlamentinin Avropa İttifaqı ilə müzakirələr üzrə komissiyasının sədri, Ərdoğanın müşaviri Yaşar Yakış isə “Akşam” qəzetinə müsahibəsində deyib ki, Ermənistanla sərhədlərin açılması böyük paketin bir hissəsidir: “Bu paketin içində mütləq Dağlıq Qarabağ münaqişəsinin həlli də var”. Onun sözlərinə görə, Ermənistanla sərhədlərin açılması ABŞ prezidenti Barak Obamanın Türkiyəyə səfəri ilə başlayan proses deyil. 2007-ci ildən bu yana yüksək rütbəli diplomatlar tərəfindən Ermənistanla ictimaiyyətdən gizli tutulan danışıqlar aparılıb: “Bu məsələ ermənilərlə bir neçə gün əvvəl keçirilən növbəti belə toplantıda da gündəm gəlib”. Yakış deyib ki, Ermənistanla sərhədlərin açılmasının Türkiyənin Aİ-yə üzvlük danışıqlarına da birbaşa təsiri ola bilməz. Onun bildirdiyinə görə, Ermənistanla danışıqlar Aİ-yə üzvlük barədə aparılan rəsmi danışıqlarda gündəmə gəlməyib. Türkiyə mediası yazır ki, Ermənistanla münasibətlərin Qarabağ münaqişəsi həll edilmədən normallaşması məsələsi ilk dəfə Abdullah Gülün baş nazir olduğu 2003-cü ildə gündəmə gəlib. Həmin il Gülün başçılıq etdiyi kabinetin xarici işlər naziri olan Yaşar Yakış jurnalistlərə açıqlamasında Ermənistanla münasibətlərin Qarabağ münaqişəsi həll edilmədən qurula biləcəyini deyərək Azərbaycanda narahatlıq yaradıb. Bundan cəmi bir həftə sonra Bakıda AKP başqanı qismində səfərdə olan Ərdoğan isə bəyan edib ki, Türkiyə heç vaxt Azərbaycanı tək qoymayacaq: “Biz qardaşıq, qardaş qardaşı tərk etməz”-deyə Ərdoğan 6 il əvvəl Bakıda bildirib. İndi isə Ərdoğanın sərhədlərin açılmayacağı haqda son bəyanatından cəmi iki gün sonra prezident Abdulla Gül İraqın “Əl Hurra” telekanalına müsahibəsində deyib ki, Türkiyə ilə Ermənistan arasında ikitərəfli problemlərin həllinə dair danışıqlar anlaşma şəraitində davam edir: “Çünki bütün bu problemləri həll etməyin vaxtı çatıb. Qafqaz regionunda münaqişələrin həll olunacağı dönəm başlayıb”. Gül Ermənistanla münasibətlərin Qarabağ münaqişəsi həll olunmadan qurulub qurulmayacağı məsələsinə isə aydınlıq gətirməyib. Bu baxımdan mətbuatda belə fikirlər yer alır ki, Gül Ermənistan məsələsində təşəbbüsü ələ alaraq vaxtilə öz siyasətini Yaşar Yakış vasitəsilə açıqlayıb, indi isə Ərdoğanı ABŞ-ın təzyiqləri, Türkiyə və Azərbaycan ictimaiyyətinin etirazları ilə üzbəüz qoyub. Ona görə də Ermənistanla münasibətlər məsələsinin Ərdoğana qarşı qurulmuş tələ ola biləcəyi deyilir. F.MƏMMƏDOV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar