SON XƏBƏRLƏR

“Ayrılıq” şairinin həsrətləri: Şərifə Cəfərinin Fərhad İbrahimi haqqında xatirələri

2026.10.24, 23:31
“Ayrılıq” şairinin həsrətləri: Şərifə Cəfərinin Fərhad İbrahimi haqqında xatirələri

Gunaz.tv

Güney Azərbaycanlı şair və mədəniyyət fəalı Şərifə Cəfəri bu yazısında Türkiyənin Talas şəhərində keçirilən Türk Dünyası Şair və Yazıçılar Görüşündə iştirakından bəhs edir. O, “Ayrılıq” mahnısının müəllifi Fərhad İbrahimi və Valeh təxəllüsü ilə tanınan Mahmud Dəstpişi haqqında şəxsi xatirələrini bölüşərək iki azərbaycanlı şairin həyat hekayələrinə və həsrətlərinə nəzər salır. Müəllifin fikrincə, bu sənətkarların adları və əsərləri layiq olduqları səviyyədə tanıdılmayıb:

AYRILIQ ŞAİRİNİN HƏSRƏTLƏRİ

Oktyabrın 15-dən 17-dək Türkiyənin Kayseri şəhərinin Talas rayonunda Talas Bələdiyyəsi tərəfindən böyük bir tədbir təşkil olunmuşdu. Bu tədbir, əlbəttə ki, Türk Edebiyyatı Vəqfinin və xüsusilə onun dəyərli rəhbəri Serhat Kabaklının təşəbbüsü və istəyi ilə həyata keçirilmişdi. Tədbirdə 33 ölkədən şairlər və ədəbiyyat adamları bir araya gələrək Türk dünyasının şeirini və ədəbiyyatını böyük qürurla təqdim etdilər.
Bu üç günlük tədbir hər kəsin yaddaşında qalacaq gözəl xatirələr buraxdı. Türk Dünyası konserti, tanışlıq yeməyi və şeir oxuma günləri bir-birindən gözəl keçdi.
Mən və Əli Çağla da Güney Azərbaycandan olan şairlər kimi bu mərasimdə iştirak edirdik. Ədəbiyyat mühitində həmişə hiss etdiyimiz səmimiyyət burada daha dərin dostluq və qardaşlıq duyğularına qarışmışdı. Qazax və ya qırğız şairinin dediklərini tam anlamasaq da, içimizdəki qardaşlıq və səmimiyyət hissi bizi bir-birimizə illərdir tanış olan insanlar kimi yaxınlaşdırırdı.
Azərbaycan Respublikasından gələn soydaşlarımızla da xüsusi görüş və tanışlıq anları yaşadıq. Onlar bizi daha ürəkdən bağırlarına basır, yanımızda olmağa çalışırdılar. Bir müddət əvvəl Bakıda bizi qarşılayan, bizə ev sahibliyi edən və Türk dünyası qadın şairlərinin rəhbəri olan Xuraman Muradova ilə, eləcə də tanınmış alim və şair Sabir Rüstəmxanlı ilə səmimi və gözəl anlar keçirmişdik.
Ancaq hər şey üst-üstə gəlsə də, ürəyimi göynədən, içimdə bir boşluq hissi yaradan nəsə vardı.
O zaman ki,məşhur  «Bil oğlum» mahnısını canlı-canlı, qürurla dinləyib duyğulanırdıq, ustad „Serhat Kabaklı“ da bu mühitdə qürurla oturmuş, alqış səslərini eşidirdi.
Mənim isə ağlımdan və ürəyimdən Ərdəbilin Körabbazlı kəndindən olan şair“ Ferhad İbrahimi „keçirdi.
Proqramın hər iki günündə «Ayrılıq» mahnısını səsləndirdilər və iştirakçılar da ifaya qoşulurdular. Sənətkarların səsi zalı doldururdu.
Az qalırdım ayağa qalxıb hamıdan soruşam:
Siz «Ayrılıq» mahnısının müəllifini tanıyırsınızmı? Onun hekayəsi nədir? Harada yaşadığını, nə zaman dünyasını dəyişdiyini bilirsinizmi?
Telefonumu açıb onun şəklini göstərmək istəyirdim ki, bəlkə arxadakı böyük ekranda da nümayiş etdirilsin və insanlar onun kim olduğunu bilsinlər.
Əslində, «Ayrılıq» əbədiləşmiş bir mahnıdır. Ancaq şairin dilindən duyduğum həsrət, İran coğrafiyasında türk alimlərinin varlığını gizlətmək və ya onları ön plana çıxarmamaq siyasətinin gerçəyi və nəticəsi olaraq, „Ferhadın“ varlığı və həyat hekayəsi də öz həyatı kimi kölgədə qalmışdır.
„Valeh“ təxəllüsü ilə tanınan „Mahmud Dəstpişin“ «Sizə salam gətirmişəm» mahnısının müəllifi kimi söylədiyi bir söz isə heç vaxt yadımdan çıxmır:
«Qızım, biz çox bədbəxt və məzlum qaldıq. Mən indi iki başı qızıl çəliyə bənzəyirəm. Bu tərəfə dönəndə vətənə xain, o tərəfə dönəndə pantürk oluram».
Ancaq qeyd etməliyəm ki, Ferhad İbrahimi və Mahmud Dəstpişi hər ikisi Ərdəbil bölgəsindən idilər və dost olmuşdular. Bir zamanlar radioda birlikdə çalışmışdılar. Hər ikisinin şeirlərinə Əli Səlimi irana etdiyi sefer zamanı bəstələmişdi.
«Ayrılıq» Fərhad İbrahimi (1935–9 fevral 2019)«Sizə salam gətirmişəm» isə Mahmud Dəstpişə Mahmud Dəstpişi (Valeh) (1934, Bakı – 1 avqust 2021)  aiddir.
Yazı çox uzun olmasın deyə, hələlik təfərrüatlara keçmirəm.
Ancaq Tehranda Pinar nəşriyyatının təsisçisi və müdiri kimi çalışdığım zaman hər iki şairlə  yaxından tanış olmaq, onların ürək sözlərini eşitmək imkanım yarandı. «Ayrılıq» kitabının nəşri zamanı Ferhad İbrahimi ilə daha yaxından tanış oldum və onunla birlikdə „Mahmud Dəstpiş“in qonağı olmuşdum.
Bu gün Türkiyədə oxunan həmin mahnının şairi Türkiyəni görmək həsrəti ilə dünyadan köçdü.
Bir gün ondan soruşmuşdum:
— Ustad, biz bilirik ki, İranda sizə sahib çıxan yoxdur. Nə televiziyalarda, nə də qəzetlərdə sizi tanıdırlar. Sanki sizi gizlətmək, tanıtmaq əvəzinə adınızı arxa plana keçirmək istəyirlər. Bəs niyə Türkiyəyə gedib televiziyalara çıxmırsınız?
O dedi:
— Qızım lap yarama əl qoydun , məni bir dəfə dəvət etmişdilər, ancaq ittilaat İdarəsi buna imkan vermədi. Bundan sonra qorxdum. Ailəm, uşaqlarım vardı. Onlara nəsə edə bilərdilər. Tehrandan çıxıb doğulduğum Körabbaz kəndinə qayıtdım. İllərlə çalışdım ki, oranı yenidən dirçəldim, inkişaf etdirim və yaşadım.
Hətta hər kəsin cəsarət etmədiyi bir vaxtda kəndin girişində türk dilində lövhə yerləşdirməyə də nail olmuşdu. Kəndin girişində «Körabbaz kəndinə xoş gəlmisiniz» yazılmış lövhə qoydurmuşdu. Kəndin keçmişini və bu gününü qorumaq üçün köhnə və yeni şəkillərini  mənə göstərdi ki necədə əziyyət çəkib kəndi başdan abad etmişdi. Tehranda radioda çalışdığı illərə aid, Əli Səlimi və onun həyat yoldaşı ilə birlikdə çəkdirdiyi şəkilləri də mənə əmanət etmişdi.
Bu xatirələri və həsrətləri anlamağımın səbəbi ilə Türkiyəni, Azərbaycanı və ya Türk dünyasını günahlandırmaq niyyətində deyiləm. Mənim məqsədim özümün tanıdığım, söhbətlərini dinlədiyim və həyatlarının bir hissəsinə şahid olduğum insanların həqiqətini və hekayəsini anlatmaqdır.
Əgər insan özünü tanıda bilmirsə, İran rejiminin tribunasından ona yer verilmir. Bu səbəbdən onun adı, dili və yaradıcılığı da kölgədə qalır.“ Hətta Rza Bərahni“ kimi fars dilinə və mədəniyyətinə xidmət etdiyi zaman iranlı,sevilən kimi tanıtdırılırdı ama , eyni zamanda türk kimliyini ortaya qoyduğu və ana dili haqını svunduğunda arxa plana keçirilməsinə çalışdılr.
Nə yazıq ki, gözümüzün qarşısında dayanan bütün bu həqiqətlərə baxmayaraq, hələ də bəzi insanların düşüncəsində belə bir fikir yaşayır: əgər hər şey fars dilinə və fars mədəniyyətinə aid deyilsə, həmin insan xain, separatçı və ya başqa bir adla damğalanmalı, onun səsi susdurulmalıdır.
Halbuki bu hekayədən çıxan həqiqətlərdən biri budur ki, dövlət himayəsindən məhrum olan xalqların dəyəri çox vaxt bilinmir. Uyğurlar, bizlər və digər özlərindən olan devlətsizlik çəkən türk xalqları, eləcə də Rusiyada yaşayan başqırdlar və tatarlar müxtəlif çətinliklərlə üzləşirlər. Onların dil və mədəniyyət hüquqları hər yerdə eyni səviyyədə qorunmur. Hətta bu yaxınlarda öyrəndim ki, Rusiyada yaşayan bəzi türk xalqlarının sosial mediada instagram , facebook yoxdur və sərbəst fəaliyyət göstərmək hüquqları da məhdudlaşdırılır.
Talasda «Ayrılıq» mahnısını dinləyərkən  mahnı məni Tehrana, Pinar nəşriyyatına, Ferhad İbrahimiyə və Mahmud Dəstpişiyə aparırdı. Onların sözləri, xatirələri və həsrətləri yenidən ürəyimdə canlanırdı.
Bu gözəl tədbirin təşkilində əməyi olan Talas Bələdiyyəsinə, Türk Edebiyyatı Vəqfinə, xüsusilə dəyərli rəhbər Serhat Kabaklıya, eləcə də tədbirin hazırlanmasında və keçirilməsində zəhmət çəkən bütün təşkilatçılara və əməyi keçən hər kəsə ürəkdən təşəkkür edirəm. Belə görüşlərin Türk dünyasının ədəbiyyatını, şairlərini və ortaq xatirələrini yaşatmasını arzulayıram.

Şərifə Cəfəri
24 oktiabr 2026
Berlin

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar