SON XƏBƏRLƏR

Vəfa Quluzadə: “Sizə qarantiya verə bilərəm ki, İlham Əliyev də Heydər Əliyev kimi bu məsələlərdə möhkəm dayanacaq”

2021.10.20, 07:36
Vəfa Quluzadə: “Sizə qarantiya verə bilərəm ki, İlham Əliyev də Heydər Əliyev kimi bu məsələlərdə möhkəm dayanacaq”

Gunaz.tv
AZƏRBAYCAN RUSİYAYA DOĞRU? Vəfa Quluzadə: “Sizə qarantiya verə bilərəm ki, İlham Əliyev də Heydər Əliyev kimi bu məsələlərdə möhkəm dayanacaq” Leyla Əliyeva: “İlham Əliyevin bu səfəri Qərbə və Türkiyəyə siqnaldır” Dövlət başçısı İlham Əliyevin Türkiyə səfərindən imtina edəndən az sonra Rusiya paytaxtına dəvət alması siyasi gündəmin əsas mövzularındandır. Bakı ilə Ankaranın münasibətlərində soyuqluğun yaranmasından Azərbaycan hakimiyyətindəki rusiyameylli qüvvələrin istifadə etmək niyyətində olduğu da səslənən gümanlar sırasındadır. Düzdür, əksər ekspertlər məsələyə həssas yanaşıb Moskva səfərini manevr xarakterli addım kimi də dəyərləndirir. Ancaq fərqli fikirdə olanlar da var. Bir müddət öncə Rusiyanın Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına dəvət etməsinin ardınca İ.Əliyevin Moskvaya işgüzar səfərə hazırlaşmasının şübhəli məqamları haqda da mülahizələr səslənir. Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə hesab edir ki, bu səfər Rusiya-Türkiyə razılaşması müstəvisində də həyata keçirilə bilər: “Türkiyə rəhbərliyi bəyan edirdi ki, Azərbaycan 5 rayonunun işğaldan azad edilməsini Rusiyadan xahiş edəcək. Bununla əlaqədar Türkiyə hökuməti Rusiya rəhbərliyinə müraciət ünvanlaya və İlham Əliyevi qəbul etməyi xahiş edə bilər. Amma məsələ burasındadır ki, 5 rayonun azad olunması hələ Heydər Əliyevin dövründə müzakirə mövzusu idi. O zaman torpaqlar ona görə azad olunmadı ki, Rusiya işğaldan azad olunacaq ərazilərə özünün ”sülhməramlı" qüvvələrini göndərmək, bununla da Azərbaycanı yenidən işğal etmək istəyirdi. Mən inanmıram ki, indi də Rusiyanın mövqeyi dəyişsin. Moskva heç vaxt imkan verməz ki, 5 rayon azad olunsun və Azərbaycan ordusu həmin ərazilərə daxil olsun. 1993-cü ildə, hələ Azərbaycan torpaqları yenicə işğal olunanda biz Moskvada Rusiya ilə danışıq aparırdıq. Onda erməni qoşunlarının hansı tarixdə hansı rayonı azad edəcəyi də müzakirə olunurdu. Lakin sonda bizi aldatdılar və bu razılaşmaların heç biri yerinə yetirilmədi. Ardınca dedilər ki, gəlin qoşunların çıxarılmasını ümumi müzakirə edək. İndi də ənənəvi siyasətin davam etdiriləcəyini düşünürəm". Prezidentlərin görüşü ərəfəsində erməni tərəfinin növbəti dəfə hədə bəyanatları ilə çıxış etməsinə gəldikdə, V.Quluzadə burada da rus barmağının olduğuna şübhə etmir: “Rusiya göstəriş verib ki, hər hansı razılaşmaya getməyin. Ancaq Rusiya ”sülhməramlıları" regiona gələrsə, təbii ki, Moskvanın diqtəsi ilə ermənilər razılığa gedər". Politoloqun fikrincə, Azərbaycan hakimiyyəti bütün bunları nəzərə almalı və ehtiyatlı olmalıdır: “Mən şübhə etmirəm ki, İlham Əliyev vəziyyəti çox gözəl bilir. Bir həftə öncə o, bəyanat verdi ki, torpaqlar azad olunsa, heç bir xarici qüvvənin Azərbaycan ərazisində yerləşdirilməsinə imkan verməyəcək. Bu bəyanatın özü müəyyən qüvvələrə ciddi mesaj idi”. V.Quluzadə hesab etmir ki, Rusiya səfəri rəsmi Bakının Moskvanın yanında yer almasına doğru bir addımdır: “Rusiya Azərbaycana imkan dairəsində çox yaxınlaşıb. Amma Azərbaycan öz müstəqilliyi bahasına heç vaxt Rusiyaya yaxın olmağa çalışmayacaq. Mən sizə bununla bağlı qarantiya verə bilərəm ki, İlham Əliyev də Heydər Əliyev kimi bu məsələlərdə möhkəm dayanacaq”. Politoloq Leyla Əliyevanın fikrincə, dövlət başçısının Rusiya səfəri geopolitik oyundur: “Burda qaz məsələsi əsas rol oynayır. Həm də bu, bizim hökumətimiz tərəfindən Avropaya və Türkiyəyə siqnaldır. Fakt budur ki, həm Avropa, həm də Türkiyə hakimiyyəti etibarlı partnyorluğunun əvəzinə Azərbaycanın milli maraqlarına zidd addımlar atmağa hazır idi. Azərbaycan risk altında enerji məsələsində Qərbpərəst mövqe qoysa da, Qərb Azərbaycanın milli maraqlarını nəzərə almır. Bu mənada ola bilər ki, İlham Əliyevin bu viziti Qərbə və Türkiyəyə siqnaldır”. L.Əliyeva istisna etmir ki, Rusiya da Azərbaycan-Türkiyə münasibətlərindəki soyuqlaşmadan yararlanmaq istəyir: “Moskvadan gələn dəvət məqamdan istifadə məqsədi daşıyır. Ancaq səfər zamanı hansısa ciddi nəticə olmayacaq. Rusiyanın mövqeyində hansısa radikal dəyişiklik gözləmirəm”. Elşad PAŞASOY musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar