SON XƏBƏRLƏR

TÜRKİYƏ DEPUTATLARI BU GÜN BAKIYA GƏLİR

2021.10.20, 07:36
TÜRKİYƏ DEPUTATLARI BU GÜN BAKIYA GƏLİR

Gunaz.tv
TÜRKİYƏ DEPUTATLARI BU GÜN BAKIYA GƏLİR AKP-dən olan parlamentarların isə Azərbaycana gəlməkdən imtina etdiyi xəbəri yayıldı Fəzail Ağamalı: “Konfransa Müsavat Partiyası da dəvət olunacaq” Azərbaycan-Türkiyə deputatlarının iştirakı ilə iki ölkə arasında münasibətlərin vəziyyətinə həsr olunan beynəlxalq konfrans aprelin 15-də Milli Məclisdə keçiriləcək. Bu barədə APA-ya “Türkiyə-Azərbaycan münasibətləri: perspektivlər və problemlər” adlı konfransın təşkilatçılarından olan deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bildirib. O, artıq sabahdan (bu gündən-E.P.) başlayaraq Türkiyə Böyük Millət Məclisində (TBMM) təmsil olunan Ədalət və İnkişaf Partiyası (AKP), Milliyyətçi Hərəkat Partiyası (MHP) və Cümhuriyyət Xalq Partiyasının (CHP) deputatlarından ibarət nümayəndə heyətlərinin Bakıya gələcəklərini deyib. “Milliyyətçi Hərəkat Partiyasından üç, Cümhuriyyət Xalq Partiyasından isə dörd nəfərlik nümayəndə heyəti gələcək. Ədalət və İnkişaf Partiyasının nümayəndə heyətinə isə neçə nəfərin və kimlərin daxil olacağını hələlik bilmirik. Azərbaycana gələcək şəxslər arasında Atilla Kaya, Şükrü Ələkdağ, Yücel Artantaş, Şahin Mengü və digər şəxslər var”. F.Ağamalı Milli Məclisdə keçiriləcək toplantıya tədbirin təşkilatçısı olan beş partiya ilə yanaşı, parlamentdə təmsil olunan digər partiyaların, o cümlədən Yeni Azərbaycan və Müsavat partiyalarının da dəvət olunacağını deyib. Onun sözlərinə görə, konfransda iştirak edəcək türkiyəli həmkarlarının Milli Məclisin sədri Oqtay Əsədov və digər rəsmi şəxslərlə görüşləri də planlaşdırılır. Bu arada xəbər yayılıb ki, hakim Ədalət və İnkişaf Partiyasının təmsilçiləri konfransa qatılmaya bilər. Bunu Türkiyə Böyük Millət Məclisindəki Azərbaycan dostluq qrupunun AKP-li rəhbəri Mustafa Kabakçı “Media forum”a açıqlaması zamanı deyib. M.Kabakçı bildirib ki, AKP-nin Azərbaycanda və ya başqa hər hansı ölkədə öz ölkəsinin müxalifəti ilə mübahisəyə girişmək kimi bir ənənəsi yoxdur və olmayacaq: “Bizim əvvəlcədən Bakıda keçiriləcək toplantıya qatılmaq fikrimiz vardı. İndi də gündəmimizdə Bakıya səfər var. Amma indi məlum olur ki, bizim müxalifətdən olan bəzi dostlarımız dostluq qrupunda müzakirə etmədən, mövqe müəyyənləşdirmədən Bakıya yola düşüblər. Açıq-aydın ortada bir qarışıqlıq yaratma havası var. Biz bu prosesdə iştirak etməyəcəyik. Mən bu gün bizim Xarici İşlər Nazirliyi ilə danışdım, bir daha danışacam, sonra partiyamızın qrup toplantısında bir daha müzakirə edəcəyik, ondan sonra Bakıdakı tədbirə qatılıb-qatılmamaqla bağlı qərarımızı verəcəyik”. AKP-li millət vəkili Azərbaycan parlamentindəki tərəfdaşlarının dostluq qrupunun rəhbərinin Nizami Cəfərov olduğunu deyib: “Nizami bəydən belə bir dəvət almamışıq”. M.Kabakçı bir daha vurğulayıb ki, Türkiyənin Azərbaycan siyasətində heç bir dəyişiklik yoxdur: “Prezidentimiz də, baş nazirimiz də kifayət qədər açıq dillə söylədilər ki, Dağlıq Qarabağdakı işğal sona çatmadan Ermənistanla sərhədlər açılmayacaq. Bundan sonra yenə durub deyirlər ki, son sözünüz nədir? Bundan daha açıq şəkildə və daha yüksək səviyyədə söz necə deyilə bilər? Dəfələrlə demişəm ki, AKP-nin siyasətində dəyişiklik yoxdur. Bütün bunları biz deyirik, amma biriləri yenə də ortalığı qarışdırmağa, problem yaratmağa çalışırlar. Amma buna nail ola bilməyəcəklər. Azərbaycan bizim qardaşımızdır və onun problemi bizim problemimizdir”. MHP başqanının müavini, millət vəkili Atilla Kaya isə “Yeni Müsavat”a deyib ki, onlar sabah (bu gün) axşam Bakıya uçacaqlar. A.Kayanın sözlərinə görə, AKP-dən olan deputatların Azərbaycana gəlib-gəlməyəcəyi barədə onda məlumat yoxdur. Tədbirin digər təşkilatçısı Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Qəzənfəroğlu “Media forum”a bildirib ki, Azərbaycan tərəfdən konfransda Milli Məclisdə təmsil olunan bütün partiyalar iştirak edəcək. Müzakirələrin sonunda hər hansı birgə bəyanatın və sənədin qəbul olunması nəzərdə tutulmayıb. Müsavat deputat qrupunun üzvü Arzu Səmədbəyli qəzetimizə bildirdi ki, hələlik tədbirə dəvətli olub-olmadıqlarından xəbərsizdir: “Amma sabah (bu gün-red.) deputat qrupunun toplantısı keçiriləcək. Əgər konfransa dəvət olunacağıqsa, yəqin ki, qatılacağıq”. Qeyd edək ki, sözügedən konfransın keçirilməsi təşəbbüsü ilə parlamentdə təmsil olunan Ana Vətən, Vətəndaş Həmrəyliyi, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş və Ədalət partiyalarının rəhbərləri çıxış edib. Onlar Ermənistanla Türkiyə arasında yaxınlaşmadan narahat olduqlarını, bu məsələlərə aydınlıq gətirilməsini istədiklərini bildiriblər. Günün sonunda F.Ağamalı AKP-li deputatların Bakıya gəlməyəcəyini bildirib. Elşad PAŞASOY

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar