SON XƏBƏRLƏR

TAİLANDDA VƏTƏNDAŞ MÜHARİBƏSİ

2021.10.20, 07:36
TAİLANDDA VƏTƏNDAŞ MÜHARİBƏSİ

Gunaz.tv
TAİLANDDA VƏTƏNDAŞ MÜHARİBƏSİ Hər iki tərəf odlu silahlardan və hərbi texnikadan istifadə edir Tailandda hökumətin istefasını tələb edən müxalifət tərəfdarları ilə ordu bölmələri arasında baş verən toqquşmalar nəticəsində paytaxt Banqkhok əsl müharibə meydanına çevrilib. Şiddətli toqquşmalar hökumətin paytaxtda fövqəladə vəziyyət elan etməsindən və kütləvi aksiyalara qadağa qoymasından sonra başlayıb. Neçə gündür nümayişlər keçirən müxalifət tərəfdarları küçələrdən çəkilməkdən imtina edərək şəhərə yeridilən ordu bölmələri ilə döyüşə giriblər. Bazar günü müxalifət tərəfdarları Banqkoka yeridilən tanklardan və zirehli texnikadan bir neçəsini ələ keçirib. Bu gün səhərdən isə ordu bölmələri şəhərin mərkəzi küçələrində barrikadalar quran müxalifətçilərə hücuma keçib və onların sıralarına avtomat silahlardan atəş açılıb. Polis mənbələrinə istinadən yayılan xəbərlərə görə, ordu müxalifətçilərin açdıqları atəşlərə cavab verib. Bildirilir ki, zirehli texnikanın dəstəyi ilə irəliləyən ordu bölmələri müxalifətçilərin sərt müqaviməti ilə üzləşiblər. Müxalifət tərəfdarları əsgərlərə yandırıcı maye dolu şüşələr və daşlar atır. Nümayişçilər həmçinin Banqkok küçələrindən birində sıxılmış propan qazı dolu iki iri yük maşınını da ələ keçirirblər və onları partladacaqları ilə hədələyiblər. Maşınların qoyulduğu barrikada yaxınlığındakı yaşayış evlərinin sakinləri təşviş içərisində evlərini tərk edib. Digər məlumata görə, nümayişçilər baş nazirin iqamətgahını da mühasirəyə alıblar, lakin hökumət başçısının binada olmadığı bildirilir. Bir gün əvvəl müxalifətçilər baş naziri Daxili İşlər Nazirliyinin binasında tutub haqq-hesab çəkməyə cəhd göstəriblər, ancaq Abxisit Vetçaçiva son anda onların əlindən qurtula bilib. Toqquşmalar zamanı müxalifətçilər ələ keçirdikləri avtobuslarla əsgərlərin üzərinə tarana keçiblər. Xəbərlərə görə, əsas müxalifət liderləri həbs olunublar, ancaq detallar haqda məlumat verilmir. Digər xəbərdə isə deyilir ki, Konstitusiya Məhkəməsinin binasına bir neçə qumbara atılıb. Rəsmi məlumatlara görə, toqquşmalar zamanı 100-ə yaxın adam yaralanıb, ölənlər barədə məlumat verilmir. Bir neçə saatlıq toqquşmalardan sonra günün ikinci yarısında ordu hissələrinin müxalifətçiləri şəhərin mərkəzindən sıxışdırdığı bildirilirdi. Xarici mənbələr Banqkok küçələrində 60-70 min nümayişçinin əsgər və polislərlə toqquşmada olduğunu xəbər verib. Nümayişçilər əyinlərinə qırmızı köynəklər geyiblər və özlərini “qırmızılar hərəkatı” adlandırırlar. Onlar ordu tərəfindən devrilən və hazırda mühacirətdə olan keçmiş baş nazir Taksin Çinavatranın tərəfdarlarıdır. Çinavatra hələ də ölkədə, xüsusən kənd rayonlarında böyük dəstəyə malikdir. İndiki baş nazir isə ötən ilin dekabrında seçilib və Çinavatranın düşməni hesab edilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar