SON XƏBƏRLƏR

Anti-Türkiyə torbasında rus pişiyi

2021.10.20, 07:36
Anti-Türkiyə torbasında rus pişiyi

Gunaz.tv
Şahvələd Çobanoğlu Indi bir çox ictimai vəzifələrimizi həyata keçirməyə gücümüz yetmir. Amma bir şeyi hökmən etməliyik - yalanın, yalançı dəyərlərin, urpatriotizmin, urfaşizmin ölkəmizə hakim kəsilməsinin qarşısını almağa çalışmalıyıq. Səsimizi təkrar-təkrar qaldırmalıyıq. Indi həmin dövrlərdən biridir. Rusiya Azərbaycanla Türkiyənin də arasına girməyə cəhd edir. Bunun üçün öz maraqlarına qapanaraq ölkəmizin problemləri qarşısında aciz qalan iqtidarımızdan, onun əlaltılarından istifadə edilir, həmçinin yanlış duyğulara aldanan səmimi vətənpərvərlər bu işə öz töhfəsini verirlər. TÜRKIYƏNIN AZƏRBAYCAN ÜÇÜN ÖNƏMI Türkiyəyə nifrət yolverilməzdir, ziyanlıdır. Ondan Azərbaycana düşmən düzəltmək Azərbaycana düşmənçilik etməkdir. Onu da deyək ki, son illərdə xalqla yox, xalqı əzən bir hakimiyyətlə əməkdaşlığa üstünlük verən Türkiyə də öz səhv siyasətinin meyvələrini dərir. Antidemokratik hakimiyyətə verilən dəstək onun özünə və Azərbaycana qarşı çevrilir. Biz əvvəllər də yazırdıq ki, bu siyasət Türkiyənin də ziyanınadır, o, dünyada ən səmimi müttəfiqi olan Azərbaycan xalqının rəğbətini itirə bilər. Bəli, Türkiyənin mövcudluğu Azərbaycanın mövcudluğu üçün faydalı şərtdir. Ilqar Məmmədovun bu fikrini alqışlayıram. Lakin bu da tam deyil. Türkiyə Azərbaycanın dünyəviliyinin, mütərəqqiliyinin də ümid yeridir. Bir anlığa rus və fars şovinizminin iştaha və planlarını göz önünə gətirin. Türkiyədə bir şeyi unutdular ki, Azərbaycanın mütərəqqiliyinə, demokratiyasına nail olmadıqca onun mövcudluğu şübhə altına düşəcək. Dünyada çox az ölkə var ki, demokratiya həm də onun mövcud olması üçün şərtdir. Azərbaycan da belədir. Əks halda bu ölkənin istiqlalı, bütövlüyü təhlükə altında qalacaq. Qarabağa da yol buradan keçir. Zaman göstərdi ki, həqiqi qardaşlığımız və müttəfiqliyimiz də demokratiyasız mümkün olmur. ERMƏNILƏRƏ ƏN BÖYÜK ZƏRBƏ Türkiyə bizim ölkədə sülalə reciminin qurulmasına yardım etmək əvəzinə, demokratiya qurmağa kömək etməli idi. Onda Azərbaycanın timsalında güclü və aydın bir müttəfiq tapacaqdı. Türkiyə siyasətçiləri yalançı Azərbaycan şouları qurmaq əvəzinə bu haqda düşünsələr yaxşıdır. Ona görə də Baxçalının, Baykalın, Ərdoğanın indiki Azərbaycan ritorikası adama gülməli görünür. Fakt odur ki, Türkiyə də, Azərbaycan da bu illər boşa xərclədi. Halbuki bizim ölkənin az müddətdə güclü, demokratik bir dövlətə çevrilmək imkanları vardı. Bu, ermənilərə ən böyük zərbə, ən böyük cavab idi. Biz isə zəif və mənən sarsılmış bir ölkəyə çevrilmişik. SƏRHƏDLƏRIN AÇILMASI SÜLH CƏHDI KIMI Sərhədlərin açılması Azərbaycan hakimiyyətinin apardığı siyasətlə heç bir ziddiyyət təşkil etmir. Bu, həmin sülh xəttinin davamıdır. Məgər bizim hakimiyyət də bu yolla getmirmi? Illərdir bu yöndə işləmirlərmi? Biz ilk gündən yazdıq ki, bu plan həm də Ermənistanın üzünü Qərbə tutmasına yol açmağa yönəlib, onu Rusiyanın nökərçiliyindən qurtarmaq cəhdidir. Bir az müşkül nəticəyə hesablansa da, onu xəyanət adlandırmaq ağlasığmazdır. Qarabağın taleyi baxımından çox xırda bir amil olan sərhədlərin açılması məsələsini müzakirə edərkən şou düzəltmək ölkədəki iç problemləri, şahlıq referendumunu unutdurmaq üçün də yaxşı düşünülüb. Hakimiyyət yenə də xalqın Qarabağ duyğularından istifadə etmək istəyir. Ölkənin talanında iştirak edən və buna dəstək duran adamların Qarabağa səmimiyyətinə necə inanmaq olar? Onların hansı əməlinə zəmanət verə bilərik? Ilham Əliyevin Istanbula getməməsindən qəhrəmanlıq düzəldənlər sadəcə bu hakimiyyətin uğursuz siyasətinə haqq qazandırmış olurlar və guya günahkar Türkiyədir. Halbuki Türkiyə Qarabağ məsələsində axıracan səmimi olub. YENIDƏN RUSIYA YOLUNDA Torbadakı pişiyin adı Azərbaycanı açıq şəkildə Rusiyanın nəzarətinə keçirməkdir. Ayıq olun, bəylər! Bu hakimiyyət ötən ildən “Nabucco”ya müqavimət göstərir, Rusiyanın planlarına uyğunlaşmaq üçün cəhdlər edir. Bu siyasi şou başladıqdan öncə Rövnəq Abdullayevin Moskvada qaz alveri bəyannaməsini imzalaması təsadüf deyil. Indi isə tez-tez Azərbaycanın enerci siyasətini dəyişəcəyi deyilir. Rusiya öz məqsədinə çatmaq üzrədir. Uzun illərdir Türkiyənin Azərbaycan siyasətini tənqid etmişəm. Antixalq hakimiyyətinə dəstək verdiyi üçün, həmçinin bir gün bu mürəkkəb günlərə gələcəyimizi düşünərək. Illər öncə “Dumanlı Türkiyəm” adlı bir yazım bütün Türkiyə mətbuatında müzakirə edilmişdi. Amma təəssüf ki, biz bu illəri uduzduq. Bizim doğru düşüncələrimiz əvəzinə Türkiyəni və Azərbaycanı şəxsi maraqları üçün sevənlərin oyunu keçdi. Türkiyəni və Azərbaycanı şəxsi maraqlarına qurban verənlərin siyasəti qalib gəldi. Orada da, burada da… Lakin bu həssas günlərdə səsimizi çıxarmaya bilmərik. Azərbaycan və Türkiyə naminə, Qarabağ naminə. Qarabağı bizdən alıb ermənilərə verən Rusiyanın yeni həmləsinə “yox!” deməliyik.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar