SON XƏBƏRLƏR

SAAKAŞVİLİ “GETMƏYƏCƏM” DEDİ

2021.10.20, 07:36
SAAKAŞVİLİ “GETMƏYƏCƏM” DEDİ

Gunaz.tv
SAAKAŞVİLİ “GETMƏYƏCƏM” DEDİ Müxalifət isə oturaq aksiyaları davam etdirir Gürcüstanda müxalifət partiyalarının prezident Mixail Saakaşvilinin istefası tələbi ilə başlatdıqları aksiya dünən də davam edib. Lakin Saakaşvili Tiflisin Rustaveli prospektinə, parlament binası qarşısına toplaşan on minlərlə müxalifət tərəfdarının “Mişa, get!” tələbinə müsbət cavab vermir. Saakaşvili dünən bu tələbə ötəri münasibət bildirərək deyib ki, səlahiyyət müddəti başa çatana qədər prezident kimi qalacaq və istefaya getmək niyyəti yoxdur. Müxalifətin onun istefasını tələb etdiyi bir vaxtda Saakaşvili yeni su elektrik stansiyasının təməlqoyma mərasiminə qatılıb və öz düşmənlərini dialoqa çağırıb: “Mən meydana toplaşanlara demək istəyirəm ki, onların sosial-iqtisadi problemlərlə bağlı bütün iradlarını səmimi qəbul edirəm. İndi oturub problemləri müzakirə etmək vaxtıdır. Mən müxalifətlə dialoqa hazıram, bir şərtlə ki, orada istefa məsələsi qoyulmasın”. Xatırladaq ki, Saakaşvilinin istefasını tələb edənlər arasında indi onun keçmiş ən yaxın silahdaşları, o cümlədən eks-spiker Nino Burcanadze və Gürcüstanın BMT-dəki keçmiş səfiri İrakli Alasaniya da yer alır. Aprelin 9-da keçirilmiş mitinq zamanı müxalifət liderləri istefaya getmək üçün Saakaşviliyə bir sutka vaxt vermişdilər. Bu vaxt dünən saat 16-da bitib və həmin saatda müxalifət tərəfdarları yenidən Rustaveli prospektinə toplaşıblar. “Vahid Gürcüstan demokratik hərəkatı” Partiyasının lideri olan Burcanadze deyib ki, Saakaşvili hökmən gedəcək. Onun sözlərinə görə, prezidentin istefasından sonra ölkədə vəziyyət normallaşacaq və Gürcüstan stabil inkişaf yoluna daxil olacaq. Müxalifət liderlərindən biri, prezidentliyə keçmiş namizəd Levan Qaçeçiladze isə deyib ki, müxalifət sonrakı fəaliyyət planı hazırlayıb. Onun bildirdiyinə görə, əgər Saakaşvili istefa verməkdən imtina etsə, o zaman ölkədə ümumvətəndaş itaətsizliyi başlayacaq və müxalifət hər yerdə prezidenti təqib edərək Gürcüstanın harasında olmasından asılı olmayaraq onu istefa tələbləri ilə qarşılayacaq. Qərb mənbələrinin məlumatlarına görə, aprelin 9-da müxalifət meydana 80-90 min adam toplaya bilib, aksiya dinc şəraitdə keçib və mitinqçilər axşam evlərinə dağılıblar. Polis isə dövlət binalarını mühafizə edərək aksiyaya müdaxilə etməyib. Dünən səhərdən isə müxalifətçilər yenidən Rustaveli prospektinə toplaşmağa başlayıblar. Günün ikinci yarısında yenidən on minlərlə adamın iştirakıya mitinq başlayıb.Vaxtilə Saakaşvili hökumətində xarici işlər naziri olmuş Salome Zurabişvili məlumat verib ki, müxalifətin etirazları fasiləsiz olacaq.Zurabişvilinin sözlərinə görə, hər gecə meydanda növbə ilə fəallar qalacaq və hər gün saat 2-də informasiya mitinqi keçiriləcək. Dünən meydana toplaşanların sayında azalma qeydə alınıb. Təşkilatçılar elan ediblər ki, onlar taktikanı dəyişərək prezidentin və komandasının iş qrafikini pozmağa başlayacaqlar. Bu gündən isə ölkənin hər yerində vətəndaş itaətsizliyini təşkil etmək üçün komitələr qurulacaq. F.MƏMMƏDOV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar