SON XƏBƏRLƏR

Azərbaycan Respublikasında fəaliyyət göstərən gənclər təşkilatlarının Türkiyənin gənclər qurumlarına və ictimaiyyətinə M Ü R A C

2021.10.20, 07:36
Azərbaycan Respublikasında fəaliyyət göstərən gənclər təşkilatlarının Türkiyənin gənclər qurumlarına və ictimaiyyətinə M Ü R A C

Gunaz.tv
Əziz gənclər! Çox dəyərli qardaşlar, bacılar! Azərbaycan və Türkiyənin qardaşlığı, Azərbaycan və Anadolu insanının bir-birinə qarşılıqlı sevgisi əsrlərin sınağından şərəflə çıxmış, fərqli ideologiyaların hakim olduğu dövrlərdə belə sarsılmamışdır. Bizim dostumuz da, düşmənimiz də bir olmuşdur. Bu baxımdan tarix ibrətamiz olaylarla zəngindir. Məsələn, ötən əsrin əvvəllərinə nəzər salsaq, 1918-ci ildə Türk Qafqaz İslam Ordusu tərkibində gələn minlərlə Anadolu gənci Azərbaycanın azadlığı, Azərbaycan Xalq Cümhuriyyətinin suveren hüquqlarının bərqərar olunması uğrunda öz canını fəda etmişdir. Bu gün onların qəbri bizim and yerimizdir! Eləcə də bir çox azərbaycanlı gəncin Çanaqqala savaşlarında şəhid olması, Azərbaycan insanının evindəki sonuncu dəyərli əşyasını da sataraq əldə edilən vəsaitlə Mustafa Kamal Atatürkün rəhbərliyi altında istiqlal savaşı aparan anadolulu qardaşlarına yardım göstərməsi kimi faktlar bizim qürur mənbəyimiz, birliyimizi daha da möhkəmləndirən qüvvətli bağlardır. Təsadüfi deyil ki, 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikasını tanıyan ilk dövlət məhz qardaş Türkiyə Cümhuriyyəti olmuşdur. Eyni zamanda, müstəqil Azərbaycan dövləti də Türkiyənin maraqlarını heç vaxt öz maraqlarından ayırmamış, çox güclü kənar təsirlərə baxmayaraq, regionda gerçəkləşdirilən böyük layihələrdə, o cümlədən enerji və nəqliyyat layihələrində qardaş ölkənin mənafeyini xüsusilə nəzərə almışdır. Əziz türkiyəli bacı və qardaşlarımız! Böyük təəssüf hissi ilə qeyd edirik ki, son zamanlar Türkiyə hökumətinin, AKP iqtidarının sözügedən münasibətlər sistemindən kənara çıxdığını düşünməyə əsas verən xəbərlər almaqdayıq. Bu, Azərbaycan ictimaiyyətini, əhalinin önəmli bir hissəsini təşkil edən gəncləri artıq dərəcədə narahat etməkdədir. Türkiyəyə qarşı qondarma “soyqırımı” iddiası ilə çıxış edən, bununla çirkin məqsədlər hədəfləyən, üstəlik öz qeyri-qanuni, heç bir tarixi əsasa söykənməyən ərazi iddialarını ali sənədlərində, dövlət rəmzlərində əks etdirən Ermənistanla münasibətlərin faktiki olaraq birtərəfli qaydada istiləşdirilməsi təəccüb və təəssüf doğurur. Uzun illərdir Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan Ermənistanla sərhədlərin açılması işğalçı dövlətin iqtisadiyyatını dirçəldəcək, bununla da onu yeni işğalçılıq siyasətinə, konkret olaraq Qarabağ danışıqlarında daha təcavüzkar mövqe tutmağa, habelə anti-Türkiyə, anti-Azərbaycan təbliğatını daha da gücləndirməyə həvəsləndirəcəkdir. Belə bir perspektiv vəd edən addımı atanların məntiqini anlamaq çətindir. Hörmətli gənclər! Əziz həmkarlar! Bir daha vurğulamaq istərdik ki, Türkiyə-Ermənistan sərhədlərinin bu günə qədər bağlı qalmasına əsas olan səbəblər aradan qaldırılmayınca sözügedən sahədə atılan addımlar birmənalı olaraq Türkiyə və Azərbaycanın ziyanına, Ermənistan və havadarlarının xeyrinə işləyəcəkdir. Biz – bu müraciətə imza atan gənclər təşkilatlarının rəhbərləri minlərlə gəncin hiss və həyəcanını ifadə edərək, bütövlükdə Azərbaycan gəncliyinin, Azərbaycan ictimaiyyətinin narahatlığını bölüşərək bir daha sizə müraciət edir, Türkiyə-Ermənistan sərhədlərinin açılmasına qarşı öz haqq səsinizi ucaltmağa çağırırıq! Bakı şəhəri, 9 aprel 2009-cu il.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar