SON XƏBƏRLƏR

Türkiyə parlamentində sərhəd mübahisələri

2021.10.20, 07:36
Türkiyə parlamentində sərhəd mübahisələri

Gunaz.tv
Türkiyə Böyük Millət Məclisinin Xarici İşlər Komissiyasının aprelin 8-də keçirilən iclasında Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi ilə bağlı mübahisə baş verib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, komissiyanın Cümhuriyyət Xalq Partiyasından (CHP) olan üzvləri Canan Arıtman, İlhan Kəsici, Onur Öymən və Şükrü Ələkdağ Ermənistanla sərhədlərin açılması mövzusunda müzakirə aparılması və qərar qəbul olunmasını tələb ediblər. CHP-nin bu tələbinə komissiyanın Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan üzvləri də dəstək veriblər. CHP millət vəkilləri bildiriblər ki, Ermənistanla sərhədlər açılarsa, AKP hökuməti çox böyük yanlışlığa yol vermiş olacaq, Türkiyə əlindəki yeganə kozırı itirəcək, ölkənin milli mənafelərinə, beynəlxalq arenadakı gücünə və enerji siyasətinə böyük zərbə dəyəcək. Onlar bəyan ediblər ki, Ermənistan Azərbaycan torpaqlarının işğalına son qoymadan, Türkiyənin mövcud sərhədlərini tanımadan və soyqırım iddialarından vaz keçmədən sərhəd qapısı açılmamalıdır. CHP millət vəkilləri bu mövqelərini qərar layihəsi şəkilində komissiyaya təqdim edərək səsvermə keçirilməsini təklif ediblər. Ancaq komissiyanın hakimiyyətdəki Ədalət və İnkişaf Partiyasından (AKP) olan sədri Murad Mərcan təklifi səsə qoymayaraq əvvəlcə buna səlahiyyəti olmadığını deyib. CHP üzvlərinin etirazından sonra o, komissiyanın iclasında yetərsay olmadığını bəhanə gətirib. Müxalifətçilər buna da etiraz etdikdən və yetərsay olduğunu söylədikdən sonra M.Mərcan zalı tərk edib və toplantı yarımçıq qalıb. İclasdan sonra jurnalistlərə açıqlama verən CHP millət vəkili Canan Arıtman bildirib ki, Ermənistanla münasibətləri bərpa etmək xatirinə Azərbaycanı küsdürmək olmaz: “AKP yanğından mal qaçırırcasına sərhədi açmağa çalışır. Amma Ermənistanla münasibətlərə mane olan amillər aradan qalxmadan, Ermənistan güzəştə getmədən və Azərbaycan torpaqlarını tərk etmədən sərhəd qapısını açmaq böyük xəta olar”. Qeyd edək ki, xarici işlər naziri Əli Babacan gələn həftə parlamentin Xarici İşlər Komissiyasında Ermənistanla münasibətlər mövzusunda çıxış edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar