SON XƏBƏRLƏR

Ərdoğan: Müxalifət nə deyirsə desin, bildiyimizi edəcəyik

2021.10.20, 07:36
Ərdoğan: Müxalifət nə deyirsə desin, bildiyimizi edəcəyik

Gunaz.tv
Ərdoğan: "Problemin gerçək həlli sayılmayan variantı çözüm kimi görməyəcəyik" Türkiyəli deputatlar sərhədlərin açılması məsələsi ilə bağlı dünən bəyanat yayıb. Türkiyənin Cümhuriyyət Xalq Partiyasından (CHP) olan Türkiyə Böyük Millət Məclisinin deputatları, Ermənistanla sərhədlərin açılmasına dair etiraz bəyanatı yayıblar. Sənəddə bildirilir ki, Türkiyə və Ermənistan arasında əlaqələrin normallaşması və sərhədlərin açılması üçün Ermənistan ilk növbədə işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalı, Türkiyə əleyhinə qondarma soyqırım iddialarını dünya ölkələrinə qəbul etdirmə cəhdlərinə son qoymalı və rəsmi sənədlərindən Türkiyədən torpaq tələblərini çıxarmalıdır. Partiyanın bəyanatı yerli və xarici KİV-ə göndərilib. Türkiyə Böyük Millət Məclisinin xarici işlər komissiyasının dünən keçirilən iclasında isə millət vəkilləri arasında ciddi mübahisələr yaranıb. Türkiyənin ana müxalifət hesab edilən partiyaları - Cümhuriyyət Xalq Partiyası və Milliyyətçi Hərəkat Partiyasından olan deputatlar sərhədlərin açılmasına kəskin etiraz ediblər. CHP-dən olan millət vəkilləri "Ermənistan Azərbaycana təcavüzünü dayandırmadan, işğal etdiyi torpaqları boşaltmadan, qondarma soyqırım iddialarından əl çəkmədən, Türkiyənin ərazi bütövlüyünü tanımadan sərhədlər açılmamalıdır" deyiblər. Millət vəkili Canan Arıtman isə "AKP tələsik sərhədləri açmaq istəyir, Azərbaycanı küsdürmək olmaz" söyləyib. MHP-li deputatlar da həmkarlarına dəstək verib. Millət vəkilləri bununla bağlı hazırladıqları layihənin komissiyada səsverməyə çıxarılmasını tələb ediblər. Komissiya sədri Murad Mərcan əsəbiləşərək iclası tərk edib. Deputatların xarici işlər naziri Əli Babacanın komissiyaya çağırılması tələbinə gəlincə, komissiya sədri nazirin gələn həftə iclasda iştirak edəcəyinə söz verib. Dünən rəsmi Ankara da ölkə müxalifətinin bəyanatlarına reaksiya verib. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Ermənistanla münasibətlərin yaxınlaşmasına müxalifətdən olan Cümhuriyyət Xalq Partiyası , Millətçi Hərəkat Partiyası və digər partiyaların yanaşma tərzi çox çirkindir və onlar hakimiyyətə iftira atır. Ərdoğanın sözlərinə görə, Ermənistanla Azərbaycan arasında münaqişə çözülməsə, heç bir zaman "belə bir addım" atmaqdan söhbət gedə bilməz: " Qafqazda Sabitlik və Əməkdaşlıq Paktı və Rusiya ilə əməkdaşlıq çərçivəsində Türkiyə-Azərbaycan-Ermənistan-Gürcüstan əlaqələri də hədəflərimiz arasındadır. Ermənistanla Azərbaycan arasındakı problemin həllini tapaq, bundan sonra Türkiyə-Ermənistan gərginliyini aradan qaldıraq. Bəzi müsbət irəliləyişlər olub. Hazırda proses davam edir. Ancaq müxalifətin çirkin mövqeyini qəbul etmirəm. Ermənistanla Azərbaycan arasındakı danışıqlarda problem ortadan qalxmasa, bizim belə bir addım atmağımız mümkün deyil. Bunu qətiyyətlə deyirik. Müxalifət nə deyirsə desin, bildiyimizi edəcəyik, problemin gerçək həlli sayılmayan variantı çözüm kimi görməyəcəyik". Amma Türkiyə hökumət başçısı "belə bir addım" ifadəsinə konkret izah verməyib. Rəcəb Tayyib Ərdoğan hazırda aparılan müzakirələrin məqsədinin Azərbaycan və Ermənistan arasındakı münaqişənin sürətlə nizamlanmasına hazırlıq görmək olduğunu bildirib. "Təmənnamız BMT-nin Təhlükəsizlik Şurasının Dağlıq Qarabağda Ermənistanı işğalçı olaraq tanıyan və oranı tərk etməsinə yönəlmiş qərarının icrasıdır. Təəssüf ki, ATƏT-in Minsk qrupu bu günə qədər münaqişəni həll etməyi bacarmayıb. Ümid edirik ki, Minsk qrupu bunu bacaracaq".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar