SON XƏBƏRLƏR

Rəsmi Tehran Azərbaycan türkləri ilə türkmənlər arasında təfriqə salmağa çalışır

2021.10.20, 07:36
 Rəsmi Tehran Azərbaycan türkləri ilə türkmənlər arasında təfriqə salmağa çalışır

Gunaz.tv
Fars şovinistləri türkmənləri təzyiqlərə məruz qoyur Rəsmi Tehran Azərbaycan türkləri ilə türkmənlər arasında təfriqə salmağa çalışır İran əhalisinin əsas hissəsini Azərbaycan türkləri, türkmənlər, qacarlar və Xorasan türkləri təşkil edir. Ancaq digər qeyri-fars millətləri kimi, türklər ayrı-seçkiliyə məruz qalaraq bütün təməl insani hüquqlardan məhrum olunublar. Onların öz ana dillərində yazıb-oxumaq, mədəniyyətini təbliğ etmək və onu genişləndirmək, öz adət-ənənəsinə yiyələnmək haqları yoxdur. Fars şovinist rejiminin ikiqat təzyiqinə məruz qalan türkmənlər öz milliyyətinə, adət-ənənəsinə sadiq qalmaları səbəbindən "qara siyahı"da yer alıb. Onların torpaqları əllərindən alınır, yaşadığı şəhərlər və kəndlər boşaldılaraq ora zabullar və sistanilər yerləşdirilir. Hakimiyyət qaçaqmalçılıqla pul qazanan sistanilər və zabulları türkmənlərin torpaqlarını almağa sövq edərək bölgənin demoqrafik quruluşunu dəyişməyə çalışır. Turqut Belə ki, 80 il əvvəl Türkmənsəhranın əhalisi tamamilə türkmənlərdən ibarət olsa da, indi onların sayı bir qədər azalaraq 60-70 faizə düşüb. Kürdlər, zabullar və sistanilər bu regionda yaşayan digər azlıqlardır. Türkmənlərin indi əsas problemlərindən biri də torpaqlarının rəsmi orqanlar tərəfindən milli layihələr üçün müsadirə olunmasıdır. Türkmən limanının şimal hissəsində yerləşən 50 min hektar ərazini "Ələvi" fondu mənimsəyib. Sərhədyanı bölgə dəmir yolu tikintisi və digər milli layihələr məqsədilə türkmənlərin əllərindən alınıb və hərbiləşdirilib. Bu siyasətin davamında mərkəzi hakimiyyət Güney Azərbaycanda olduğu kimi inzibati ərazi bölgülərini də dəyişdirərək, türkmənləri digər millətlər yaşayan inzibati bölgələrə daxil edərək onların seçkilərdə millət vəkilləri seçmək imkanlarını da məhdudlaşdırmağa çalışır. Digər tərəfdən İslam İnqilabının Mühafizəçiləri Korpusunun iqtisadi və hərbi fəaliyyətləri məqsədilə Gülüstan vilayətinin şimalında olan ərəzilərdən 2500 hektarı işğal olunub. Həmin ərazilərdə İnqilab Mühafizlərinə məxsus "Xatəmülənbia" təşkilatı iqtisadi fəaliyyətlə məşğul olur. Son zamanlar İranda yaşayan türkmən və Azərbaycan türklərinin milli təşkilatları arasında yaxınlaşmalar və birlik müşahidə edilir. Bir çox mərasimlərin birgə keçirilməsi, birgə bəyanatlar və milli mücadilədə bir-birilərinə dəstək olmaları hakim dairələri təlaşlandırır. Məsələn, türkmən təşkilatları Xocalı soyqırımını tanıyır və ermənilərin apardığı işğalçılıq siyasətinin əslində bütün türklərə yönəldiyini düşünür. Eyni zamanda 2006-cı ilin mayında baş verən Təbriz üsyanı zamanı azərbaycanlıların haqlı mövqeyini dəstəkləyib və onlarla birlikdə olduqlarını bildiriblər. Azərbaycan təşkilatları və ziyalıları da türkmən xalqının milli mücadilələrində onlarla birgə olduqlarını dəfələrlə bəyanlayıblar. Belə yaxın münasibət və vahid mövqe mərkəzi hakimiyyəti çox narahat edir. Bunu əngəlləmək üçün müxtəlif siyasi cəhdlər edilsə də, hələlik bir nəticə verməyib. Bu cəhdlərdən biri də iki Türk boyunun məzhəb fərqliliyini önə çəkmək və bu fərqdən yararlanaraq onlarda qarşılıqlı nifrət yaratmaq olub. Amma milli təşkilatlar milli maraqları dini düşüncədən üstün tutduğundan bu siyasət təsirsiz olub. Son zamanlarda İran erməniləri də türkmənlərlə Azərbaycan türkləri arasında nifaq salmağa cəhd göstərib. Məlumatlara əsasən, son zamanlarda Ermənistandan bir qrup nümayəndə heyəti İranın indiki və keçmiş rəsmilərilə birlikdə Türkmənsəhrada olub. Bu nümayəndə heyəti Ermənistanda Arya Universitetində Türkmənşünaslıq fakültəsi açmaq niyyətində olub və bu məqsədlə 2009-cu ildə həmin universitetdə Türkmənşünaslıq konfransı keçirmək istəyirlər. Ancaq Türkmənsəhra Azadlıq Təşkilatı bəyanatla çıxış edərək, erməni lobbisinin bu əməllərini pisləyib və türkmən və Azərbaycan türklərini belə məsələlərdə diqqətli olmağa çağırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar