Sərhədlərin açılmasına qarşı etirazlar artır
2021.10.20, 07:36
AKP sərhədləri açsa, Türkiyə ayağa qalxar Sərhədlərin açılmasına qarşı etirazlar artır Türkiyənin Ermənistanla sərhədləri açmağa hazırlaşması narazılıqla qarşılanıb. Artıq bu məsələyə təkcə Azərbaycanda deyil, elə Türkiyənin özündə də etiraz edənlər artır. Kamil Arslan: "Sərhədlərin açılmasını istəmirik" "Qardaş ölkə Azərbaycanın torpaqları işğal altında qalmaqda ikən sərhədlərin açılmasını istəmirik". Bu barədə bildirən İğdır Ticarət və Sənaye Palatasının rəhbəri Kamil Arslanın sözlərinə görə, iğdırlı iş adamları Türkiyənin Ermənistanla sərhədləri açmasına qarşı çıxır: "Sözsüz ki, demokratik, dünyəvi və hüquq dövləti olan Türkiyə Cümhuriyyətinin özünəməxsus bir siyasəti var. İqtisadiyyatın, ticarətin, pulun dini və irqi olmaz. Lakin uzun illərdir ki, türklərə qarşı düşmənçilik siyasəti yürüdən Ermənistanın öz iddialarından imtina etmədən sərhədlərin açılmasının düzgün olmadığını düşünürük". Ermənistanın Türkiyəyə qarşı torpaq iddiaları irəli sürdüyünü, Osmanlı dövlətini "soyqırım" törətməkdə ittiham etdiyini, Türkiyədən əvvəlcə təzminat, sonra isə torpaq tələb etdiyini, Azərbaycan torpaqlarını işğal altında saxladığını xatırladan K.Arslan hesab edir ki, belə bir vəziyyətdə sərhədlərin açılması müzakirə mövzusu ola bilməz. Bataçar Baysal: "Bunun Türkiyəyə faydası olmayacaq" "Türkiyənin Ermənistanla sərhədlərin açılacağına inanmıram. Çünki türk milləti olaraq biz Qarabağ problemi çözülmədən Ermənistan sərhədinin açılmasına qarşıyıq". Bunu barədə APA-ya "AZFEN" Birgə Müəssisəsinin rəhbəri Bataçar Baysal deyib. Onun sözlərinə görə, Türkiyədəki bütün siyasi qüvvələr - CHP, MHP, digər partiyalar, hətta AKP-nin də bir qismi sərhədlərin açılması ideyasını dəstəkləmir. Bunu əsas gətirən Baysal sərhədlərin açılmasını mümkünsüz sayır: "Türkiyə ayağa qalxar". Sərhədlərin açılacağı halda Türkiyə ilə Azərbaycanın iqtisadi əlaqələrində problemin yaranıb-yaranmayacağı barədə sualı cavablandıran B.Baysal sərhədin açılacağına inanmadığı üçün ölkələr arasında problem gözləmədiyini də qeyd edib: "Digər tərəfdən, bu dövlətlər, sadəcə, iqtisadi baxımdan bir-birinə bağlı deyil. İki qardaş ölkə arasında mübahisəli məsələlər də ola bilər, amma o qapı açılmaz. Açılmağa çalışılsa belə, mütləq Türkiyə tərəfi həm Barak Obama, həm də Ermənistan qarşısında Qarabağla bağlı şərt qoyub. Bunun xaricində heç nə ola bilməz". B.Baysal iqtisadi münasibətlər baxımından və əlverişli bazar olaraq da Ermənistanın Azərbaycanı əvəz edə bilməyəcəyini vurğulayıb: "Ermənistanın heç nəyi yoxdur. Ermənistan özü-özünü dolandıran ölkə olsaydı, onda nə üçün sərhəd qapısının açılmasını istəyir? Ermənilərin Türkiyəyə ehtiyacı olmasaydı, sərhədlərin açılması üçün Amerikaya yalvarmazdı. Sərhədlərin açılmasının yalnız Ermənistana xeyri ola bilər, bunun Türkiyəyə heç bir faydası yoxdur. Ermənistan müstəqil olsa, Türkiyə və Azərbaycana yaxınlaşar. Lakin bəzi ölkələr İrəvana təsir göstərir, onu müəyyən məsələlərə məcbur edir. Bu ölkələr Ermənistanın işinə qarışmasa, üç dövlət öz arasında analaşa bilər". "Türkiyə uduzmuş olacaq" Azərbaycanda çalışan türkiyəli jurnalistlər və iş adamları da sərhədlərin açılmasının əleyhinədir "Türkiyə-Ermənistan sərhədinin açılmasına qarşıyam". Bu sözləri isə "Xəzər" Televiziyasının xəbər müdiri İbrahim Ynlübostan deyib. Onun sözlərinə görə, sərhədlərin açılmasının Türkiyəyə fayda verəcəyinə inanmır: "Bu qərar Türkiyənin xeyrinə olmayacaq. Türkiyə rəsmiləri bu qərarı verərkən bir daha düşünməlidirlər". Türkiyə Radio Televiziya Qurumunun (TRT) Bakı təmsilçiliyinin rəhbəri Muhsin Yıldırım isə bildirib ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bir neçə gün əvvəl Londonda verdiyi açıqlamada sərhədlərin açılması məsələsinə kifayət qədər aydınlıq gətirib: "Baş nazir bildirdi ki, Qarabağ problemi bitmədən bizim hər hansı anlaşmamız müzakirə mövzusu deyil. Bu cür açıqlamadan sonra mən hansı fikri söyləyə bilərəm? Türkiyənin baş naziri Azərbaycanın yanında olduğunu söylədi və bunu çox dəqiq ifadə etdi". "Zaman Azərbaycan" qəzetinin baş redaktoru Enes Cansevər də Türkiyə-Ermənistan sərhədlərinin açılacağı ilə bağlı xəbərlərdən üzüntülü olduğunu deyib: "Bu olayın gerçəkləşməməsi üçün fərd olaraq əlimdə gələni etmişəm. Azərbaycanın narahatlığı mənim də narahatlığımdır". Cansevər deyib ki, erməni məsələsi sadəcə Azərbaycanla bağlı problem deyil: "Erməni məsələsi Qarabağın işğalı ilə yanaşı, "erməni soyqırımı" və Türkiyəyə qarşı ərazi iddiaları deməkdir. Bu baxımdan yanaşdıqda, Türkiyə iki məsələdə uduzmuş olacaq. Türkiyə öz xalqına, öz vətəndaşlarına bunu necə izah edəcək? Mən hələ də Türkiyənin erməniləri məmnun edəcək bir addım atacağına inanmıram". "Dialoq Avrasiya" təşkilatının rəhbəri Mustafa Saatçı bildirib ki, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılacağı ilə bağlı yayılan məlumatları Türkiyənin rəsmi şəxsləri təsdiqləməyib: "Türkiyə prezidenti Abdulla Gül sərhədlərin açılacağı ilə bağlı məlumatları təkzib edib. Baş nazir Ərdoğan da Dağlıq Qarabağ problemi həll olunmadan regionda bu istiqamətdə real addımlar atılmayacağını bildirib. Mən bu bəyanatların arxasında durulmasını gözləyirəm. Məncə, bu bəyanatların əksinə bir durum olarsa, tarixi bir yanlışlıq olar. Dağlıq Qarabağ və digər ərazilər azad edilmədən, "erməni soyqırımı" iddialarına son qoyulmadan və Türkiyəyə qarşı ərazi iddialarından vaz keçilmədən belə bir mövzunun müzakirəyə çıxarılması düzgün deyil. Bu, AKP hökumətinin atdığı ən yanlış addımlardan biri olardı". Azərbaycanda fəaliyyət göstərən türkiyəli iş adamı, Türk Müzik Birliyinin (TMB) Azərbaycan üzrə təmsilçisi Kamal Cenk İçtenin də Türkiyə-Ermənistan sərhədinin açılması məsələsinə münasibəti çox pisdir. O, ermənilərin bütün Türk dünyasının başına gətirdiyi faciələri unutmağın mümkün olmadığını söyləyib: "Ermənilərin Qarabağ məsələsi ilə bağlı Azərbaycana verdiyi əziyyətləri unutmaq olmaz. Bir türk olaraq sərhədin açıqlamasına qarşıyam və bu addımı heç vaxt dəstəkləməyəcəyəm. Hər bir türk övladı və müsəlman kimi bu məsələyə etirazımı bildirdim və bildirməyə də davam edirəm". "Çağ" Öyrətim İşlətmələri MMM-in İdarə Heyətinin sədri Enver Özeren isə şirkətin 17 ildir, Azərbaycanda fəaliyyət göstərək, azərbaycanlı uşaqların təlim-tərbiyəsi ilə məşğul olduğunu, Azərbaycan həqiqətlərini məzunlar vasitəsilə dünyaya çatdırdıqlarını bildirib. E.Özerenin kollektiv adından APA-ya daxil olan müraciətində qeyd olunur ki, şirkət "Bir millət, iki dövlət" şüarını rəhbər tutaraq, onlara göstərilən etimada sədaqətlə xidmət etməkdədir: "Türkiyənin Ermənistanla sərhədləri açması bizim tərəfimizdən birmənalı olaraq qəbuledilməzdir, Türkiyə dövləti, işğal edilmiş Azərbaycan torpaqları geri qaytarılmadan belə addım atarsa, əlbəttə iki qardaş dövlətin münasibətlərinin sarsılmasına səbəb ola bilər. Biz Azərbaycanda yaşayırıq. Azərbaycan xalqı ilə birlikdəyik. Xalq Azərbaycan dövlətinin Türkiyə ilə əl-ələ verərək tarixi ədalətin bərpa olunacağına, işğal olunmuş torpaqların geri qaytarılacağına ciddi sürətdə inandığı üçün fəxr edirdik. Amma Türkiyə dövlətinin Ermənistanla sərhədlərin açılması istiqamətində mətbuat vasitələrində gedən yazılar və söz-söhbətlər xalq arasında ciddi narahatlıq doğurur. Bu cəhdlər Türkiyədə yaşayan çoxmillətli xalqların iradəsini ifadə etmir. Odur ki, biz "Çağ" Öyrətim şirkəti - 11 lisey, 1 gimnaziya, 12 ali təhsilə hazırlıq kursu və "Qafqaz" Universitetinin Türkiyədən gəlmiş müəllimləri, tələbələri və çoxminli valideynləri adından Türkiyə dövlətini Ermənistanın işğalçılıq siyasətinə münasibətdə bu günə qədər nümayiş etdirdiyi obyektivliyi bundan sonra qoruyub saxlamağa çağırırıq". TYSİAB: "Azərbaycanın ərazi büövlüyü vazkeçilməz amildir" "Azərbaycan Türk Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyəti hər zaman regiondakı prosesləri yaxından izləyir, Azərbaycanın bu məsələdəki həssaslığını bilir və bunu qəbul edir. TYSİAB bu müzakirələr çərçivəsində vazkeçilməz amil kimi Azərbaycanın ərazi bütövlüyünün təmin olunması halında qarşılıqlı dialoqların aparılmasını məqbul hesab edir". Bu sözlər Azərbaycan Türk Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyətinin Türkiyə-Ermənistan sərhədlərinin açılmasına dair yayılan məlumatlarla bağlı açıqlamasındandır. TYSİAB-dan APA-ya verilən açıqlamada bildirilir ki, Türkiyə prezidenti Abdullah Gülün "Regiondakı problemlərin kökündən həll edilməsi üçün öncə Cənubi Qafqazdakı bütün münaqişələrin, xüsusilə də Qarabağ probleminin həlli vacibdir", eyni zamanda baş nazir Rəcəb Tayyib Erdoğanın "Dağlıq Qarabağ problemi həll olunmadan bizim Ermənistanla bağlı rasional qərar qəbul etməyimiz mümkün deyil" bəyanatları hökumət nümayəndələrinin də buna yaxın mövqedə olduqlarından xəbər verir: "Biz, prezidentimiz İlham Əliyevin yürütdüyü siyasi kursunun belə problemli məsələlərdən ən səmərəli çıxış yolları tapdığının dəfələrlə şahidi olmuşuq. Ymid edirik ki, bu məsələ də qədim köklərə malik iki qardaş ölkənin mənfəətləri çərçivəsində öz həllini tapacaq". Deputatlar məsələnin MM-də müzakirəsini istəyir Yeri gəlmişkən, dünən Azərbaycan parlamentinin İqtisadi siyasət daimi komissiyasının iclasında da Türkiyənin Ermənistanla sərhədləri açacağına dair yayılan məlumatlar müzakirə olunub. Komissiya sədri Ziyad Səmədzadə və komissiya üzvləri Türkiyənin atmaq istədiyi bu addımın yanlış olduğunu vurğulayaraq, məsələnin Milli Məclis səviyyəsində müzakirə olunması, bununla bağlı parlamentin xüsusi bəyanatla çıxış etməsinin vacibliyini qeyd ediblər. Deputat Vahid Əhmədov deyib ki, Milli Məclis bu məsələyə rəsmi münasibət bildirməlidir: "AKP iqtidarının apardığı siyasət Azərbaycana arxadan zərbə vurur. Bununla Ermənistan daha da güclənəcək". Xanhüseyn Kazımlı da həmkarları ilə həmfikir olduğunu qeyd edib. Deputatlar təklif ediblər ki, məsələ Milli Məclisin gündəliyinə salınsın və parlamentin bu məsələyə həsr olunmuş xüsusi iclası keçirilsin. Qeyd edək ki, artıq Mətbuat Şurası, Yazıçılar Birliyi, parlamentdə təmsil olunan partiyalar, AMEA, ATİB, Azərbaycan Türkiyə Dərnəklər Federasiyası, Milli QHT Forumu Türkiyə iqtidarına və ictimaiyyətinə müraciətlər ünvanlayıblar. Müraciətlərdə rəsmi Ankaranın Ermənistanla sərhədləri açmaq istəməsi "Azərbaycana xəyanət", "Türkiyənin öz maraqlarına da zidd olması", "türk qardaşlığına ağır zərbə" kimi dəyərləndirilir.