SON XƏBƏRLƏR

ERMƏNİLƏRƏ UDUZDUĞUMUZ DAHA BİR YARIŞ...

2021.10.20, 07:36
ERMƏNİLƏRƏ UDUZDUĞUMUZ DAHA BİR YARIŞ...

Gunaz.tv
ERMƏNİLƏRƏ UDUZDUĞUMUZ DAHA BİR YARIŞ... Rəssamlarımızın əsərləri dünya səviyyəli auksionda yenə də diqqət görmür “Sənət dəyəri baxımdan azərbaycanlı rəssamlarla rəqabətə girə bilməyəcək qədər zəif olan erməni rəssamların əsərləri hərracda böyük uğur qazanıb”. Bu, okeanın o tayında yaşayan həmyerlimizin həyəcan dolu məktubundan sadəcə, bir cümlədir. Ötən il oktyabr ayında da eyni məzmunlu məktubla redaksiyaya müraciət edən oxucumuz bildirmişdi ki, noyabrın 14-də Amerikanın Dallas şəhərində yerləşən, dünyanın üç ən böyük auksionundan birində - “Heritage Auction Galleri”də Azərbaycan fırça ustalarının 10 əsəri satışa çıxarılsa da, onlara layiq olduğu diqqət göstərilməyib. Oxucumuz bir sənətsevərdir və sözügedən auksiondakı mədəniyyət “yarış”ında Azərbaycan rəssamlarının haqq etdiyi zirvəyə yüksəlməsini arzulayır. Həmyerlimiz yazır ki, auksiondakı əsərlərimiz arasında tanınmış rəssam Mikayıl Abdullayevin dövlət mükafatı almış “Qorki”, “Gülən qadın”, habelə daha öncə böyük versiyası 60 min dollara satılmış “Stalin Katafalkta”, “Hindli qadınlar”, eləcə də Böyükağa Mirzəzadənin “Çılpaq qadın” və “Siqaret çəkərkən” adlı əsərləri də olub. Burada önəmli məqamlardan biri hər iki sənətkarın rəsmlərinin ilk dəfə rus rəssamlarının milyon dollarlıq əsərləri ilə yanaşı auksiona çıxarılmasıdır. Amma oxucumuz bu olayda türk dünyası adına atmalı olduğumuz addımlar barədə gileylər yazır. Onun müşahidələrinə görə, ABŞ-da düzənlənən bu və öncəki auksionlarda maraqlı tendensiyalar müşahidə olunub. Belə ki, ruslar, ermənilər və ukraynalılar mədəniyyətlərini yüksəltmək, ölkələrinin imicini artırmaq üçün böyük pullar xərcləyərək öz rəssamlarının əsərlərini satın alırlar. Və bunun nəticəsi olaraq, öz millətlərindən olan rəssamlar dünyada çox böyük şöhrət qazanırlar. “Hətta bəzi auksionlarda onların əsərlərini ağlagəlməz qiymətə satın alanlar məhz öz dövlətlərinin nümayəndələri olub”. Həmyerlimiz təəssüflə yazır ki, azərbaycanlı rəssamların əsərləri ilə bağlı vəziyyət acınacaqlıdır: “Ancaq nə yazıq ki, Azərbaycan rəssamlarının ”Heritage" kimi məşhur auksiona qəbul edilmiş az saylı əsərlərinə eyni diqqət yoxdur. Azərbaycan lobbisi öz rəssamları üçün digər millətlərin etdiyi fəaliyyəti göstərsəydi, inanın ki, bu gün onların adı dünya rəssamlıq sənətində haqq etdiyi zirvəni tutardı". Oxucu bu durumda üzünü Azərbaycanın tanınmış iş adamlarına, sənətsevərlərinə tutaraq bu fürsətdən yararlanmağı xahiş edir: “Ümid edirəm ki, Azərbaycandan olan iş adamları, kolleksionerlər, sənətsevərlər bu auksionu millətlər və sənətlərarası yarış kimi dəyərləndirəcək, sənətkarlarımızın əsərlərini qiymətləndirəcəklər. Çünki burada həyata keçirilən hər bir satış arxivlənəcək və tarix kimi Azərbaycan incəsənətinə başucalığı gətirəcək”. Bu məqamda oxucumuz bir haşiyə də çıxır. Deyir ki, daha öncə də buna bənzər təhlükəli vəziyyət özünü göstərib: “Dünyanın 2 böyük ingilis auksion salonu olan ”Cristites" və “Sotreby”də M.Abdullayevin əsərləri satışa çıxarılsa da, satılmayıb. Bunun nəticəsində sənət camiyəsində “dəyərsiz əsərlər” kateqoriyasına daxil edilib. Halbuki bir çox Qərb tənqidçiləri M.Abdullayevlə B.Mirzəzadənin əsərlərini milyon dollarlara satılan rus və erməni rəssamların əsərlərindən daha mükəmməl hesab ediblər. Elə həmin tənqidçilər tək problem olaraq bu istedadların milliyyətini göstərmişdilər. Yəni ruslar, avropalılar onların yaradıcıları türk əsilli olduğundan, bu əsərləri satın almırlar". Məktubda həmçinin bildirilir ki, bizim rəssamlarla rəqabətə girə bilməyəcək qədər zəif olan erməni rəssamlar məhz Ermənistan dövlətinin, erməni lobbisinin dəstəyi ilə satın alınıb. Mövzuyla bağlı rəy bildirən “Heritage Auction Galleri”nin Rus Sənətləri üzrə direktoru doktor Duqlas Braun deyib ki, “adətən hərraca çıxarılan əsərlərin satışında öz ölkələrindən olan bəzi kolleksionerlərin bura qatılmasını gözləyirik. Nəticə də gözlədiyimiz kimi olur. Açıq bir şəkildə ifadə etmək lazımdırsa, hər iki azərbaycanlı rəssam üçün də eyni nəticəni gözləyirdik. Amma bizim rəsm sənətinə verdiyimiz önəmə baxmayaraq, Azərbaycanın bu iki böyük rəssamının əsərlərinə indiyə qədər diqqət yetirilməməsi bizi təəssüfləndirib. Buna baxmayaraq, təmsil etdiyimiz qurum bu dəyərli əsərləri 16 apreldə internet, 07-08 may 2009-cu il tarixində isə açıq hərrac vasitəsilə satışa çıxaracaq. Bu günə qədər Azərbaycanda bir çox qurum və sənət çevrəsinə bu hərracla bağlı məlumat göndərdik. Bu dəfə nəticə əldə edəcəyimizə inanır və bu iki böyük ustanın haqq etdiyi yerə daşınacağını gözləyirik”. Oxucumuz bu məsələdə ümidini Heydər Əliyev Fondunun prezidenti, deputat Mehriban Əliyevaya bağlayıb. Onun sözlərinə görə, son illərdə Azərbaycan mədəniyyət və incəsənətinə göstərdiyi diqqətlə, onun dünyada tanıdılmasıyla seçilən M.Əliyevanın yaranmış vəziyyətə adevat reaksiya göstərəcəyi ümumi mənzərəni dəyişə bilər. Və sonda. Auksiona sayılı günlər qalıb. Dünyadakı maliyyə böhranına görə rəsm əsərlərinin satışında zəifləmə müşahidə olunur. Oxucumuzun fikrincə, bu müddət ərzində Azərbaycan lobbisi, yerli iş adamları, sənətsevərlər azərbaycanlı rəssamların əsərlərini satın alsalar, bu, dünya mətbuatında böyük səs-küy yaradar. Sevinc TELMANQIZI

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar