SON XƏBƏRLƏR

EKS-PREZİDENTLƏRİN STATUSUNU MÜƏYYƏN EDƏN QANUN

2021.10.20, 07:36
EKS-PREZİDENTLƏRİN STATUSUNU MÜƏYYƏN EDƏN QANUN

Gunaz.tv
EKS-PREZİDENTLƏRİN STATUSUNU MÜƏYYƏN EDƏN QANUN Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komitəsinin sədr müavini Rövşən Rzayev aprelin 7-də «Media forum» saytına açıqlamasında parlamentin «Eks-prezidentlərin statusu haqqında» konstitusiya qanunu üzərində iş apardığını bildirib. O, qanunun hazırlanmasını ana yasanın yeniləşməsiylə bağlayıb. Martın 18-də keçirilən referendumda konstitusiyanın 108-ci maddəsinə belə bir dəyişiklik edilib: “Əvvəllər Azərbaycan Respublikasının prezidenti seçilmiş şəxsin təminatı qaydaları konstitusiya qanunu ilə müəyyən edilir”. Azərbaycanın eks-prezidentləri – ikinci prezident Əbülfəz Elçibəy və üçüncü prezident Heydər Əliyev vəfat ediblər. Birinci prezident Ayaz Mütəllibov mühacirətdədir. Rövşən Rzayevin haqqında söz açdığı qanun layihəsi hələ ortalığa çıxarılmayıb. Bu səbəbdən orada hansı müddəaların yer alacağı bəlli deyil. “Media forum” saytı başqa bir sənədi - parlament müxalifəti olan Müsavat deputat qrupunun 2006-ci ildə hazırladığı «Eks-prezidentlər haqqında» qanun layihəsini oxucuların diqqətinə çatdırır. Bu layihə Milli Məclisə təqdim edilsə də, müzakirəyə çıxarılmayıb. “Eks-prezidentlər haqqında” Azərbaycan Respublikasının qanunu (Layihə) Maddə 1. Bu qanunun təsir dairəsi 1. Bu qanun Azərbaycan Respublikasının prezidenti seçilmiş və səlahiyyət müddəti bitmiş, yaxud vaxtından əvvəl vəzifədən getmiş Azərbaycan Respublikasının sabiq prezidentlərinə (eks-prezidentlərə) şamil olunur. 2. Bu qanun Azərbaycan Respublikasının prezidenti seçilmiş, lakin ağır cinayət törətdiyinə görə Azərbaycan Respublikası Konstitusiyasının 107-ci maddəsinə uyğun olaraq vəzifədən kənarlaşdırılmış şəxslərə şamil edilmir. Maddə 2. Eks-prezidentin toxunulmazlığı 1. Eks-prezident toxunulmazlıq hüququna malikdir. 2. Eks-prezident Azərbaycan Respublikasının prezidenti vəzifəsini həyata keçirərkən söylədiyi fikrə və qəbul etdiyi qərara görə məsuliyyət daşımır. 3. Eks-prezident Azərbaycan Respublikasının prezidenti vəzifəsini həyata keçirərkən ona məlum olan hallar barəsində özünün razılığı olmadan şahid kimi dindirilə bilməz, ondan bu hallar barəsində ifadə alına bilməz. 4. Eks-prezident Azərbaycan Respublikası Milli Məclisinin razılığı olmadan cinayət məsuliyyətinə cəlb edilə, tutula, həbs oluna bilməz, barəsində məhkəm qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, mənzilində, bağ evində, istifadə etdiyi nəqliyyat vasitəsində axtarış aparıla bilməz. 5. Eks-prezident barəsində cinayət işi yalnız Azərbaycan Respublikasının baş prokuroru tərəfindən qaldırıla bilər. Maddə 3. Eks-prezidentin təhlükəsizliyi Eks-prezidentin və onun ailəsinin təhlükəsizliyini xüsusi mühafizə xidmətləri təmin edir. Maddə 4. Eks-prezidentin maddi təminatı 1. Eks-prezident sonrakı artımlar nəzərə alınmaqla fəaliyyətdə olan Azərbaycan Respublikası prezidentinin əmək haqqının 80 faizi məbləğində pensiya alır. 2. Eks-prezident dövlət hesabına mənzil, bağ evi və xidməti avtomobillə təmin edilir. 3. Eks-prezident vəfat etdikdə onun ailə üzvləri - dul arvadı (əri), anası (atası) və himayəsində olan 22 yaşa çatmamış işləməyən uşaqları onun pensiyasını alırlar. Maddə 5. Bu qanunun qüvvəyə minməsi və keçid müddəası 1. Bu qanun dərc olunduğu gündən qüvvəyə minir. 2. Bu qanunun qüvvəsi Azərbaycan Respublikasının prezidenti vəzifəsi təsis olunduqdan sonra qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının prezidenti seçilmiş bütün şəxslərə şamil edilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar