SON XƏBƏRLƏR

Türkiyə tarixi səhvə doğrumu gedir?

2021.10.20, 07:36
Türkiyə tarixi səhvə doğrumu gedir?

Gunaz.tv
Türkiyə tarixi səhvə doğrumu gedir? Ermənistanla sərhədlər açıla bilər Türkiyə-Ermənistan münasibətlərinin taleyi indi ən çox danışılan məsələdir. ABŞ prezidenti Barak Obamanın Türkiyəyə səfəri bağlılığında bu mövzu daha da aktual olmuşdur. Amerika prezidenti Türkiyə parlamentindəki çıxışında iki ölkə arasında münasibətlərin normallaşmağa doğru getməsindən razılığını bildirmiş və onun davam etməsini istədiyini ifadə etmişdi. Müşahidəçilər bu dəyərləndirməni Türkiyə-Ermənistan sərhədlərinin açılması ehtimalının artması kimi qiymətləndirmişlər. Azərbaycan tərəfi təbii ki, proseslərin bu cür gedişindən narahatdır. Bölgə ilə bağlı bu yöndə yayılan bəzi məlumatlara bizim ölkədə münasibət müsbət deyil. Yalnız siyasi dairələr deyil, cəmiyyət də ona etirazını ifadə etməkdədir. Azərbaycan ziyalıları artıq bəyanat yayıblar. Onlar Türkiyə-Ermənistan münasibətlərinin necə inkişaf etməsinin iki ölkənin daxili işi olmasını vurğulamaqla yanaşı, bəzi tarixi məqamları unutmamaq gərəkliyini də qeyd ediblər. Məsələ ondan ibarətdir ki, Ermənistan qondarılandan bu yana antitürk siyasəti yeridir, qonşu dövlətlərin ərazilərinə təcavüzlər həyata keçirir. O, başlanğıcdan Azərbaycan torpaqları üzərində yaradılıb. Qərbi Azərbaycanın bir hissəsi və Borçalının dağ bölgəsini rus ordusunun yaxından dəstəyi ilə hərbi yolla işğal edərək Ermənistan yaradıblar. Bu prosesdə ermənilərin hansı vəhşiliklə türkləri qətlə yetirdiyini rus generalların özləri etiraf edirmişlər. Hətta bəziləri bu dərəcədə vəhşiliyin törədilməsindən heyrətə gəliblər. Ruslar ermənilərin hansı səviyyəfə qaniçən olduğundan təəccüblənirmişlər. Sonrakı illərdə eyni hal davam etdi. Zaman-zaman Kremlin sifarişi ilə Azərbaycan torpaqlarını qoparan ermənilər hər fürsətdə azərbaycanlılara və türklərə zərbələr vurublar. İndiki Türkiyə ərazisində mütəmadi olaraq tapılan kütləvi məzarlıqlarda minlərlə müsəlmanın vəhşicəsinə qətlə yetirildiyi məlum olur. Hər zaman “soyqırım və Ararat” deyib, göz yaşı tökən ermənilər, sovetlər dağılandan sonra bu siyasəti rəsmiləşdirdilər. Onların Ana Yasasında (Konstitusiya) “erməni soyqırımı” və Türkiyəyə ərazi iddiaları yer alıb. Yəni “Ermənistan” adlanan dövlətin rəsmi siyasətində antitürk məqamlar açıq şəkildə yer alıb. Buna paralel olaraq, onlar Azərbaycanın 20% torpaqlarını işğal altında saxlamaqdadırlar. Həmin əraziləri ermənilər özlərininki hesab edirlər və oradan çıxmaq fikirləri yoxdur. Son olaraq da rəsmi İrəvan işğal etdiyi ərazilərdə ya müstəqil erməni dövləti yaradacaqlarını, ya da Ermənistana qatacaqlarını israrla deyirlər. Üstəlik, açıq bildirirlər ki, Türkiyə ilə sərhədlərin açılmasında Dağlıq Qarabağ məsələsi ön şərt kimi qoyula bilməz, guya bunların bir-biri ilə əlaqəsi yoxdur. Rəsmi İrəvanın bu qeyri-konstruktiv mövqeyi onu göstərir ki, Azərbaycana qarşı təcavüzkarlığından əl çəkməyib. Bu vəziyyətdə Türkiyə təcavüzkarla sərhədləri necə aça bilər? Təsadüfi deyil ki, türk cəmiyyəti rəsmi Ankaranın bu yöndə atmağa hazırlaşdığı addımlardan narahatlığını bildirir, ona etirazlarını ifadə edir. Türkiyə siyasi dairələrində bu xəttə qarşı çıxanlar vardır. Bunlara baxmayaraq, Qərbin təzyiqləri ilə Türkiyənin Ermənistanla sərhədləri açması ehtimalı artır. Azərbaycan ziyalıları da bundan əndişələrini və etirazlarını ifadə ediblər. Türkiyənin bu şəraitdə Ermənistanla sərhədləri açması bütün Qafqaz üçün təhlükələri artıracaqdır. Ona görə ki, Ermənistan bölgədə terroru dəstəkləyən ölkədir. Türkiyə kəşfiyyatının məlumatına əsasən, Ermənistan PKK-ya həm silah verir, həm də ermənilər terror təşkilatında iştirak edirlər. Bir qədər öncə, Türkiyə Silahlı Qüvvələri Baş Qərargah Rəisi general Yaşar Böyükanıt bəyan etmişdi ki, (indi onu bu vəzifədə ordu generalı İlkər Başbuğ əvəz edir) Ermənistan PKK-ya gizli yolla silah verir və terrorçuların Ermənistanda düşərgələri var. Hətta Azərbaycanın işğal altında olan ərazilərində də PKK üçün düşərgələr yaradıblar. İndi bu faktların olduğu halda Türkiyə hansı məntiqlə Ermənistanla sərhədləri açmaq fikrindədir. Parlamentdə çıxışında Obamanın “Ermənistanla sərhədləri açın”, mesajını verməsinə baxmayaraq, Türkiyə öz maraqlarını ayaqlar altına atmamalıdır. Azərbaycan Türkiyə üçün strateji əhəmiyyəti olan dövlətdir, türk dünyasının ulduzudur. Bütün türk dünyasına zərər vura biləcək addımın atılmaması lazımdır. Azərbaycan prezidentinin Türkiyədə keçirilən “Mədəniyyətlər ittifaqı”na getməkdən imtina etməsini tam başa düşmək və müdafiə etmək gərəkdir. Azərbaycanın dövlət başçısının Türkiyə prezidenti və ABŞ Dövlət Katibi Hillari Klintonun təklifini qəbul etməməsi ciddi siqnaldır. Azərbaycan heç bir halda öz dövlət maraqlarından imtina etməyəcək. Bunu düşmən də, dost da bilməlidir. Orxan Güneyli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar