SON XƏBƏRLƏR

Sərhədlər açılarsa, Ermənistan Türk cəmiyyətini içəridən dağıtmaq prosesinə daha fəal qoşulacaq

2021.10.20, 07:36
Sərhədlər açılarsa, Ermənistan Türk cəmiyyətini içəridən dağıtmaq prosesinə daha fəal qoşulacaq

Gunaz.tv
Millət vəkili Zahid Oruc hesab edir ki, bu addım nəticəsində ermənilər siyasi cəhətdən daha azğın olacaqlar Milli Məclisin təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü Zahid Orucun Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi ilə bağlı ANSPRESS-ə müsahibəsi: - Türkiyə-Ermənistan sərhədlərinin yaxın zamanda açılması mümkündürmü? -Hesab edirəm ki, hazırda Türkiyənin siyasi elitası bu barədə qərar verməyə cəhd edir. Prosesləri bu istiqamətdə aparmaq üçün özlərinin dediyi kimi etimad mühitini yaratmağa çalışırlar. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan özü Londonda bəyan etdi ki, bu istiqamətdə baza təşkil etmək üçün müəyyən cəhdlər edirlər. Demək olar ki, bu istəklər sadəcə hansısa qondarma soyqırımın qəbul edilməsinin qarşısını almaq, bununla bağlı Ermənistanın beynəlxalq aləmdə fəaliyyətinin dayandırılması naminə həyata keçirilən işlər deyil. Əgər belə olsaydı, işlər başqa istiqamətdə aparılardı. İkinci tərəfdən hesab edirəm ki, bu məsələnin belə cərəyan etməsi üçün Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələrindən olan etirazların, Türkiyə cəmiyyəti tərəfindən düzgün anlaşılması və qəbul edilməsi, eyni zamanda onların siyasi qüvvələri tərəfindən müsbət dəyərləndirməsi hazırkı AKP (hakim Ədalət və İnkişaf partiyası) iqtidarının addımlarına müsbət təsir göstərəcək. Ona görə də sərhədin hansı dövrdə açılacağı, ticari və iqtisadi əlaqlərin nə qədər davam edəcəyi və sairə məsələlərin indiki halda proqnozlaşdırılması çətindir. Amma bizi Azərbaycan olaraq, təkcə işğalçı dövlətin belə bir münasibətə layiq görülməsi narahat etmir. Yəni ermənilər ərazi iddialarında qalırlar, bütün sənədlərini bu iddialara, arzularına əsasən tərtib edirlər. Onlar beynəlxalq aləmdə qondarma soyqırım aksiyaları aparırlar və günün birində də sərhədin açılması onlara hədiyyə edilir. Əslində bizi narat edən bu deyil. Narahatçılığımız ondadır ki, Türkiyə-Ermənistan arasında həqiqətən də bu ölkənin normal bir hüquqi prinsipləri tanıyacağını, qərəzli iddialarında olmayacağını, Türkiyənin şərq vilayətindən tutmuş daha böyük ərazisini ələ keçirmək üçün fəaliyyət aparmayacağını, soyqırım məsələsi ilə bağlı iddialarını bir kənara qoyacağını və sair bir müəyyən öhdəlikləri özündə ifadə edən sənəd əsasında razılaşmalar olsa idi, bu, nisbətən başa düşülən olardı. Çünki Türkiyə-Azərbaycan uzun müddət "iki dövlət-bir millət" kimi fəaliyyət göstərib. Amma biz ötən dövr ərzindəki proseslərdə, beynəlxalq sıxıntı və təzyiqlərə baxmayaraq, bu amilə kifayət qədər sadiq qaldığımızı nümayiş etdirmişik. Bizim addımlarımızdan Türkiyəyə hər hansı sıxıntı və ya təsir olmayıb. Bu gün Azərbaycan cəmiyyəti Türkiyə iqtidarının hazırkı addımlarının fonunda bu beynəlxalq təsirlərin hədəfindədir. Amma biz buna dözəcəyik. Düşünürəm ki, Türkiyə, türk etnosunun maraqları zədələnsə, bunu aradan qaldırmaq çox çətin olacaq. -Türkiyə bəyan edir ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Dağlıq Qarabağ münaşisənin həlli yoluna müsbət təsir edəcək. Sizcə bu, həqiqətən də belədir? - Türk cəmiyyəti güclüdür, onun dövlətçilik ənənəsi var. Onun siyasi, iqtisadi və beynəlxalq aləmdəki gücü böyükdür. Bu əlaqələr vasitəsilə Ermənistan cəmiyyətini iqtisadi-siyasi cəhətdən özlərinə asılı edəcəklərsə, bu, ilk baxışda normal bir proqram kimi görünə bilər. Lakin Türkiyə prezidenti Abdulla Gül və yaxud Baş nazir Ərdoğan ilə Ermənistan rəhbərliyi arasında aparılan danışıqlar, ictimai-siyasi müzakirələrin bərpa olunması fonunda Azərbaycan torpaqlarına güllələr yağır. Bu məsələdən belə məntiqi nəticə əldə edilir ki, Ermənistan bu vasitə ilə nəinki türk cəmiyyətinə tabe olmayacaq, əksinə türk cəmiyyətini içəridən dağıtmaq prosesinə daha fəal qoşulacaq. Bu addım nəticəsində onlar iqtisadi təcriddən çıxacaqlar, tanklarını-toplarını təşkil etmək imkanları artacaq və siyasi cəhətdən daha azğın olacaqlar. Kimsə düşünməsin ki, Azərbaycan Türkiyəni öz siyasətinin girovuna çevirmək istəyir. Azərbaycan maraqları naminə heç zaman Türkiyənin ziyan çəkməsini istəmir. Bu, heç bir soyqırım məsələsi ilə də bağlı deyil. Aprelin 24-ü keçəndən sonra da bu məsələnin yenidən gündəmdə olacağını görəcəksiniz. /ANSPRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar