SON XƏBƏRLƏR

Türkiyədə Azərbaycanın mövqeyi dəstəklənir

2021.10.20, 07:36
Türkiyədə Azərbaycanın mövqeyi dəstəklənir

Gunaz.tv
Türkiyədə Azərbaycanın mövqeyi dəstəklənir Dəniz Baykal: "Təəssüf ki, AKP hökumətinin Ermənistan siyasəti nəticəsində Azərbaycanı küsdürdük, Azərbaycan təkcə bölgədə deyil, dünyanın enerji strategiyasında da çox mühüm rol oynayan ölkədir. Edvard Nalbəndyan: "Türkiyəylə münasibətlərin normallaşdırılması üçün Ankaranın hansısa şərtləri irəli sürməsi danışıqlardakı irəliləyişləri pozacaq bir cəhd kimi qiymətləndiriləcək" Son bir həftə ərzində Türkiyənin siyasi gündəmində Azərbaycan amilinin çəkisi artır. Bütün bunlar rəsmi Bakının və Azərbaycan ictimaiyyətinin Türkiyə-Ermənistan sərhədlərinin açılması yönündə xəbərlərə təpkisinin sərtləşməsi fonunda baş verir. Məsələn, üç gün əvvəl Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Ankara-İrəvan münasibətlərilə bağlı suala cavabında deyib ki, müxtəlif addımlar atılıb və bu istiqamətdə işlər davam edir: "Bizim ortaya qoyduğumuz vacib məsələlər həllini tapmayınca növbəti addımlar ata bilməyəcəyik. Burada ən önəmli problem isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir". Ermənistan-Azərbaycan münaqişəsi həllini tapmayınca yekun bir addım atmayacaqlarını deyən Türkiyənin baş naziri qeyd edib ki, yekun addıma zəmin hazırlayacaq işlər görülür: "Bunu açıq şəkildə deyə bilərəm. Ancaq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həllini tapmayınca biz yekun bir addım atmayacağıq. Problem tamamilə öz həllini tapmalıdır. Çünki bunu görməyimiz, bilməyimiz vacibdir. "Dağlıq Qarabağ işğal altındadır" hökmü bizim deyil, BMT-nin hökmüdür . İşğalın aradan qaldırılması lazımdır ki, biz də addımlarımızı rahat şəkildə ataq. Əks təqdirdə, biz soydaşlarımıza, dost, qardaş Azərbaycana qarşı yanlışlıq etmiş olarıq". Ötən gün məlum olub ki, Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı ABŞ prezidenti Barak Obama ilə görüşündə də Azərbaycan məsələsini xüsusi qabardıb. O, Türkiyə-Ermənistan sərhədlərinin açılmasını istəyən, erməniləri qondarma soyqırımı tanımaq vədi vermiş Barak Obamaya deyib ki, Ermənistana təzyiq göstərilsin, qoşunları işğal edilmiş Azrbaycan ərazilərindən çıxarılsın. Ermənistan məsələsində türk liderlərindən cəsarətli qərar istəyən Barak Obama ilə görüşdə Rəcəb Tayyib Ərdoğan da Azərbaycan məsələsinə toxunub: "Türkiyə-Ermənistan dialoqu problemin bir parçasıdır. Bu problemin bir Azərbaycan qolu da var. Azərbaycanlılar bu olayın çox önəmli parçasıdır. Bu mövzuya birtərəfli baxmamalı, Azərbaycanın da mövqeyinə diqqət yetirilməlidir". Türkiyə prezidenti Abdulla Gül də Azərbaycan barədə danışıb. O, Barak Obamanın nəzərinə çtdırıb ki, Cənubi Qafqazda yeni bir durum yaranıb. Keçən il Gürcüstanda dondurulmuş, potensial münaqişələr qəfil alovlanıb və dünya da bunun fəlakətli nəticələrini görüb: "Ona görə də gərək birlikdə Cənubi Qafqazdakı problemləri çözək. Xüsusən Azərbaycanla Ermənistan arasındakı problemi bərabər həll edək. Bu problemin çözülməsi və bölgədə böyük bir iş birliyi imkanı yaranması üçün çalışırıq. İnanıram ki, bu səylərimiz nəticə verəndən sonra bir çox məsələ həllini tapacaq". Dünən CHP lideri Dəniz Baykal da diqqət çəkən bəyanat verib. CHP-nin parlament fraksiyasının toplantısında çıxış edən Dəniz Baykal AKP hökumətinin siyasətinin Azərbaycanı məyus etdiyini söyləyib: "Azərbaycana diqqət yetirilməsinin vacibliyini hər zaman bildirirdim. Təəssüf ki, bu hökumətin Ermənistan siyasəti nəticəsində Azərbaycanı küsdürdük. Azərbaycan prezidenti Türkiyəyə gəlməyi rədd etdi. Ermənistanla barışığa nail olub-olmadığımızı bilmirəm, amma Azərbaycanı incitməyə nail olduq". Dəniz Baykal Azərbaycanın təkcə bölgədə deyil, dünyanın enerji strategiyasında da çox mühüm rol oynayan ölkə olduğunu vurğulayıb və Türkiyə hökumətinin kənar qüvvələrin istiqamətləndirməsi ilə hərəkət etməsini pisləyib. Artıq Ermənistanda da Azərbaycanın son manevrləri nəticəsində AKP hökumətinin sərhədlərin açılması, diplomatik münasibətlərin qurulması yönündə mövqeyində ciddi sərtləşmənin olacağı yönündə narahatlıq artıb. Türk rəsmilərinin son bəyanatlarına münasibət bildirən Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan "Panarmenian" informasiya agentliyinə açıqlamasında deyib ki, Ankara İrəvanla münasibətləri heç bir şərt irəli sürmədən yaxşılaşdırmalıdır: "Biz Türkiyə ilə müzakirələri, danışıqları bu şəkildə aparırıq. Türkiyəylə münasibətlərin normallaşdırılması üçün Ankaranın hansısa şərtləri irəli sürməsi danışıqlardakı irəliləyişləri pozacaq bir cəhd kimi qiymətləndiriləcək". Ramiz Mikyaıloğlu

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar