SON XƏBƏRLƏR

İranda siyasi zəlzələlər şiddətlənir

2021.10.20, 07:36
İranda siyasi zəlzələlər şiddətlənir

Gunaz.tv
İranda siyasi zəlzələlər şiddətlənir "Ali dini rəhbər bu dəfə də Mahmud Əhmədinejadın prezident seçilməsinə nail olacaq" İranda islahatçılar düşərgəsindən prezidentliyə namizəd Mir Hüseyn Musəvi seçkidə qalib gəldiyi halda ABŞ prezidenti Barak Obama ilə danışıqlar apara biləcəyini bəyanlayıb. Lakin Musəvi İranın danışıqlarda nüvə proqramı barədə hər hansı güzəştə gedəcəyini istisna edib. Onun sözlərinə görə, Amerika ilə ünsiyyət İrana baha başa gəlməməlidir. Holokost məsələsinə də toxunan Mir Hüseyn Musəvi hazırki İran prezidenti Mahmud Əhmədinejadın bu hadisəni mif adlandırmasından fərqli olaraq, yəhudilərə qarşı soyqırım törədilməsini kəskin qınadığını söyləyib: "Obamanın istifadə etdiyi dil Buşdan fərqlənir. Biz onların davranışları fonunda, danışıqlar məsələsinə yenidən baxa bilərik. Əgər bu baş tuta bilərsə, onda niyə də müzakirələr aparmamalıyıq? Biz xarici siyasətdə maraqlarımıza ciddi zərbə vuran avantürizmin şahidi olduq. Holokosta gəlincə, deməliyəm ki, İslam hətta bir nəfərin də qətlə yetirilməsini qəbul etmir və bunu bütün bəşəriyyətin məhv olunması hesab edir". Bununla da prezidentliyə namizəd birbaşa olaraq hazırki prezidentdən fərqli siyasi kurs yürüdəcəyilə bağlı siqnallar verib. Qeyd edək ki, islahatçıların düşərgəsində Mir hüseyn Musavi yeganə namizəd deyil. Parlamentin keçmiş sədri Mehdi Karrubi də öz namizədliyini elan edib. Məhəmməd Xatəmi isə əvvəl namizədliyini irəli sürsə də, daha sonra Musavinin xeyrinə prezidentlik iddiasından əl çəkib. Məhz Xatəminin bu jestinin Mir Hüseyn Musəviyə siyasi dividentlər qazandırdığı bildirilir. Mühafizəkarlardan isə yeganə prezidentliyə namizəd hələlik hazırki dövlət başçısı Mahmud Əhmədinejaddır. Amma onun ölkə üzrə populyarlığı xeyli zəifləyib. Hətta mühafizəkarlardan da prezidentə qarşı çıxanlar var. Dövlət başçısının mövqeyinin zəifləməsinə əsas səbəb kimi effektsiz iqtisadi siyasət göstərilir. Mühafizəkarların düşərgəsində yaranan narazılıqların kökündə Mahmud Əhmədinejadın vacib qərarlar qəbul edərkən öz mütəffiqlərini hesaba almaması dayanır. Yada salaq ki, prezidentliyə potensial namizədlər arasında paytaxt Tehranın keçmiş meri Məhəmməd Bağır Qalibafi, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti də var. Ümumiyyətlə, ən şanslı namizədlərdən sayılan Musəvinin bəyanatları onun hakimiyyətə gələcəyi tədqirdə İranda ciddi dəyişikliklərin baş verəcəyi ümidi yaradır. Azərbaycanın İrandakı keçmiş səfiri Əlyar Səfərlinin fikrincə, Musəvi hakimiyyətə gəlsə İranda ciddi islahatlar aparıla bilər: "Musəvi mütərəqqi adamdır. İranda müxtəlif vəzifələrdə çalışıb, idarəçilik təcbürəsi var. Azərbaycanlılara münasibəti də normaldır və azərbaycanlılar arasında onu dəstəkləyənlər çoxdur. Musəvinin hakimiyyətə gələcəyi tədqirdə İranda ciddi dəyişikliklərin olacağını, islahatların aparılacağını gözləyirəm. Düşünürəm ki, o ABŞ ilə münasibətlərin qaydaya salınması istiqamətində addımlar atacaq. Məsələ ondadır ki, Musəvinin prezident seçilməsi imkanları xeyli azdır. Doğrudur, Musəvinin nüfuzu çoxdur, Xatəmi də onu dəstəkləmək haqqında qərar qəbul edib. Ancaq İranda hər şeyi ali dini rəhbər həll edir. Xamneyi indiki prezidentin hakimiyyətdə qalmasında maraqlıdır. Ali dini rəhbər bu dəfə də Əhmədinejadın prezident seçilməsinə nail olacaq. Onu da nəzərə almaq lazımdır ki, ölkədə əksər dindarlar hələ də indiki prezidenti dəstəkləyir. Prezidentliyə namizədlər irəli sürülsə, təbliğat-təşviqat kampaniyası aparılsa da, bu görüntü xarakteri daşıyır. Sadəcə molla hökuməti xalqın gözünə kül üfürməklə məşğuldur və hər hansı bir dəyişikliyin baş verməsi möcüzə olardı".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar