SON XƏBƏRLƏR

Obamanın Türkiyə və İranla bağlı dedikləri

2021.10.20, 07:36
Obamanın Türkiyə və İranla bağlı dedikləri

Gunaz.tv
Obamanın Türkiyə və İranla bağlı dedikləri Orta Şərqin geosiyasi şəkli dəyişirmi? ABŞ prezidenti Barak Obamanın Avropa turnesini bütün dünya maraqla izləyir. Amerika prezidenti gözlənilən ümidləri doğruldur. O, dünya siyasətinə ciddi təsir edə bilən fikirlər ifadə edir. B.Obamanın avropalı həmkarları ilə görüşlərdə səsləndirdiyi fikirlər yeni dönəmin başlaya biləcəyindən xəbər verir. Onun Praqanın Qradçanski meydanında dedikləri bizim bölgəmizin də gələcəyi baxımından çox maraq doğurur. Burada qara dərili prezident Türkiyə və İranla ilgili diqqəti çəkən bəyanatlar verib. B.Obama Avropa Birliyinə müraciət edərək Türkiyənin quruma qəbul edilməsi zərurətunu vurğulayıb. B.Obama bunun “bütün müsəlman dünyası üçün nümunə olacağını” qeyd edib. Türkiyənin quruma üzvlüyünün bölgənin geosiyasi təhlükəsizliyində dönüş nöqtəsi olacağını da amerikan prezident vurğulayıb. Bu baxımdan Türkiyənin NATO üçün strateji əhəmiyyətini ayrıca qeyd edib. O, NATO-nun genişlənməsi prosesinin davam etməsi zərurətini deyib. Yəni ABŞ NATO-nu dünyanın təhlükəsizliyini təmin etməyin əsas modeli kimi görür. İki Avropa dövlətinin bu quruma qəbulu bu baxımdan vacib məqam kimi dəyərləndirilir. Deməli, bundan sonra Ukrayna və Gürcüstanın NATO-ya qəbulu məsələsi daha da aktuallaşacaq. Bu ölkələrin NATO-ya üzv qəbul edilməsi ilə postsovet məkanında prinsipial olaraq yeni bir dönəmin başlayacağını demək olar. Ona görə də Praqa meydanından səslənən fikirlərə gələcəyin geosiyasi şəklinin cizgiləri kimi də dəyər vermək olar. Barak Obamanın İranla əlaqəli dediklərinə dünya səviyyəsində maraq göstəriblər. B.Obama İranın dinc məqsədlərlə nüvə proqramını inkişaf etdirməyə etirazlarının olmadığını, ancaq bunun ciddi beynəlxalq nəzarət altında keçirilməsi zərurətini qeyd edib. Əgər İran hərbi məqsədlə nüvə proqramını inkişaf etdirsə, Amerika bundan müdafiə sistemi quracaq. Yəni onun Avropada raketdənmüdafiə sistemini yerləşdirməsi İranın nüvə proqramından asılı olacaq. Rəsmi Vaşinqtonun bu mövqeyi dünya səviyyəsində siyasi proseslərin yönünü müəyyən edir. Məsələ ondan ibarətdir ki, İran məsələsi ilə bağlı Rusiyanın öz mövqeyi vardır. Avropada raketdənmüdafiə sistemlərinin qurulması Rusiyanın sərhədləri yaxınlığında yeni situasiya yaradır. Bununla da Rusiyanın bir çox məsələlərdə hansı beynəlxalq situasiya ilə üz-üzə qalması İranın nüvə proqramı ilə bağlı olacaq. Rusiya bu məsələdə ABŞ-a dəstək verəcəkmi? Çox məqamlar bundan asılı olaraq inkişaf edəcək. Avtomatik olaraq Rusiyanın ABŞ-ın bu fikirlərinə qarşı atacağı addımlar maraq doğurur. Rəsmi Vaşinqton Orta Şərqin geosiyasi şəklinin əsas elementlərini qeyd etdi, indi növbə Rusiyanındır. Fransanın da NATO komandanlığına qayıtması bu prizmada əhəmiyyətli məqamı ifadə edir. Fransa NATO çərçivəsində hərəkət edəcəkdir. B.Obamanın Orta Şərqlə bağlı dediklərindən aydın olur ki, iki dövlətə “stavka” edir. Bunlar İsrail və Türkiyədir. Türkiyə ilə İsrailin dostluğunu ayrıca vurğulayan B.Obama, bölənin liderləri kimi onları gördüyünü çatdırır. Deməli, Türkiyə-İsrail münasibətləri bundan sonra müsbət yöndə inkişaf etməlidir. O halda Türkiyənin müsəlman dünyası ilə münasibətləri məsələsi əhəmiyyət kəsb etmiş olur. O cümlədən, İranla münasibətlər çox maraq doğurur. Türkiyənin İranla hazırda əlaqələri yaxşıdır. Qərb bu əlaqələrə İranın nüvə proqramını yalnız dinc məqsədlər üçün inkişaf etdirəcəyi təqdirdə maneə törətməyəcək. Bunun da Türkiyənin bütün müsəlman ölkələri ilə əlaqələrinə ciddi müsbət təsiri olacaq. Yəni Türkiyənin də geosiyasi çəkisinin İranın nüvə proqramını hansı istiqamətdə inkişaf etdirməsindən asılı olacağı nəticəsini çıxarmaq olar. Bu proseslər Orta Şərqdə sülhün yaranmasında amerikan modelinin əsas cəhətlərini ifadə edir. Ancaq İraq məsələsi tam aydınlaşmalıdır. İraqın bölünməsi təhlükəsi qaldıqca və ABŞ-ın separatizmə dəstək verməkdə davam etməsi halında sabitliyin yaranması imkansızdır. Bu baxımdan Quzey İraq məsələsi aktuallığını saxlayır. Terrorun taleyi həmin aspektdə olduqca ciddi faktordur. Orta Şərqlə yanaşı Qafqaz üçün də bunun vacibliyini vurğulasaq, məsələ tam aydın olar. Beləliklə, Barak Obama dünya üçün əhəmiyyət daşıyan əsas fikirlərini dedi. Bundan sonra hansı proseslərin meydana çıxacağını gözləmək lazım gəlir. Orxan Güneyli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar