SON XƏBƏRLƏR

MİLLİ TƏHLÜKƏSİZLİYİMİZƏ TƏHDİDLƏR MÖVCUDDUR

2021.10.20, 07:36
MİLLİ TƏHLÜKƏSİZLİYİMİZƏ TƏHDİDLƏR MÖVCUDDUR

Gunaz.tv
MİLLİ TƏHLÜKƏSİZLİYİMİZƏ TƏHDİDLƏR MÖVCUDDUR Sülhəddin Əkbər: "Bu, hərbi münaqişənin davam etməsindən və ölkənin strateji seçim etməməsindən irəli gəlir" Bu gün Azərbaycanın milli təhlükəsizliyinə çoxsaylı təhdidlər mövcuddur. Bunlar müxtəlif səbəblərdən irəli gəlir. Bu barədə Azərbaycan - Atlantik Əməkdaşlıq Assosiasiyası İctimai Birliyinin rəhbəri Sülhəddin Əkbər dünən keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, rəhbərlik etdiyi təşkilat son 4 ay ərzində "Azərbaycan Respublikasının milli təhlükəsizlik durumunun qiymətləndirilməsi" mövzusunda tədqiqat layihəsi həyata keçirib. Layihə üzərində işi assosiasiyanın analitiklərindən və politoloqlarından ibarət olan qrup aparıb. Tədqiqat layihəsinin işlənib hazırlanmasında və bir sıra müddəalarının əsaslandırılmasında Atlantik Klubun ekspertləri də fəal iştirak ediblər. Təqdim olunan bu layihə Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun (Soros Fondu) maliyyə dəstəyi ilə həyata keçirilib. S.Əkbər bildirdi ki, bu tədqiqat işində Azərbaycanda ilk dəfə olaraq aktual xarici və daxili təhdidlərin təhlili kontekstində baxılan vacib milli maraqların hərtərəfli tədqiqi, əhəmiyyətinə və kəskinlik dərəcəsinə görə sıralanması əsasında ölkənin milli təhlükəsizlik durumunun sistemli qiymətləndirilməsinə cəhd edilib. Azərbaycan Respublikasının milli maraqlarının əhəmiyyətinə və kəskinlik dərəcəsinə görə sıralanması məqsədilə tədqiqat işində "Noxterleyn matrisi"nin xüsusilə bu işdə istifadə olunması üçün təkmilləşdirilmiş və modifikasiya olunmuş variantından istifadə edilib. S.Əkbərin fikrincə, matrisin bu variantı milli maraqları kəmiyyət və keyfiyyətcə daha dəqiq qiymətləndirməyə, eyni zamanda, onlar arasındakı nisbi incə fərqləri əyani şəkildə göstərməyə imkan verir. Tədqiqatın gedişində müəyyən edilib ki, ölkənin milli təhlükəsizliyinin mövcud durumu kontekstində Azərbaycan Respublikasının başlıca maraqları Vətənin (vətəndaşın, cəmiyyətin, dövlətin və onun konstitusiya quruluşunun) müdafiəsi, demokratik inkişaf, hərtərəfli və davamlı iqtisadi inkişaf, ölkə ətrafında əlverişli beynəlxalq əhatənin yaradılması və milli birliyin təmin edilməsidir. S.Əkbər bildirib ki, tədqiqat işində ölkənin milli təhlükəsizliyinin müdafiəsi siyasətinin həyata keçirilməsində dövlət, cəmiyyət və şəxsiyyətin maraqlarının harmonik balansının təmin edilməsinin zəruriliyi müddəası da əsaslandırılıb. Tədqiqatda, eyni zamanda, Azərbaycan Respublikasının milli təhlükəsizlik strategiyasının həyata keçirilməsinə yardım etməyə imkan verən konkret nəticələr və tövsiyələr, həmçinin bu mövzu üzərində bundan sonra aparılacaq işin gedişində xüsusi və daha ətraflı öyrənilməsinə ehtiyac duyulan ayrı-ayrı hipotezlər öz əksini tapıb. S.Əkbər bu gün Azərbaycanın milli təhlükəsizliyinə əsas təhdidlərin hərbi münaqişənin davam etməsindən və ölkənin strateji seçim etməməsindən irəli gəldiyini bildirdi. Onun fikrincə, Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasında ölkənin NATO-ya inteqrasiyasının başlıca xətt olaraq göstərilməsinə baxmayaraq, reallıqda bu görünmür. Ekspert hesab edir ki, bu gün nə siyasətdə, nə də müdafiə və təhlükəsizlik sektorunda NATO-ya inteqrasiya özünü göstərir. S.Əkbər bu gün NATO-nu dünyada ən səmərəli kollektiv təhlükəsizlik qurumu hesab edir. Onun fikrincə, ərazi bütövlüyü, müstəqilliyi, demokratik inkişafı ilə bağlı problemlərin həlli üçün Azərbaycanın səmərəli kollektiv təhlükəsizlik qurumlarına cəlb edilməsinə ehtiyac var. C.MƏMMƏDOV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar