SON XƏBƏRLƏR

ABŞ-la İRAN YAXINLAŞIR

2021.10.20, 07:36
ABŞ-la İRAN YAXINLAŞIR

Gunaz.tv
ABŞ-la İRAN YAXINLAŞIR Ancaq bu proses ictimai rəyi tədricən hazırlamaqla gerçəkləşir 30 il ərzində yığılmış çoxsaylı problemlərin mövcudluğuna baxmayaraq belə getsə, deyəsən, Ağ ev İranın indiki rəhbərliyi ilə iki dövlətə aid məsələləri müzakirə etməyə başlayacaq. Düzdür, tərəflər hələ də aralarındakı müzakirələrlə bağlı ictimaiyyətə açıqlama vermək istəmir. Amma İranla ABŞ arasında münasibətlərin yumşalması beynəlxalq miqyasda bəzi gərgin nöqtələrin ortadan qaldırılması ilə nəticələnə bilər. Rusiyanın BMT-dəki səfiri Vitali Çurkin deyib ki, bu dövlətlər arasında danışıqların başlamasını bu qurumda da səbirsizliklə gözləyirlər. Livanda çıxan "Əl-Lava" qəzetinin yazdığına görə, ABŞ və İran təmsilçiləri Livanda gizli görüş keçirib, ikitərəfli münasibətlərə dair məsələləri müzakirə ediblər. Amma beynəlxalq ictimaiyyət İranın indiki hakimiyyətinə milli və insan haqları sahəsində güzəştlərə gedərsə, o zaman bu ölkədə yaranacaq gərginlik bölgənin sabitliyini pozacaq. Bu baxımdan, Vaşinqtonla Tehran arasında danışıqların əsas mövzusunun yalnız atom-nüvə proqramını deyil, həm də milli məsələni və insan hüquqları sahəsini əhatə etməsi məqsədəuyğun olar. Xatırladaq ki, bu il martın 30-da İran və Amerika diplomatlarının Moskvada bir araya gələcəyi gözlənilirdi. ABŞ-ın Dövlət Departamenti bunu təsdiqləyərək bildirmişdi ki, həmin tarixdə bir amerikalı diplomat Şanxay Əməkdaşlıq Təşkilatının rəhbərliyinin toplantısında iştirak edəcək, qurum rəsmiləri ilə görüş keçirəcək, bu zaman onun İran təmsilçisi ilə də danışacağı da istisna edilmirdi. Xəbər təsdiqini tapdı - ABŞ dövlət katibinin Cənubi və Orta Asiya üzrə müavini Patrik Mun Moskvaya səfər etdi. O burada ingilis diplomatının vasitəçiliyi ilə İslam Respublikası Xarici İşlər Nazirliyinin Cənubi və Orta Asiya üzrə müavini Mehdi Axundzadə ilə görüşdü. Müzakirələrin Əfqanıstana dair aparıldığı bildirilir. İran Xarici İşlər Nazirliyi bu görüşün keçirilmədiyini bəyan etsə də, xarici informasiya vasitələrinin məlumatı Tehranın gerçəyi gizlətdiyindən xəbər verir. Elə Rusiya XİN başçısı Sergey Lavrovun "Əfqanıstanda vəziyyətin normallaşacağına nikbinlik indi daha da artıb" deməsi də Tehran və Vaşinqton təmsilçilərinin dil tapmasını təsdiqləyir. Bir müddət öncə Dövlət Departamentinin mətbuat xidmətinin nümayəndəsi Robert Vud bildirmişdi: "Bizim diplomat Əfqanıstanla bağlı danışıqlar aparacaq. Əfqan xalqına yardım etmək, oradakı durumun yaxşılaşdırılması, fəaliyyətin əlaqələndirilməsi məsələləri ilə bağlı danışıqlar aparacaq". Qeyd edək ki, Haaqada Əfqanıstana dair keçirilən beynəlxaq konfransda İran da iştirak edib. Məlumat verildiyi kimi, Novruz bayramı qabağı ABŞ prezidenti Barak Obama və onun israilli həmkarı Şimon Peres İran xalqına müraciət etdilər. Obama bildirdi ki, onun hakimiyyəti Tehrana bir sıra güzəştlər edə bilər. Bununla belə, Ağ evin indiki sahibi İslam Respublikasının çeşidli təhdidlər edə biləcəyini də istisna etmədi. Şimon Peres isə öz növbəsində İran əhalisini təbrik edərək bildirdi: "Fikrimcə, İran xalqı indiki hakimiyyəti devirəcək, çünki bu rejim onlara xidmət etmir. Bunun belə olduğu açıq-aydındır". İslam Respublikasının ali rəhbəri ayətulla Xamneyi ABŞ prezidentinin müraciətindəki İranla "münasibətlərin yaxşılaşdırılması" ifadəsini "şüar" adlandıraraq bəyan edib ki, Amerika mövqeyini dəyişərsə, Tehran da uyğun addım atacaq: "Onlar İrana əl uzatdıqlarını söyləyirlər. Bu əl hansı məqsədlə uzadılıb? Əgər bu məxmər əlcəklərdə çuqun çubuq gizlədilibsə, o zaman belə davranış xoş məramdan uzaqdır". İranın şimal-şərqində, Məşhəddəki mitinqdə çıxışı zamanı ayətulla Xamneyi Barak Obamanın martda İrana qarşı tətbiq etdiyi yeni iqtisadi sanksiyaları xatırladaraq bildirib ki, bu, Vaşinqtonun Tehrandan hələ də ehtiyat etdiyinə, ona etimad göstərmədiyinə sübutdur: "Onlar yeni il müraciətində İrana əl uzadır, ölkə əhalisini təbrik edirlər. Eyni zamanda, İranı terrorçuluqda və nüvə silahı istehsalında suçlayırlar. Biz soruşuruq: ədalətsiz sanksiyanı ləğv edib həbs qoyduğunuz aktivlərimizi (1979-cu il inqilabından sonra İranın ABŞ-da dondurulmuş maliyyə vəsaitindən söhbət gedir - S.S.) geri qaytaracaqsınızmı? İrana qarşı təbliğatdan imtina edəcəksinizmi?" İranın ali rəhbərinin fikrincə, Ağ evin yeni sahibi etibar qazanmaqdan ötrü İslam Respublikasına və bütövlükdə bölgəyə yönəlik siyasətini dəyişməli, "başqa millətlərə qarşı arxayıncasına hücum etməyi" dayandırmalıdır. Xamneyi ABŞ-la danışıqlara dair üç il öncə tətbiq etdiyi yasağın davamlılığını istisna etməyərək deyib: "Amerikanın yeni hakimiyyəti ilə danışıqlar aparmaq təcrübəmiz yoxdur. Biz gözləyəcəyik. Əgər siz öz mövqeyinizi dəyişsəniz, biz də dəyişəcəyik. Siz bu istiqamətdə addım atmayacağınız təqdirdə biz də 30 illik təcrübəmizi inkişaf etdirəcəyik". Xatırladaq ki, Barak Obama müraciətində İran xalqını yeni əlaqələr qurmağa çağırıb. İngilis dilində yayımlanan bu müraciət İran televiziyalarında fars dilində subtitr tərcümə ilə verilib. Ağ evin sahibi ABŞ-ın İranla münasibətləri normallaşdırmağa hazır olduğunu bildirib. Prezident İrana təklif edib ki, keçmişdəki fikir müxtəlifliyi artıq dəf edilib: "ABŞ istəyir ki, İslam Respublikası beynəlxalq aləmdə öz yerini tutsun, ancaq bunun terrorçuluq və silahla əldə edilməsi mümkünsüzdür. Biz qarşımızda duran bütün problemlərin aradan qaldırılmasından ötrü diplomatik üsulu gerçəkləşdirmək niyyətindəyik". Əlavə etmək lazımdır ki, Obama İrana qarşı iqtisadi sanksiyanın müddətini bir il də uzadıb. Ağ ev bunu "milli təhlükəsizliyinə, xarici siyasətinə, iqtisadiyyatına fövqəladə hədə" ilə əsaslandırıb. Qeyd etmək lazımdır ki, Barak Obamanın məlum müraciəti ABŞ mətbuatında da dəyərləndirilib. Bəziləri ABŞ - İran münasibətlərinin yaxşılaşmasının Vaşinqtona baha başa gələcəyini desə də, başqa bir qrup hesab edir ki, iki ölkə arasında dialoqun qurulması vaxtı çatıb. "Nyu-York tayms"ın yazarı hesab edir ki, Obamanın müraciətində 4 əsas məqsədi vurğulamaq olar. Birincisi, "İslam Respublikası" ifadəsini işlətməklə Obama rejim dəyişikliyini siyasi kurs kimi gündəlikdən çıxarır. İkincisi, bununla o, problemin hərbi yolla həll edilməsi variantını masanın üzərindən götürür. Üçüncüsü, Ağ Evin indiki sahibi İran hakimiyyətinin qəbul etmədiyi "kökə-kötək" yanaşmasından imtina edir. Nəhayət, bu yolla Tehranın nüvə proqramı müzakirədən çıxarılır. Bir qrup təhlilçinin fikrincə isə, İranın indiki hakim rejimi ABŞ-la münasibətləri normallaşdırmaqda maraqlı deyil. Söhbət heç də nüvə proqramını gerçəkləşdirib-gerçəkləşdirməməkdən getmir. Əsas prinsipial məqam ABŞ və Qərblə münasibətləri yaxşılaşdırdıqdan sonra İranda siyasi ab-havanın liberallaşmağa doğru gedəcəyinin qaçılmaz olmasıdır ki, mühafizəkar mollalar da bunu rejimə təhlükə sayırlar. Beləliklə, ABŞ - İran münasibətlərinin tezliklə, daha doğrusu, İslam Respublikasında prezident seçkisindən öncə normallaşacağını söyləmək mümkün deyil, bununla belə, danışıqların sürətlənəcəyi də istisna edilmir. Bundan başqa, ABŞ - İran danışıqlarına dair xəbərlərin xəsisliklə ötürülməsi həm də bu iki ölkənin, eləcə də beynəlxalq ictimaiyyətin rəyinin tədricən hazırlanmasını ehtimal etməyə əsas verir. Çünki Amerikanın müttəfiqləri arasında bu yaxınlığı arzulamayanlar da var. İranda isə rejimin siyasi-ideoloji xəttinin əsasını Amerikaya nifrət təşkil edir. S.SƏDRƏDDİN

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar