SON XƏBƏRLƏR

Azərbaycanın diplomatik mübarizəsi nəticə verdi

2021.10.20, 07:36
Azərbaycanın diplomatik mübarizəsi nəticə verdi

Gunaz.tv
Azərbaycanın diplomatik mübarizəsi nəticə verdi Ermənilərin ümidi yenə də puça çıxır. Türkiyə Ermənistan sərhəddi, Dağlıq Qarabağ münaqişəsi həll edilməyənədək açılmayacaq. Son günlər sərhədlərin açılması ilə bağlı Türkiyə və Ermənistan mediasında səsləndirilən fikirlər Yerevanda ciddi qarşılanmışdı. Ermənilər hətta bir az da irəli gedərək sərhədlərin açılacağı dəqiq tarixi müəyyən etmişdilər – 16 aprel. Amma Türkiyə prezidenti Abdullah Gülün Esenboğa hava limanında verdiyi müsahibə bütün müəmmaları aradan qaldırdı. «Xəbərlər yanlışdır. Dağlıq Qarabağ münaqişəsi həll edilməyənədək Türkiyə Ermənistan sərhədləri açılmayacaq». Təkcə Azərbaycanın yox, dünyanın da narahatlığına son qoyuldu. Dağlıq Qarabağ münaqişəsinin həllinə çalışan beynəlxalq qurumların mövqeyinə görə Türkiyənin Ermənistanla sərhədləri açması danışıqlar prosesinə ağır zərbə ola bilər. ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza Bakıda keçirdiyi görüşlərdən sonra açıq şəkildə bəyan etdi ki, türkiyə Ermənistan sərhədlərinin açılması, ən yaxşı halda, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə paralel reallaşa bilər. Brayza Türkiyənin münaqişənin həllində əhəmiyyətli rol oynadığını da vurğuladı. Ekspertlərin fikrincə, Azərbaycanın qətiyyətli mövqeyi, sürətli diplomatik gedişləri Qərbi və Ankaranı başa saldı ki, Bakı Türkiyə Ermənistan sərhədlərinin açılmasını sakit qarşılamayacaq. Öz təsir rıçaqlarından istifadə etməyə çalışacaq. Əvvəla, Gürcüstana səfəri zamanı xarici işlər naziri bəyan etdi ki, türk-erməni sərhədlərinin açılması Azərbaycanın maraqlarına ziddir və Bakı qardaş dövlətdən bu cür addım gözləmir. Azərbaycan parlamenti də işə qarışdı, Ankaraya protest mesajları göndərildi. Bu cür diplomatik gedişlər Türkiyədə də narahatlıq yaratmışdı. Hətta bəzi qəzetlər daha da irəli gedərək yazırdı ki, sərhədlər açılsa, Azərbaycan Türkiyəyə təbii qaz ixracını dayandıracaq. Sadalanan faktlar və Azərbaycanın beynəlxalq nüfuzu Türkiyəni Ermənistanla sərhədləri açmaqdan çəkindirdi. Beləliklə, Ermənistanın taleyi yenə öz əlindədir. Hərtərəfli blokadadan çıxıb rifaha qovuşmaq üçün gec-tez tarixi Azərbaycan torpaqlarından çəkilmək lazım gələcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar