SON XƏBƏRLƏR

TÜRKİYƏ ERMƏNİSTANA QAPI AÇSA… . Elxan ŞAHİNOĞLU

2021.10.20, 07:36
TÜRKİYƏ ERMƏNİSTANA QAPI AÇSA… . Elxan ŞAHİNOĞLU

Gunaz.tv
TÜRKİYƏ ERMƏNİSTANA QAPI AÇSA… Elxan ŞAHİNOĞLU «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri [email protected]/* */ elxan.azeriblog.com ABŞ-ın nüfuzlu “Wall Street Cournal” qəzeti Türkiyə-Ermənistan sərhədinin aprelin 16-da açılacağını yazıb. Məntiqlidir. Türkiyə-Ermənistan sərhədinin açılacağı gün, çox güman ki, 6-24 aprel aralığına təsadüf edəcək. Aprelin 6-da Barak Obamanın Türkiyəyə səfəri başlayır. Obama türkiyəli rəsmilərə “erməni soyqırımını” tanımayacağını açıqlayarsa, Ankara bunun qarşılığında Ağ ev sahibinə yaxın günlərdə Ermənistanla sərhədi açacağını vəd edə bilər. “Ermənistanla sərhədi açdıq” açıqlaması isə ermənilərin “soyqırım” kimi qəbul etdikləri 24 aprelə qədər səslənməlidir ki, Obamanın erməni lobbisinə verdiyi vədi yerinə yetirməməsi üçün əlində tutarlı əsası olsun. Keçək məsələnin ikinci və daha ağır tərəfinə. Ermənistanla sərhədin açıldığı günün sabahısı Türkiyə-Azərbaycan münasibətləri necə olacaq? Hadisələrin inkişafının iki mümkün variantı var: ya rəsmi Bakı sərhədin açılması müqabilində Ankarayla münasibətlərdə məsafə alacaq, ya da ilkin etirazına rəğmən Türkiyəylə strateji müttəfiqlikdən geri addım atmayacaq. Birinci emosional, ikinci isə soyuqqanlı variantdır. Hələ ki, Bakıdan emosional səslər eşidilir. Dünən Tiflis səfərində olan xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərin suallarına cavabında ermənilər işğal altındakı Azərbaycan torpaqlarını boşaltmayınca Ankaranın İrəvanla sərhədləri açmasını milli maraqlarımıza zidd kimi dəyərləndirib. Məmmədyarov bunu rəsmi Ankaranın da diqqətinə çatdırdıqlarını deyib. Türkiyə mətbuatında belə bir xəbər də yayılıb ki, Azərbaycan prezidenti İlham Əliyev Ankaranın Ermənistanla sərhədi açması hazırlıqlarından xeyli narazı qalıb və cavab olaraq qaz ixracıyla bağlı Moskvayla anlaşıb. Əlbəttə, rəsmi Bakı Ankaranın addımından qəzəblənərək demarş xarakterli müəyyən açıqlamalar səsləndirə bilər. Ancaq Moskvayla tələsik qaz anlaşması imzalamaqla Ankaraya nəyi sübut edirik? Onsuz da Bakı-Tbilisi-Ərzurum xəttiylə Türkiyəyə qaz ixrac edirik və bu prosesi dayandırmaq kimsənin iqtidarında deyil. O ki qaldı əlavə qaz ixracına, Türkiyə Azərbaycansız da Rusiya və İrandan kifayət qədər mavi yanacaq alır. Əslində Türkiyənin Ermənistanla sərhədi açması qərarını soyuqqanlı qarşılamaq lazımdır. Əlbəttə, sərhədin açılmasının Azərbaycanın maraqlarına uyğun gəlmədiyini vurğulamaq lazımdır, ancaq etirazı uzatmağa, hansısa hədə tipli ifadələrə üstünlük verməyə də gərək yoxdur. Ola bilsin ki, sərhədin açılmasıyla “bir millət iki dövlət” prinsipinin işləmədiyi üzə çıxacaq, ancaq biz Türkiyə ilə yalnız eyni kökə sahib olduğumuza görə müttəfiq deyilik ki! Eyni kökə qalsa, gərək Rusiya və Ukrayna bu gün müttəfiq olaydılar. Türkiyə ilə Azərbaycanın siyasi, iqtisadi və təhlükəsizlik maraqları üst-üstə düşür, Ankara Ermənistanla sərhədi açmağa hazırlaşmasına rəğmən bu dövləti işğalçı sayır, Azərbaycanın torpaq bütövlüyünü dəstəkləyir və s. Bu sıraya Azərbaycanın müdafiə qüdrətinin artırılmasında Türkiyənin oynadığı rolu da əlavə etmək lazımdır. Odur ki, sərhədin açıqlmasına görə neçə illik müttəfiqimizdən imtina edə bilmərik. Ancaq Türkiyənin də müttəfiqliyə sadiq qalması tələb olunur. Doğrudur, Türkiyə yeni addımlarıyla Qərb dövlətlərinin təzyiqindən yaxa qurtaracaq, ancaq müttəfiqinin ən vacib problemini də düşünmək məcburiyyətindədir, yoxsa həqiqətən Türkiyə-Azərbaycan münasibətləri İran-Azərbaycan münasibətlərindən fərqlənməyəcək. Ankara Ermənistanla qurduğu münasibətlərin qarşılığında İrəvana Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində təzyiqlərini artırmalıdır. Bu arada ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayzanın Azərbaycana səfəri təsadüfi deyil. Brayza bu yaxınlarda, martın 27-də Bakıda olmuşdu. Demək, amerikalı diplomatı bircə həftə sonra Bakıya yenidən gəlməyə məcbur edən səbəb Dağlıq Qarabağ problemiylə bağlı deyil. Fikrimcə, Metyu Brayza Türkiyə-Ermənistan sərhədinin açılmasını müzakirə etmək üçün Bakıya təşrif buyurub. Vaşinqton Türkiyə-Ermənistan sərhədinin açılması qarşılığında Azərbaycanın Rusiyaya daha çox meyillənə biləcəyindən ehtiyat edir. Vaşinqtonun Brayza vasitəsilə Bakıya göndərdiyi mesajı təxminən belə oxuya bilərik: “Türkiyə-Ermənistan sərhədinin açılması qarşılığında yanlış addımlar atmayın”. Görək, rəsmi Bakı bu mesajı necə oxuyacaq, sərhədin açılmasını soyuqqanlı qarşılayacaq, yoxsa emosinal addımlara üstünlük verəcək?

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar