SON XƏBƏRLƏR

Tərs düşən Qars

2021.10.20, 07:36
Tərs düşən Qars

Gunaz.tv
Tərs düşən Qars "Bu seçkilərdə hakimiyyətdəki partiyanın qələbəsi təxminlənəndi. Müxalifətdəki partiyaların istisnasız olaraq hamısı seçkiqabağı kampaniyalarını burada yanlış apardılar və unutdular ki, insanları xarici siyasət, kimlərinsə kimləsə münasibətləri, tarix və ya olub keçmişlər yox, indiki həyat maraqlandırır. Həyat şəraiti isə burada heç yüngül deyil. Qalib gələn namizəd də həm inzibati resursdan, həm hakimiyyətdəki partiyanın dəstəyindən, həm də yerli camaatın bələdiyyə sədrindən bezməsindən məharətlə istifadə etdi". Türkiyədəki bələdiyyə seçkilərinin nəticələrindən danışan azərabaycanlı Sərdar Kuzu sinirlənir. O, qarslıdı və burada illərdən bəri yerli azərbaycanlıların maraqlarını heç nəzərə alınmayan birinin indi də yalnız Ankaradan gələcək göstərişlər əsasında çalışacaq adamla əvəzləndiyini söyləyir. Lakin Sərdar bəyi ən çox narahat edən Qarsın aşkar ermənipərəst bələdiyyə başqanı Naif Əlibəyoğlunun siyasi mirasının yeni başqan Nevzat Bozkuş tərəfindən birmənalı şəkildə pislənməməsidi. Tam əksinə, Bozkuşun seçkiqabağı mitinqlərdə dediyi, görüşlərdə söylədiyi fikirlər onun da Ermənistanla sərhədin açılması, "Türkiyə-Ermənistan əlaqələrinin normallaşması" istiqamətində fəal çalışmaq niyyətini ortaya qoyur. Türkiyədə keçirilmiş bələdiyyə seçkiləri əsnasında Qarsdakı namizədlərin qarşıdurması da hər vilayətdə olduğu kimi, sərt keçib. AKP namizədi Necati Bozkuş 11794 səs və ya bütün səslərin 32,7%-ni toplayaraq qalib gəlib. Milliyyətçi Hərəkat Partiyası (MHP) namizədi 10058 (27,9%), CHP - 7,957 (22,1%) yığıb. Daha doğrusu, Qarsın əvvəlki bələdiyyə başqanı Naif Əlibəyoğlu iqtidar partiyasının mənsubu N.Bozkuşa ciddi məğlub olub. Qarsdakı seçicilər isə azərbaycanlılar, osmanlılar, kürdlər, türkmənlər, tərəkəmələrdi. Dini baxımdan isə onlar sünnilər və ələvilərə bölünürlər. Seçkilərin ən maraqlı yönlərindən biri də budur ki, yerli azərbaycanlıların eynən qonşu İğdırda olduğu kimi səsləri boşuna xərcləyərək öz namizədlərinin qələbəsini təmin edə bilmədiyi Qarsda əvvəlki bələdiyyə başqanı, CHP mənsubu N.Əlibəyoğlu ötənlərdə AKP-nin yerli bölməsinin rəhbəri olub. Seçkilərin qalibi N.Bozkuş AKP siyahısı ilə qalib gəlsə də, əvvəllər Cümhuriyyət Xalq Partiyasının Qarsdakı ən aktiv funksioneri idi. Onlar seçkiqabağı kampaniyada xüsusilə azərbaycanlı və kürd seçicilərin səsləri üçün mübarizə aparıblar. Qarslı soydaşımız Həsən Ərtuğrulun dediyinə görə, seçkilərdə uduzan ölkənin müxalifət partiyalarının namizədləri yox, onlar oldu. "Qarslı azərbaycanlılar üçün bələdiyyə seçkiləri həm də yerli hökumətin seçilməsi idi və buna görə də çox önəmli məsələydi. Açığını deyim ki, Qarsı başqalarına, xüsusilə də kürdlərə qapdırmaq istəmirdik. Amma məqsədimizə çatmadıq", - H.Ərtuğrul söylədi. Qarsda 55800-ə yaxın azərbaycanlı seçici var və onların da əksəriyyəti MHP-yə, yerdə qalan qismi də AKP-yə səs verib. Səbəb sadədir: Qarsın əvvəlki bələdiyyə başqanı, kürd Naif Əlibəyoğlu aşkar ermənipərəst siyasət yürüdüb. "Bu adam sanki Qarsın yox, Yunanıstanın hansısa bir vilayətinin bələdiyyəsinə başçılıq edirdi. Oturub-durub "Ermənistanla əlaqələrimizi normallaşdırmalı, yaxşı məcraya salmalı, sərhədi açmalı, sərhədyanı ticarəti genişləndirməliyik söyləyirdi. Açığı, artıq zinhara gətirmişdi bizi. Onu da anlayırdıq ki, Əlibəyoğlu yenə bələdiyyə başqanı seçilsəydi, çirkin niyyətlərinə çatmaq üçün səylərini daha da artıracaqdı. Buna görə də Milliyyətçi Hərəkat Partiyasına üz tutduq", - qarslı Leyla Əkinçi söylədi. Yerli azərbaycanlıların sözlərinə görə, soydaşlarımızın bir qisminin AKP mənsubunu dəstəkləmələri də məhz protest əhval-ruhiyyəsi ilə bağlı olub. Qarsdakı kürdlərə gəldikdə isə, onlara bələdiyyə seçkilərinə 16400 seçici ilə qatılıblar və tam əksəriyyəti də sırf etnik siyasət yeridən Demokratik Toplum Partiyasına (DTP) səs veriblər. Kürdlərin az qismi isə səslərini MHP istisna olmaqla, digər partiyaların namizədlərinə veriblər və hətta Cumhuriyyətçi Xalq Partiyası (CHP) belə, kürdlərin belə davranışından bəhrələnə bilib. Qarsdakı 5 min tərəkəmə CHP və AKP, 1500 ələvi isə CHP-ni dəstəkləyib. Qarslı azərbaycanlıların dediklərinə görə, onların CHP namizədi Naif Əlibəyoğluya qarşı mübarizələri MHP mənsubu Səttar Kaya və AKP namizədi Nevzat Bozkuşu dəstəkləmələri ilə nəticələnib. Vilayətdə işsizliyin artması, yerli iqtisadiyyata investisiyaların azalması da öz rolunu oynayıb. Müşahidəçilər hesab edir ki, CHP-ni Qarsı əldən verməsi və vilayətə AKP-nin "yiyələnməsi"nin əsas sirri baş nazir Rəcəb Tayyib Ərdoğan hökumətinin son illərdə vilayətdə apardığı işlərdir. Yeni yollar çəkilib, məktəblər tikilib, ucqar kəndlərin kommunikasiya və infrastruktur problemləri həll olunmağa başlayıb. "Sabançı", "Çelik", "Zorlu Qrubu" və "Çukurova" kimi iri holdinqlər də Qarsda müəssisələr açmağa başlayıblar. Yerlilər də bunu problemlərdən yaxa qurtarmağın başlanğıcı sayaraq ümidlərini AKP-yə bağlayıblar. Qarslı azərbaycanlılar da eynən bu cür davranıb. Kürdlərin DTP partiyası isə Qarsdakı duruma əla bələd olduğundan, yerli kürdlərin dəstəyinə arxalanaraq Ayşə Alınakın qələbəsi üçün əlindən gələni edib. İş o yerə çatıb ki, kürdlər yerli azərbaycanlılarla "münasibətləri isitmək" üçün soydaşlarımıza doğma dilimizdə müraciətlərin lentə alındığı təbliğat kasetləri belə, paylayıblar. Ermənistanla münasibətlərə gəldikdə isə, əfsuslar olsun ki, Qarsda əvvəlki bələdiyyə başqanı, kürd Naif Əlibəyoğlunun yolunun davam etdirilməyəcəyini söyləmək mümkün deyil. Zira seçkilərin qalibi Nevzat Bozkuş Qarsda işgüzar həyatı aktivləşdirmək üçün Ermənistanla sərhədyanı ticarətin "çox mühüm məsələlərdən biri" sayır. Həsən AĞACAN

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar