SON XƏBƏRLƏR

AZƏRBAYCANIN MİLLİ MƏCLİSİNDƏ TÜRKİYƏ İQTİDARI CİDDİ TƏNQİD OLUNDU

2021.10.20, 07:36
AZƏRBAYCANIN MİLLİ MƏCLİSİNDƏ TÜRKİYƏ İQTİDARI CİDDİ TƏNQİD OLUNDU

Gunaz.tv
AZƏRBAYCANIN MİLLİ MƏCLİSİNDƏ TÜRKİYƏ İQTİDARI CİDDİ TƏNQİD OLUNDU Milli Məclisin bugünkü iclasında cari məsələlərin müzakirəsi zamanı deputatlar Türkiyə iqtidarını ciddi tənqid ediblər. Ümid Partiyasının sədri İqbal Ağazadə çıxışında son zamanlar Dağlıq Qarabağ münaqişəsi və Türkiyənin Ermənistanla sərhədləri açacağına dair xəbərlər yayıldığını söyləyib. O təklif edib ki, Milli Məclisdə bu məsələlərlə bağlı qapalı müzakirələr keçirilsin: “Biz yayılan məlumatların nə dərəcədə həqiqətə uyğun olduğunu bilmirik. Müzakirələr olmalıdır ki, ən azı millət vəkilləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məlumat əldə edə bilsinlər”. İ.Ağazadə qeyd edib ki, Türkiyə Ermənistanla sərhədi açsa, bu, 1991-ci ildən formalaşmış siyasətin yeni müstəviyə keçməsi demək olacaq: “Bununla bağlı Azərbaycan tərəfi Türkiyədən kifayət qədər ciddi məlumat almır. Türkiyə siyasəti hazırda bu ölkədə hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyası ilə məhdudlaşmır. Türkiyə daxilində ictimai təşkilatlar, vətəndaş cəmiyyəti nümayəndələri, siyasi partiyalar bu məsələdən ciddi narahatdırlar. Ona görə də Azərbaycamn parlamentinin nümayəndə heyəti Türkiyəyə səfər etməli, partiyalar, ictimaiyyət və KİV-lə çoxtərəfli görüşlər keçirib məsələnin mahiyyətini Türkiyə ictimaiyyətinə çatdırmalıdır. Biz bunu etmədikcə Türkiyədə Azərbaycanın xeyrinə formalaşmış siyasət arxa plana keçir. Türkiyədə vətəndaş cəmiyyəti nümayəndələri Azərbaycan cəmiyyətindən dəstək görmürlər”. Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, Türkiyə parlamentindən Azərbaycanın qadın deputatlarına dəvət gəlib: “Bu məsələni müzakirə etmək üçün Türkiyəyə səfər olacaq. Bundan başqa, Türkiyə parlamentində təmsil olunan partiyalar Bakıda mövzu ilə bağlı konfrans keçirəcəklər”. O.Əsədov Türkiyənin Ermənistanla sərhədi açması barədə məlumatlara da münasibətini diqqətə çatdırıb: “Mən baxıram ki, televiziyada bəzi politoloqlar sərhədlərin açılmasını Azərbaycanın qələbəsi kimi təqdim edirlər. Amma şəxsi fikrimi deyirəm, sərhədlərin açılması Azərbaycanın xeyrinə deyil. Bu istiqamətdə işləməli və fəaliyyətimizi gücləndirməliyik”. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev isə Türkiyə iqtidarını Azərbaycana xəyanətdə suçlayıb. O həmçinin amerikalıların 20-ci əsrdə yaponlara qarşı törətdiklərinin soyqırım kimi tanınması üçün layihə hazırladıqlarını bildirib. Q.Həsənquliyev Türkiyənin və başqa dövlətlərin parlamentlərinə də bu barədə müraciət olunmasını təklif edib. Ana Vətən Partiyası sədrinin müavini Zahid Oruc deyib ki, Türkiyə-Ermənistan sərhədi həm də psixoloji sərhəddir və bu səddin götürülməsi Türkiyə-Azərbaycan münasibətlərinə zərər vura bilər: “Ona görə də Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycana dəvət olunmalı və bu məsələ ilə bağlı onunla ciddi müzakirə aparılmalıdır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar