SON XƏBƏRLƏR

ABŞ-Gürcüstan hərbi əməkdaşlığı

2021.10.20, 07:36
 ABŞ-Gürcüstan hərbi əməkdaşlığı

Gunaz.tv
ABŞ-Gürcüstan hərbi əməkdaşlığı Qafqazda geosiyasi qüvvələr nisbəti dəyişirmi? Gürcüstanla ABŞ arasında hərbi əməkdaşlığın yeni səviyyəyə qalxacağı barədə informasiyalar artır. Amerikanın hərbi nümayəndələri Gürcüstana gəlirlər və müxtəlif fikirlər bildirirlər. Generallardan biri Gürcüstan ordusunun Güney Osetiyada hansı işləri gördüyündən tam məlumatları olduğunu bildirib. O, Gürcüstan ordusunun perspektivinə inandıqlarını ifadə edib. Rəsmi Moskva bu kimi işləri həyəcanla qarşılayıb. Londonda Medvedyevlə Obamanın görüşündə Qafqaz məsələsi də müzakirə edilib. Prezidentlər Qafqazla bağlı fikir ayrılığının olduğunu görüşdən sonra bəyan ediblər. Burada söhbətin daha çox Gürcüstanın gələcək taleyindən getdiyini təxmin etmək olar. Amerikanlar Abxaziya və Güney Osetiyadan rus qoşunlarının çıxarılmasını və onların müstəqilliyinin ləğv edilməsini istəyirlər. Ruslar isə Kosovo faktorunu ortaya atırlar. Hər iki tərəf hələlik mövqeyindən çəkilmir. Ona görə də London görüşündə Qafqazla bağlı ortaq fikir formalaşmayıb. Buna baxmayaraq, tərəflərin müzakirələri davam etdirməsi barədə razılıq əldə edilib. Belə görünür ki, ABŞ Gürcüstanla hərbi əməkdaşlığı daha da genişləndirəcək. O, Gürcüstan ordusunun yenidən qurulması işini təşkil edəcək. Bu da Qafqazda Rusiyanın qurduğu təhlükəsizlik sisteminə alternativ sistemin formalaşdığını göstərir. Amerikanlar Gürcüstanda özlərinin hərbi dayaqlarını yarada bilərlər. Rəsmi Tbilisi bir neşə dəfə buna hazır olduğunu bildirib. Əgər amerikanlar Gürcüstanda hərbi təmsilçiliyini genişləndirsə, bölgədə durum dəyişəcək. Artıq Rusiyanın birmənalı nəzarətindən söhbət gedə bilməyəcək. ABŞ-Gürcüstan hərbi ittifaqı Ermənistan və İran məsələsinə də yeni çalarlar gətirəcək. İranla müəyyən tərpənişlərin olduğu müşahidə edilir. Son 30 ildə ilk dəfə rəsmi olaraq iki ölkə arasında birbaşa təmaslar olub. Bu, Əfqanıstanla bağlı keçirilən konfransda Riçard Holbrukla İranın xarici işlər nazirinin müavini arasında olub. Onlar qısa müddətdə “səmimi söhbət” ediblər. Bu barədə ABŞ-ın dövlət katibi Hillari Klinton rəsmi olaraq bildirib. Tərəflər bu kimi görüşlərin davam etməsini məqsədəuyğun sayıblar. Ancaq konfransda İran ABŞ-ın Əfqanıstanda qoşunların sayını artırması xəttini tənqid edib. Buna baxmayaraq, iki ölkə arasında dialoqun yaranması haqqında artıq ciddi surətdə danışırlar. Ehtimal var ki, onlar aralarındakı münaqişəni dinc yolla cözə bilsinlər. Bəs onda ABŞ-ın Gürcüstanda hərbi varlığını artırmaq siyasəti nəyə lazımdır? Belə hesab edirlər ki, Qərbin əsas hədəfi Rusiyadır. Rusiyanın qulağının dibində NATO-nun dolaşması prosesi davam edir. NATO Gürcüstanda möhkəmlənsə, Orta Asiyaya və Əfqanıstana nüfuz etmək işi xeyli asanlaşacaq. Qərb hərbi olaraq Güney Qafqazda möhkəmlənəndə Ermənistan faktoru da geosiyasi və hərbi statusunu dəyişmiş olur. Ermənilərin öncəki dövrlərdə olduğu kimi yalnız Rusiyaya arxalanması başa çatır. Rusiya ilə yanaşı Amerikanın da hərbi varlığı bölgədə dəngələri təzələməlidir. O baxımdan Gürcüstanın Ermənistan üçün hərbi hədəfə çevrilməkdə olduğunu demək lazım gəlir. Bu da iki ölkə arasındakı münasibətləri qeyri-müəyyənliyə doğru aparır. Xüsusilə, Cavaxetiya məsələsində Ermənistan mövqeyinə yenidən baxmalı olacaq. Oranı Gürcüstandan qoparmaq planı ilə vidalaşmaq lazım gələcək. Eyni zamanda, Dağlıq Qarabağ məsələsində situasiyanın dəyişmə ehtimalı artır. Qafqazdakı durum həm də Türkiyənin ABŞ-la əməkdaşlığında yeni mərhələyə qalxması ilə bağlı olacaq. Amerika Türkiyəni bölgədə özünün ən yaxın müttəfiqi olaraq gördüyünü nümayiş etdirir. AB də bu mövqedədir. Almaniya rəsmi olaraq Türkiyənin Qafqazdakı fəaliyyətini dəstəklədiyini bəyan edib. Deməli, ABŞ-Gürcüstan hərbi əməkdaşlığının bir ucu Türkiyənin bölgədəki hərbi varlığına bağlanacaq. Bu da uzun illərdən sonra Qafqazda olduqca maraqlı bir durum yaratmış olur. Ermənistan mövcud olmağa başladığı illərdən bu yana ilk dəfə olaraq türk faktorunu Qərblə bir yerdə qəbul etməli olacaq. Bunun hansı sonuclar verəcəyini maraqla gözləməkdəyik. ABŞ-Gürcüstan hərbi əməkdaşlığının yeni səviyyəyə qalxmasının bölgənin geosiyasi durumuna ciddi təsir edəcəyi haqqındakı fikirlər bölgədə bütövlükdə durumun yeniləşməsi ehtimalının mövcudluğunu göstərir. Böyük güclərin bu dartışması bölgədə digər sahələr uğrunda nüfuz savaşını intensivləşdirəcək. Yəni Qafqaz aktiv geosiyasi mərhələyə qədəm qoymaqdadır. Orxan Güneyli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar