SON XƏBƏRLƏR

Qubadakı kütləvi məzarlıq dağılır

2021.10.20, 07:36
Qubadakı kütləvi məzarlıq dağılır

Gunaz.tv
Qubadakı kütləvi məzarlıq dağılır "Ciddi tədbirlər görməsək, yağış məzarlığını yuyub aparacaq, məzarlıqdan əsər-əlamət qalmayacaq" Qubada 1918-ci ildə azərbaycanlılara qarşı törədilən soyqırımın, erməni vəhşiliyinin bariz nümunəsi olan kütləvi məzarlığın aşkar olunmasından iki il ötür. Xatırladaq ki, 2007-ci il aprelin 1-də Qubanın şimal hissəsi, Qudyalçay sahilində futbol meydançasının ərazisini genişləndirmək məqsədilə aparılan qazıntı zamanı böyük bir məzarlıq aşkar olunub. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşlarının aprelin 8-dən apardığı təhqiqat işləri isə məzarlıqdakı insan sümüklərinin Azərbaycan türklərinə və burada kompakt yaşayan milli azlıqlara aid olduğunu təsdiq edir. Qeyd edək ki, 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım aktı Quba qəzasında da baş verib. 1918-ci ildə Xalq Komissarları Sovetinin komissarı Stepan Şaumyanın göstərişi ilə erməni generalı Hamazasp həmin ilin aprel ayının axırında əsasən erməni millətçilərindən təşkil edilmiş 2 min nəfərlik "cəza dəstəsi" adlandırılan hərbi dəstə ilə Quba qəzasına girir. Beləliklə, mayın 1-dən 10-na qədər ermənilər burada yerli camaata qarşı qırğınlar törədir və Quba qəzasında 40 minə yaxın dinc əhaliyə divan tutulur. Beləliklə, ermənilərin üst-üstə Qubada həyata keçirdikləri soyqırım nəticəsində 16 mindən artıq dinc əhali qətlə yetirilir. Lakin təəssüflə bildirək ki, erməni vəhşiliyini sübut edən Quba məzarlığı bu gün uçub-dağılmaq üzrədir. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitunun əməkdaşı, Quba məzarlığı ekspedisiyasının rəhbəri Qəhrəman Ağayevin sözlərinə görə, qurunt sularının üzə çıxması nəticəsində quyulardan biri tamam dağılıb: "Arxeologiya və Etnoqrafiya İnstitutu buradakı qurunt sularının qarşısının alınması və sümüklərin mühafizəsi məqsədilə Nazirlər Kabinetinə məktublar yazıb ki, artıq sümüklərdə çürümə başlayıb. Əslində bu çürümə yox, parçalanmadır. Çünki burda nəmişlikdir və birdən-birə hava vurur deyə, sümüklər parçalanır. Bunun qarşısını almaq üçün lazım olan kimyəvi maddələrin siyahısını da Nazirlər Kabinetinə vermişik. Amma bu günə kimi hələlik nəticəsi yoxdur". Məzarlıqda muzey tikilməsi üçün təkliflərin də NK-ya verildiyini deyən Q.Ağayevə görə, hələlik bundan da bir xəbər-ətər yoxdur: "Əgər tezliklə ciddi tədbirlər görməsək, buranı yağış yuyub aparacaq, məzarlıqdan əsər-əlamət qalmayacaq". Ağayev aşkar edilmiş 514 kv.m sahənin 20 kv.metrini beynəlxalq eksprtlər üçün saxladıqlarını qeyd edərək, indiyə kimi 494 kv.m sahədən 400-dən artıq insan kəlləsinin çıxdığını da diqqətə çatdırdı. "Beynəlxalq ekspertlər üçün saxlanmış sahədə isə 200-dən artıq insan sümüyünün olduğu hesablanıb. Bu da onu göstərir ki, ermənilər 1918-ci ildə təkcə "Pristav bağı" deyilən ərazidə 600-dən çox azərbaycanlını, o cümlədən 14 yəhudini amansızcasına qətlə yetirərək bu məzarlıqldakı quyulara töküb". Deputat Qənirə Paşayeva da vəziyyətin acınacaqlı olduğunu etiraf edərək, məsələ ilə bağlı baş nazir Artur Rəsizadəyə bir daha müraciət edəcəklərinə söz verdi. Deputat Baba Tağıyev isə əvvəlcə məzarlığa gedən yoldan şikayətləndi. Dedi ki, bu iki ildə bir neçə yüz metrlik yolu asfatlamayıblar: "Burda restoran, otel tikmək istəsəydilər, bir gecənin içərisində neçəsini tikərdilər. Amma bir quyunun saxlanması üçün beş manat vəsait ayıra bilmirlər. Mən bir deputat kimi buna etiraz edirəm. Ancaq bu hadisə ermənilərdə baş versəydi, bütün dünyaya səs salmışdılar". Deputat Zahid Oruc da gördüyü mənzərədən dəhşətə gəldiyini bildirərək, hökumətin Quba məzarlığına belə bir ögey münasibətini pislədi: "Ermənilər belə bir məzarlıq aşkar etmiş olsaydılar, qəbristanlıqlardan dədə-babalarının, qohum-əqrəbalarının da sümüklərini yığıb ora gətirərdilər ki, guya türklər bu qədər erməni qırıb. Biz isə belə bir faktdan yararlana bilmirik. Burda təcili iş görmək lazımdır". Quba Rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibov isə məsələyə münasibət bildirərkən dedi ki, İcra Hakimiyyəti öz üzərinə düşəni edib: "Amma elə şeylər var ki, məndən asılı deyil, o, dövlət səviyyəsində həll olunmalıdır". Qubanı təmsil edən deputat Vahid Əhmədov məsələdən narahatlıq keçirdiyini deyərək, ciddi tədbirlərə ehtiyac olduğunu vurğuladı. "Burda muzey yaradılmalıdır. Ancaq təəssüf ki, bu günə qədər maliyyə vəsaiti ayrılmayıb. İlin axırına qədər orda ciddi tədbirlər görməsək, məzarlıqdan əsər-əlamət qalmayacaq". Əhmədov bildirdi ki, məzarlıqda görüləcək işlər üçün minimum 5 milyon manat vəsait ayrılmalıdır: "Orda şüşə muzey yaradılmalıdır. Çünki bura xarici qonaqlar da gəlir və ermənilərin azərbaycanlılara qarşı soyqırımını təsdiq etmək üçün, bunun ermənilərin qarşısına fakt kimi göstərilməsinin çox böyük əhəmiyyəti var", - deyən deputat hesab edir ki, 5 mln. manat elə də böyük məbləğ deyil. "Həm hökumətin, həm dövlət başçısının ehtiyat fondu var və prezident istənilən vaxt ordan bu məbləği sərəncamla ayıra bilər". Aqil ASLAN

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar