SON XƏBƏRLƏR

Millətçilər İqdırda parçalandı

2021.10.20, 07:36
Millətçilər İqdırda parçalandı

Gunaz.tv
Millətçilər İqdırda parçalandı Demokratik Toplum Partiyasına qələbəni Nurəddin Aras qazandırdı Türkiyədə keçirilən bələdiyyə seçkilərində ölkənin Ermənistanla sərhədində strateji əhəmiyyətə malik şəhərlərdən olan İqdırda Demokratik Toplum Partiyasının namizədinin qalib gəlməsi Azərbaycanda birmənalı qarşılanmadı. Ən azından ona görə ki, İqdır azərbaycanlıların sayca çox məskunlaşdığı şəhər olmaqla yanaşı, həm də Türkiyənin Azərbaycana əsas qapısı sayılır. Elə bu vaxta qədər Türkiyə-Ermənistan sərhədlərinin açılmamasını şərtləndirən əsas amillərdən biri də məhz Milliyyətçi Hərəkat Partiyasının və iqdırlıların Ermənistanla münasibətlər qurmaq istəyən siyasi qüvvələrə qarşı sərt mövqe nümayiş etdirməsi idi. Bunun nəticəsi idi ki, AKP hökuməti Ermənistanla münasibətlərin normallaşdırılması siyasətini gündəmə gətirənə qədər Ermənistanla sərhədlərin açılması ilə bağlı Qarsın əvvəlki bələdiyyə başqanı Naif Əlibəyoğlunun göstərdiyi səylər də məhz iqdırlıların sərt müqaviməti sayəsində nəticəsiz qalmışdı. Lakin bu gün İqdırda nə əvvəlki müqavimət qalıb, nə də o müqaviməti yaratmaq gücündə olan millətçilər var. Gələn xəbərlərə görə, indi İqdırda hökm sürən əhval-ruhiyyə bu şəhərin sakinlərinin əhval-ruhiyyəsi ilə qətiyyən uyuşmur. Hadisələrin axarını zaman müəyyən etsə də, son seçkilərdən sonra Azərbaycanda çoxlarında bu təəssürat yaranıb ki, bundan sonra bu şəhərdə yaşayan insanlar çətin ki, öz şəhərlərini bizlərə təqdim edərkən "İqdır bir Azərbaycan şəhəridir" sözünü yenə də fəxarətlə deyə bilsinlər. MHP İqdırı niyə itirdi? İlk öncə onu qeyd etmək lazımdır ki, Türkiyədə keçirilən bələdiyyə seçkiləri zamanı DTP-nin qalib partiya kimi önə çıxması əslində nə bugünkü siyasətin, nə də DTP-nin apardığı uğurlu işin nəticəsi deyil. Təəssüflə vurğulamaq lazımdır ki, DTP-nin bugünkü qələbəsinin əsasını iki il əvvəl Türkiyədə parlament seçkiləri keçirildiyi ərəfədə İqdır şəhərinin bələdiyyə başqanı Nurəddin Aras və onun MHP-çilər arasında yaranmış fikir ayrılıqları qoydu. Qeyd edək ki, həmin ərəfədə İqdırda baş verənlərin müşahidəçisi olan bu sətirlərin müəllifi Nurəddin Arasın parlament seçkiləri ilə bağlı fikirlərini öyrənərkən o, açıq şəkildə MHP-nin İqdırdan olan deputatı Abbas Bozyelin yenidən seçilməsinə imkan verməyəcəyini söyləmişdi. Hətta bunu "Bizə beş ildən bir portfelini götürüb İqdıra gələn millət vəkili gərək deyil" - kimi izah etmişdi. Lakin parlament seçkiləri ərəfəsində baş verənlər zamanı ortaya çıxdı ki, İqdırda və İqdır bələdiyyə başqanı kimi Azərbaycanda da müəyyən qədər nüfuz qazanmağa nail olan Nurəddin Aras ailəsi öz şəxsi biznes maraqlarını daha geniş şəkildə təmin etmək üçün bu şəhərdən əhali arasında o qədər də yaxşı tanınmayan və heç bir rəğbət qazanmayan Nevzat Arası millət vəkili etməyə çalışır. Bu müstəvidə MHP-çilər arasında fikir ayrılıqlarının kəskinləşməsinin nəticəsi olaraq İqdırdakı milliyyətçilər dörd qrupa bölündülər. Nurəddin Arasın apardığı parçalanma siyasəti özünün ilkin bəhrəsini parlament seçkilərində göstərdi. Seçkiləri İqdıra heç bir dəxli olmayan digər etnik namizədlər qazandı. Lakin bundan nə AKP-yə sığınan Araslar, nə də MHP-nin lazımi nəticə çıxarmaması martın 29-da keçirilən bələdiyyə seçkilərinin Türkiyədə radikal millətçilik siyasəti aparan və PKK terror təşkilatını açıq dəstəkləməkdə adı hallandırılan Demokratik Toplum Partiyasının (DTP) qalib gəlməsi ilə nəticələndi. Başqa sözlə desək, Araslar ailəsinin şəxsi maraqları müstəvisində başladıqları mübarizənin İqdırdakı MHP-lər arasında yaratdığı parçalanma neçə illərdən bəri Ermənistanla sərhədlərin açılması istiqamətində iqdırlıların inadını sındırmağa çalışan siyasi qüvvələrin əlinə bu gün bu siyasəti həyata keçirmək üçün əla şans yaratdı. Artıq İqdır şəhər bələdiyyəsinin də sərhədlərin açılması məsələsində Qars şəhər bələdiyyəsi ilə birgə həmrəylik nümayiş etdirəcəyinə heç kəs şübhə etmir. DTP-yə qələbəni Nurəddin Aras qazandırdı Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı da bələdiyyə seçkilərində İqdırda DTP-nin namizədinin qalib gəlməsini narahatedici fakt kimi dəyərləndirir. Onun sözlərinə görə, İqdır Azərbaycanla Türkiyə arasında olduğu kimi, Ermənistanla Türkiyə arasında da strateji əhəmiyyət daşıyan bir yerdir. Ermənistanla sərhədlərin açılması məsələsinin dəfələrlə gündəmə gətirilməsinə baxmayaraq, son illərə qədər İqdırda buna kəskin müqavimət olduğunu bildirən Tənzilə xanım hesab edir ki, İqdırda bələdiyyə seçkilərini DTP-nin qazanmasından təkcə MHP deyil, həm də AKP itirdi. Bunu ümumilikdə Türkiyənin maraqlarının itkisi kimi dəyərləndirən təşkilat rəhbəri bundan sonra İqdırda Ermənistanla sərhədlərin açılması məsələsinin geniş dəstəklənəcəyinə də şübhə etmir. DTP-də ermənilərə qarşı xüsusi bir maraq və meyil olduğunu deyən Tənzilə Rüstəmxanlı DTP-nin bu qələbəni qazanmasında İqdırın əvvəlki bələdiyyə başqanı Nurəddin Arasın xüsusi xidmətlərinin olduğunu bildirib. "Bu, Nurəddin Arasın şəxsi istəyi, ambisiyalarını həyata keçirmək müstəvisində DPT-yə qazandırdığı bir qələbə oldu"- deyən təşkilat rəhbəri bildirib ki, İqdırla Azərbaycan arasında, xüsusilə Naxçıvanla əlaqələr geniş olduğundan baş verən dəyişikliklər fonunda burada da müəyyən problemlərin ortaya çıxması qaçılmazdı. Tənzilə Rüstəmxanlı deyib ki, Nurəddin Arasın öz şəxsi maraqlarına görə İqdırdakı millətçilər arasında parçalanma yaratması və bundan DTP-nin lazımi şəkildə yararlanması çox üzücü haldır. "Şəxsən mən İqdırda belə bir vəziyyətin yaranmasından çox üzüldüm. Oradakı seçkilərdə ya AKP, ya da MHP qazanmalı idi". Bələdiyyə başqanı, millət vəkili azərbaycanlı olmayan Azərbaycan şəhəri Politoloq Qabil Hüseynli İqdırın hazırkı durumunu belə dəyərləndirib. Onun sözlərinə görə, Türkiyədə yaşayan azərbaycanlıların ən böyük hissəsi İqdırda məskunlaşsa da azərbaycanlılar özlərinə nə bir millət vəkili, nə də bir bələdiyyə başqanı seçə bilmirlər. Bundan əvvəl şəhərin bələdiyyə başqanı olan azərbaycanlı Nurəddin Arasın son illərdəki fəaliyyətinin nəticəsi isə ola bilər ki, qarşıdakı illərdə Türkiyədə keçiriləcək seçkilərdə də iqdırlıları belə bir seçim aparmaq imkanından məhrum etsin. Qabil Hüseynli onu da bildirib ki, İqdırda DTP-nin qalib gəlməsi bir tərəfdən millətçilər arasında olan fikir ayrılıqları ilə bağlı olsa da, bu bölgə ilə bağlı dövlətin özünün normal bir siyasətinin olmaması da buna təsir edən faktorlardandı. "AKP MHP-yə, yaxud da ki MHP AKP-yə güzəştə gedib bu bölgədə iki partiyadan birinin üstünlük əldə etməsini təmin edə bilməzdilərmi?"- deyən Qabil Hüseynlinin fikrincə, hər iki partiyanın İqdıra lazımi diqqət yetirməməsinin nəticəsi olaraq Türkiyənin Azərbaycana və ümumilikdə türk dünyasına əsas qapısı sayılan İqdırın başqa etnik toplumların, ən əsası isə Türkiyədə radikal millətçilik siyasəti aparan DTP-nin belə bir strateji şəhərdə hakimiyyəti ələ keçirməsinə gətirib çıxardı. "AKP-nin indiki şəraitdə Nurəddin Arasın qolundan yapışmasına nə ehtiyac var idi? Onsuz da heç bir nüfuzu olmayan və əhali qarşısında etibarını itirmiş adamdır. Mən hesab edirəm ki, Ermənistanla sərhəddə yerləşən bu şəhərdə etnik azlıqların qarşısına millətçilərin çıxarılması daha düzgün olardı"- deyən Qabil Hüseynli hesab edir ki, əgər AKP Qars və İqdırda millətin və dövlətin maraqlarından çıxış etsəydi, hər iki şəhərdə MHP-nin qalib gəlməsinə dəstək verilməli, yaxud da güzəştə getməli idi. "Partiyalar arasında taktiki razılaşmaya da gələ bilərdilər. Gəlmədilər, nəticə də göz qabağındadır". DTP-nin əhali arasında PKK-nı dəstəkləyən partiya kimi imic qazandığını deyən politoloq bu partiyanın qələbəsinin Türkiyə üçün ciddi problemlər vəd etdiyini deyir. İqdır ermənilərə qucaq açacaq? Qabil Hüseynli deyir ki, İqdırda DTP-nin qalib gəlməsindən həm Azərbaycan, həm də Türkiyə ziyan çəkə bilər. "Əvvəla, Naxçıvanla münasibətlər əvvəlki kimi olmayacaq. Get-gəl də əvvəlki kimi olmayacaq. DTP-li bələdiyyə başqanı yəqin ki, bu münasibətlər yolunda bir baryer qoyacaq. İkincisi də həmin qapıdan PKK sızıntıları da arta bilər. Bu da Azərbaycana yaranan başqa təhlükədir". Ermənistanla sərhədlərin açılmasının da indi daha asan göründüyünü bildirən Qabil Hüseynli bildirib ki, iki ölkə sərhədində olan şəhərlərdə nəzarətin kürdlərin əlinə keçməsi Ermənistana sərhədlərin açılması üçün geniş imkan yaradır. Bu baxımdan da politoloq İqdırda yaranmış vəziyyətin daha çox ermənilərin xeyrinə olduğunu düşünür. "Ermənistanla sərhədlər onsuz da açılacaq. Çünki Türkiyə hökuməti Avropa və Amerika ilə bu istiqamətdə bazarlaşmaya gedib. Amma indiki yaranmış şərait bölgədə demoqrafik vəziyyəti, ictimai şüuru dəyişdirəcək. PKK-nın küçə döyüşləri bu bölgəyə də keçib millətlərarası münaqişələr yarada bilər. Bu bölgədə ermənilərlə əlaqələrin qurulması isə demək olar ki, daha çox dəstəklənəcək. Qabil Hüseynlinin sözlərinə görə, DTP və bölgədəki kürd toplumu ermənilərlə sərhədin açılmasını daha çox dəstəkləyirlər. Bu baxımdan da Qabil Hüseynli İqdırda DTP-nin bələdiyyə seçkilərini qazanmasından yerli əhali ilə yanaşı, Türkiyə hökumətinin də ziyan çəkəcəyini düşünür. Vüsalə Rafiqqızı

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar