SON XƏBƏRLƏR

AZƏRBAYCANDAKI DOSTLARI YAZIÇIOĞLU HAQQINDA DANIŞDI

2021.10.20, 07:36
AZƏRBAYCANDAKI DOSTLARI YAZIÇIOĞLU HAQQINDA DANIŞDI

Gunaz.tv
AZƏRBAYCANDAKI DOSTLARI YAZIÇIOĞLU HAQQINDA DANIŞDI İsa Qəmbər: “O, bütün türk dünyası üçün önəmli bir şəxsiyyət idi” İqbal Ağazadə: “Möhsün bəyi gözəl insan, türk millətçisi, şəxsi mənada dostluğa sadiq birisi kimi tanıdım” Arzu Səmədbəyli: “O, Azərbaycanı tanıyan Türkiyə siyasətçiləri arasında ən diqqətçəkən simalardan idi” Türkiyədə baş verən hər hansı faciə, təbii ki, Azərbaycanda da dərin üzüntü ilə qarşılanır. Üç gün əvvəl içində Böyük Birlik Partiyasının (BBP) başqanı, millət vəkili Möhsün Yazıçıoğlunun da olduğu və qəzaya uğrayan vertolyot, nəhayət ki, dünən tapıldı. Təəssüf ki, xilasedicilər heç kimi sağ tapmayıb. Milliyyətçi kəsimin nümayəndəsi kimi tanınan M.Yazıçıoğlunun ümumtürk maraqları uğrunda apardığı mücadilə, onun Azərbaycan, Qarabağ məsələsində prinsipial mövqe sərgiləməsi xüsusilə ölkəmizin milli-demokratik qüvvələrinə yaxşı məlum idi. Möhsün bəy Azərbaycanın yaxın dostlarından biri kimi tanınırdı. Bu mənada onun faciəvi taleyi Azərbaycandakı dostlarını da üzüb. M.Yazıçıoğlu ilə şəxsən yaxın münasibətləri olan müxalifət təmsilçilərinə müraciət edib onların BBP sədri barədə rəylərini öyrəndik. Müsavat Partiyasının başqanı İsa Qəmbər M.Yazıçıoğlunun qəzaya uğraması xəbərini eşidəndən dərin narahatçılıq keçirib: “Televiziya kanallarını, internet saytlarını izləyib yaxşı xəbər duymaq istəyirdim. Təəssüf ki, yaxşı xəbərlər yox idi və zaman keçdikcə də narahatçılığımız artırdı. Arzumuz, diləyimiz bu idi ki, yaxşı xəbərləri mümkün qədər tez eşidək. Allahdan qəzaya uğrayan qardaşlarımıza başda Möhsün Yazıçıoğlu olmaqla yardımçı olmağını diləyirdik. İndi isə onlara Allahdan rəhmət diləyirik”. İsa Qəmbər M.Yazıçıoğlu şəxsiyyətini çox yüksək dəyərləndirdi: “Türkiyənin ən önəmli siyasət adamlarından və əqidəyə, ideyaya, milli-mənəvi dəyərlərə bağlı siyasətçilərindən biri idi. Eyni zamanda bütün türk dünyası üçün önəmli bir şəxsiyyət idi. Onu türk dünyasına, Azərbaycana həddən artıq böyük dəyər verən insan kimi tanıyır və sevirdik. Mən onun Azərbaycan məsələlərinə nə qədər həssaslıqla yanaşdığına, əlindən gələn nə varsa, mümkün, qeyri-mümkün hər şeyi etməyə hazır olduğuna son 20 illik dönəmdə dəfələrlə şahid olmuşam. Möhsün Yazıçıoğlu kimi bir siyasətçinin Türkiyə, türk dünyası üçün görəcəyi hələ çox işlər var idi. Onun vəfatı bütün türk dünyası üçün böyük itkidir”. Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə də M.Yazıçıoğlu ilə bağlı xəbəri böyük üzüntü ilə qarşıladığını söylədi: “Möhsün bəyi gözəl insan, türk millətçisi, türk xalqlarına ümumi şəkildə yanaşan, onları Anadolu türklərindən ayırmayan və şəxsi mənada dostluğa çox sadiq birisi kimi tanıdım. Məni ağrıdan məsələlərdən biri budur ki, Möhsün bəyin Böyük Birlik Partiyası Türkiyə cəmiyyətində sözünü deməyə yenicə başlamışdı, partiya kimi yenicə formalaşırdı. Möhsün bəy uzun illər təkbaşına aktiv mübarizədə çaba göstərmişdi. Təəssüf ki, onun gözəl arzuları yarımçıq qaldı”. İ.Ağazadə M.Yazıçıoğlunu yaxın dost kimi xatırladı. Dedi ki, Türkiyədə olarkən görüşməyə imkan olmayanda da ən azı telefonla danışıblar: “Görüşlərimiz zamanı ümumi türklüyün problemlərindən danışar, Azərbaycanın, Türkiyənin gələcəyi ilə bağlı fikirlərimizi bölüşərdik. Çox səmimi bir insan kimi xatırlayıram. Səhv etmirəmsə, sonuncu dəfə bir il əvvəl görüşmüşdük. Mən millət vəkili olandan iki dəfə görüşümüz olub. Möhsün bəy türk dünyasının problemlərini qorxmadan, çəkinmədən deyən birisi idi. Allah bu dəyərli dostumuza rəhmət eləsin. Onun ailəsinə, yaxınlarına, doğmalarına, partiyasına, bütün türk dünyasına səbr diləyirəm”. Müsavat deputat qrupunun üzvü Arzu Səmədbəyli deyir ki, M.Yazıçıoğlu Azərbaycanı yaxşı tanıyan Türkiyə siyasətçiləri arasında ən diqqətçəkən simalardan biri idi: “Azərbaycan, Qarabağ məsələsi Möhsün Yazıçıoğlu üçün həmişə önəmli idi. Möhsün bəy 23 il ülküçü hərəkata rəhbərlik edib, Alparslan Türkeşin yaxın silahdaşlarından biri kimi tanınıb. Onun Azərbaycanla bağlı fikirləri daim diqqət çəkib. Əbülfəz Elçibəylə də Möhsün bəyin çox yaxşı əlaqələri olub. Türkiyədən Elçibəyin dəfninə gələnlər arasında Möhsün Yazıçıoğlu da var idi”. A.Səmədbəyli bu itkidən möhkəm sarsılıb: “Allahdan Möhsün bəyin yaxınlarına, doğmalarına, dostlarına, bütün türk dünyasına səbr diləyirəm. Millətimiz üçün böyük itkidir”. Elşad PAŞASOY musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar