SON XƏBƏRLƏR

Böyük Birlik Partiyasının lideri vertolyota minməzdən əvvəl “məni öldürmək istəyirsiniz?” deyib

2021.10.20, 07:36
Böyük Birlik Partiyasının lideri vertolyota minməzdən əvvəl “məni öldürmək istəyirsiniz?” deyib

Gunaz.tv
Böyük Birlik Partiyasının lideri vertolyota minməzdən əvvəl “məni öldürmək istəyirsiniz?” deyib Türkiyədə Böyük Birlik Partiyasının başqanı Möhsün Yazıçıoğlunun uçduğu vertolyotun qəzaya uğraması ilə bağlı şübhələr yaranıb. Tərəfdarları bəyan edib ki, dövlətin 1 sutkadan çox vaxt keçməsinə baxmayaraq, vertolyotu tapa bilməməsi şübhəlidir. Böyük Birlik Partiyasından bələdiyyə başqanlığına namizədlərdən biri isə Yazıçıoğlunun sui-qəsdə qurban getdiyini bildirib. Xəbər verildiyi kimi, Yazıçıoğlunun uçduğu vertolyot martın 25-də axşam saatlarında qəzaya uğrayıb. özəl şirkətlərdən birindən kirayələnən “Bell” markalı vertolyot Yazıçıoğlu və daha 5 nəfərlə birlikdə Kahramanmaraş vilayətinin mərkəzindən qalxaraq Yozqat vilayətinə uçurmuş. Bildirilir ki, BBP lideri Yozqatda partiyasından bələdiyyə başqanlığına namizədlərin seçki kampaniyasına qatılmaq və mitinqdə çıxış etmək üçün gedirmiş. Vertolyot Kahramanmaraş vilayətində, yüksək dağlıq ərazilərdə qəzaya uğrayıb. Məlumatlara görə, həmin bölgədə dərin qar yağıb və çovğun hökm sürür, qarın qalınlığı 2-3 metrə çatır, havanın temperaturu gecə mənfi 15 dərəcəyə enib. Vertolyotda Yazıçıoğlu ilə birlikdə onun müavini Yüksəl Yancı, BBP Sivas bölgə təşkilatının rəhbəri Erhan üstündağ, Sivas Bələdiyyə Şurasının üzvlüyünə namizəd Murat çetinkayanın da olduğu bildirilir. Qəzadan sonra vertolyotda olanlardan biri, "İhlas" xəbər agentliyinin Sivas vilayəti üzrə müxbiri İsmayıl Günəş “112" fövqəladə yardım xidməti ilə telefon əlaqəsi saxlayaraq vertolyotun qəzaya uğradığını, ondan başqa hər kəsin ölmüş ola biləcəyini deyib. Jurnalist qəza yerini müəyyən edə bilməsə də yaralı olduğunu deyib və bildirib ki, möhkəm çovğundur və bir neçə metr uzağı görmək mümkün deyil. Daha sonra o, mobil telefonunun batareyasının bitmək üzrə olduğunu deyib və telefon əlaqəsi kəsilib. Bildirilir ki, jurnalistin son sözləri ”məndən başqa hamı ölüb, mən də ölmək üzrəyəm" olub. Qəzadan bir neçə saat sonra isə ziddiyyətli xəbərlər yayılmağa başlayıb. Əvvəlcə Yazıçıoğlunun köməkçisi deyib ki, o, BBP lideri ilə danışa bilib və xilasetmə xidməti vertolyotun qəzaya uğradığı yeri müəyyən edib. Lakin daha sonra rəsmilər bu xəbərləri təkzib ediblər. Əvvəlcə vertolyotun axtarılmasına bölgədəki kəndlərin sakinləri və jandarma qüvvələrinin əsgərləri cəlb olunublar. Martın 25-də axşam gecə saatlarına qədər aparılan axtarış işləri nəticə verməyib. Axtarışa qoşulan kənd sakinlərindən bir neçəsi isə donma təhlükəsi ilə üzləşib. Gecə saatlarında axtarış əməliyyatlarına rəhbərlik etmək üçün daxili işlər naziri Bəşir Atalay Kahramanmaraşa gedib. Böyük Birlik Partiyasının bir qrup üzvü onu etirazla qarşılayaraq hökuməti axtarış işlərini ləng aparmaqda günahlandırıblar. Məlumatlara görə, Yazıçıoğlunun bir qrup tərəfdarı nazirin avtomobilinin qarşısını kəsiblər və bu zaman polislə qarşıdurma yaranıb. Hava şəraitinin kəskin pisləşməsi ilə bağlı axtarış əməliyyatlarına yerli vaxtla gecə saat 4 radələrində fasilə verilib. Təqribən iki saat sonra axtarış yeni qüvvələrin cəlb olunması ilə yenidən davam edib və dünən bütün gün ərzində aparılıb. Rəsmilər məlumat veriblər ki, axtarış əməliyyatları jurnalistin cib telefonundan siqnallar alınan Kaman dağları bölgəsində 5 səmtdə aparılır. Hökumət sözçüsü Cəmil çiçək bildirib ki, axtarış əməliyyatlarına jandarma qüvvələrinin fövqəladə vəziyyətlər üzrə xüsusi təyinatlı bölmələri, silahlı qüvvələrin Baş Qərargahına bağlı xüsusi təyinatlı dağ komandos birlikləri və vertolyotlar cəlb olunub. Lakin hava şəraiti mürəkkəb olduğu üçün vertolyotların qəza bölgəsində uçuşu çətinləşir. Məlumatlara görə, axtarış-xilasetmə əməliyyatlarına 11 vertolyot və cəmi 3 minə yaxın adam cəlb edilib. Hadisə ilə bağlı Türkiyənin bütün siyasi partiyaları bələdiyyə seçkiləri kampaniyasını dayandıraraq mitinqlərini təxirə salıblar. Baş nazir Rəcəb Tayyib Ərdoğan səhər saatlarında Kahramanmaraşa yola düşüb. O, bölgənin Göksün qəsəbəsinə gedərək axtarış-xilasetmə əməliyyatlarının gedişi ilə maraqlanıb. Bu arada qəzadan bir sutkadan çox vaxt keçməsinə baxmayaraq vertolyotun hələ də tapılmaması ilə bağlı hökumətə tənqidlər eşidilməkdə davam edirdi. BBP qərargahına baş çəkən keçmiş MHP-çi nazir Koray Aydın jurnalistlərə bildirib ki, bu qədər vaxtda dövlət qurumlarının vertolyotun yerini müəyyən edə bilməməsini iztirab içərisində izləyir. O deyib ki, axtarış-xilasetmə əməliyyatları düzgün təşkil olunmayıb və yetərsizdir. Eyni fikirlərlə BBP qərargahına baş çəkən CHP lideri Dəniz Baykal çıxış edib. O deyib ki, qəzadan bu qədər vaxt keçməsinə baxmayaraq vertolyotun tapılmaması axtarış əməliyyatlarının zəif təşkil olunduğunu göstərir. BBP-dən bələdiyyə başqanlığına namizəd Mustafa çolak isə “Cihan” agentliyinin əməkdaşı ilə telefon söhbətində qəzanın sui-qəsd ola biləcəyini deyib. O bildirib ki, vertolyot yanacaq götürmək üçün Kahramanmaraşda yerə enib, daha sonra pilot vertolyotun motorunu dayandırmadan bir neçə dəqiqə gözləyib və Yazıçıoğlunu mindirdikdən sonra təkrar havaya qalxaraq Yozqata doğru uçub. çolak vertolyotun partiya üzvləri tərəfindən kirayələndiyini, uçuşdan əvvəl vertolyotla kimlərin maraqlandığının araşdırılmasının vacibliyini deyib. O, Yazıçıoğlunun bəlli ideologiyaya mənsub lider olduğunu deyərək başqanın jandarma qüvvələrinin keçmiş komandanı Əşrəf Bitlis kimi sui-qəsdə qurban getdiyini bildirib. çolak deyib ki, cib telefonundan siqnal alınmasına baxmayaraq bu qədər vaxtda vertolyotun yerinin müəyyən edilməməsi şübhəlidir. Məlum olub ki, uçuşdan əvvəl Yazıçıoğlu vertolyota minmək istəməyib və Yozqata avtomobillə getmək istəyib. Bildirilir ki, BBP lideri onun vertolyotla getməsində israr edən tərəfdarlarına belə deyib: “Hava pisdir, bu vertolyotla getmək məsələsi haradan çıxdı? Məni öldürmək istəyirsiniz?” Ancaq tərəfdarları onu arxayın edərək vertolyotla getməyə razı salıblar. Digər məlumata görə, vertolyot kirayə götürülərkən təmirə ehtiyacı olub. BBP Türkiyədə parlamentdə tək millət vəkili ilə təmsil olunurdu və Yazıçıoğlu ötənilki seçkilərdə müstəqil namizəd olaraq parlamentə seçilə bilmişdi. Elə həmin il onun həyatına sui-qəsd cəhdi haqda xəbərlər yayılmışdı. Yazıçıoğlunun hərəkət etdiyi avtomobilin şübhəli şəkildə yük maşını ilə toqquşması nəticəsində o xəsarət alıb. Bir müddət əvvəl isə onun yaxınlarının getdiyi avtomobil qəzaya uğrayıb. İndiyədək Yazıçıoğlunun 5 qəza ilə üzləşdiyi bildirilir. ötənilki çıxışlarından biri zamanı Yazıçıoğlu onun “yolunu kəsmək istəyənlərin” olduğunu demişdi. “Ayağımızın altını qazanlar, mənə qarşı tələ quranlar bilməlidir ki, uğursuzluğa düçar olacaqlar”. Onun adı erməni jurnalisti Qrant Dinkin öldürülməsi hadisəsində hallandırılmışdı. Bu zaman Dinkin öldürülməsini təşkil edən Yasin Hayal adlı gəncin vaxtilə BBP üzvü olması və Alperen ocakları dərnəyinə gəlib-getməsi, habelə mitinqlərdən birində Yazıçıoğlunun yanında yer alması əsas götürülürdü. Yazıçıoğlu isə ona qarşı yönələn ittihamları rədd edərək bəzi qüvvələrin hədəfi olduğunu bildirmişdi. O, Dinkin dəfn mərasimi zamanı qaldırılan “hepimiz erməniyiz” şüarlarına da sərt etiraz etmişdi. Mütəxəssislər qəzadan keçən vaxtın artması ilə Yazıçıoğlunun və yanındakıların sağ qalmasına olan ümidlərin azaldığını deyirdilər. Belə ki, qəza nəticəsində vertolyotdakıların ən azından ağır yaralandıqlarına şübhə yox idi. Gecə 15 dərəcəni keçən şaxtalı havada isə yaralı adam ən çoxu bir neçə saat sağ qala bilər. çünki yaralı hərəkət edə bilmədiyinə görə daha tez donur. Digər tərəfdən, “İhlas” agentliyinin əməkdaşının 112 təcili yardım xidmətinin əməkdaşı ilə söhbətində vertolyotdakıların öldüyünü deməsi də ümidləri azaldır. Dünən Bakı vaxtı ilə axşam saatlarında axtarış əməliyyatları hələ davam edirdi və nəticə yox idi. Bu baxımdan mütəxəssislər vertolyotdakıların artıq ölmüş ola biləcəyini təxmin edirdilər. Möhsün Yazıçıoğlu kimdir? Yazıçıoğlu 1954-cü ildə Sivas vilayətində anadan olub. Ankara Universitetini bitirib. Universitet illərində milliyyətçilərə qoşulub və ülküçülər dərnəyinə üzv olub. Daha sonra ülkü Ocaqları Dərnəyində işləməyə başlayıb. 1977-ci ildə ülkü Ocaqları Mərkəzinin başqanı olub. Məşhur milliyyətçi Abdulla çatlının, habelə Alparslan Türkeşin yaxın silahdaşlarından sayılır. 1978-ci ildə Yazıçıoğlu Ankara ülkü Ocaqları başqanı olan çatlının həbsindən sonra polisi şəhərin 150 yerində bomba partladacaqları ilə hədələyərək onun azadlığa buraxılmasına yardım edib. 1980-ci ilə qədər Yazıçıoğlu MHP-də başqan müşaviri kimi fəaliyyət göstərib. Həmin il baş vermiş hərbi çevrilişdən sonra həbs edilib və 8 ilə yaxın həbsxanada qalıb, işgəncələrlə üzləşib. Ancaq ona qarşı irəli sürülən ittihamlar üzrə heç bir cəza almayıb və azadlığa çıxıb. Sonradan o, Milliyyətçi çalışma Partiyasına üzv olub və onun rəhbərliyində yer alıb. 1992-ci ildə Yazıçıoğlu MHP-dən ayrılıb və bir il sonra Böyük Birlik Partiyasını qurub. BBP lideri evli və 2 uşaq atasıdır. O, Azərbaycana kifayət qədər yaxından bağlı olan siyasi lider kimi tanınır və həmişə Azərbaycanın haqq işini Türkiyədə müdafiə edib. Yazıçıoğlunun Azərbaycanın milli-demokratik qüvvələri ilə də yaxın əlaqələri olub. Yeni Müsavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar