SON XƏBƏRLƏR

ƏRDOĞANIN YAXIN QOHUMU ERMƏNİSTANDA BİZNES QURUB

2021.10.20, 07:36
ƏRDOĞANIN YAXIN QOHUMU ERMƏNİSTANDA BİZNES QURUB

Gunaz.tv
ƏRDOĞANIN YAXIN QOHUMU ERMƏNİSTANDA BİZNES QURUB Gizli Türkiyə-Ermənistan əlaqələrinin daha bir detalı üzə çıxdı Türkiyənin Ermənistanla münasibətlər qurmağa hazırlaşması siyasətin ən aktual mövzularından biri olaraq qalır. Əlbəttə, Türkiyə iqtidarının belə bir addım atması Azərbaycanda narahatlıq doğurmaya bilməz. Çünki Ankaranın İrəvanla əlaqələr yaratması, sərhədləri açması Qarabağ məsələsində Azərbaycanın mövqelərinin zəifləməsinə gətirib çıxara bilər. Lakin proseslərin gedişi deməyə əsas verir ki, AKP iqtidarı mövqeyində qətidir. Heç şübhəsiz ki, yaxın vaxtlarda Ermənistanla əlaqələr qurulmasının şahidi olacağıq. Bu arada Türkiyə hakimiyyətinin Ermənistanla iqtisadi, ticarət əlaqələrinin çoxdan bəri olmasına dair maraqlı məlumatlar yayılıb. “Bakı-Xəbər” qəzetinin ötən sayında bununla bağlı maraqlı bir yazı dərc edilib. Qəzet Türkiyə iqtidarına yaxın olan mənbəyə istinadən yazır ki, Türkiyə-Ermənistan arasında iqtisadi-ticarət əlaqələrinin olmaması haqda məlumatlar formal xarakter daşıyır. Belə ki, hazırda Türkiyə iş adamlarının Ermənistanda geniş biznes qurması, Türkiyədən ildə minlərlə yük maşınının Ermənistana keçməsi və ora Türkiyə istehsalı olan mallar aparması faktları ortaya çıxıb. Qəzet yazır ki, AKP iqtidara gəldikdən sonra Türkiyə-Ermənistan arasında iqtisadi əlaqələr daha da möhkəmlənib və ticari dövriyyənin həcmi artmağa başlayıb. Ən maraqlısı isə odur ki, mətbu orqanın yazdığına görə, Türkiyə və Ermənistan arasında həyata keçirilən ticarətə baş nazir Rəcəb Tayyib Ərdoğanın yaxın qohumlarından biri nəzarət edir: “Əsas ticarətə ”Çelik Doğan" Holdinq nəzarət edir və bu holdinqin başında duran şəxs Ərdoğanın yaxın qohumlarından biridir. Türkiyədən Ermənistana göndərilən yük maşınlarının böyük əksəriyyəti məhz bu holdinqin sifarişi ilə həyata keçirilib... Ötən ilin yekunlarına görə, Türkiyədən Gürcüstan vasitəsilə Ermənistana 28400 yük maşını keçib. Onun 11400-ü Türkiyəyə məxsus olub". Cari ilin yanvar ayında isə Türkiyədən Ermənistana keçən maşınların sayı 1050 ədəd olub. Ən maraqlısı odur ki, 2008-ci ildə Türkiyədən Azərbaycana keçən yük maşınların sayı cəmi 14 minə yaxın olub. Deməli, Türkiyədən Ermənistana gedən yük avtomobillərinin sayı (28400) Azərbaycanla müqayisədə iki dəfə çoxdur. Türkiyədən Ermənistana əsasən qida yağları, müxtəlif çeşiddə ət məhsulları, düyü, fındıq, şokolad, məişət texnikası, dəri məmulatları və geyim əşyaları daha çox daşınır... Nəzərə alsaq ki, Türkiyədən İran vasitəsilə də yük daşınır, onda bu iki ölkə arasında sərhədlər açılmadan da geniş iqtisadi-ticarət əlaqələrinin olması üzə çıxır. Üstəgəl, hər gün İstanbul-İrəvan aviareysi də fəaliyyət göstərir. Sərhədlərin açılacağı təqdirdə bu əlaqələrin iki-üç dəfə artacağına şübhə yoxdur. Bu isə Ermənistanın xeyli güclənməsinə gətirib çıxaracaq. Bu baxımdan Türkiyə iqtidarının atdığı addımların Azərbaycana zərbə olması barədə deyilənlər və ifadə edilən narahatlıq tam əsaslıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar