SON XƏBƏRLƏR

AKP Amerikaya vəd verib...

2021.10.20, 07:36
AKP Amerikaya vəd verib...

Gunaz.tv
AKP Amerikaya vəd verib... Türkiyəli sabiq diplomat:"Hakim partiyadan olan millət vəkilləri Türkiyə- Ermənistan sərhədlərinin açılacağına söz verdilər" Əhməd Ünal Çeviköz isə Azərbaycanı sakitləşdirir:"Hər hansı narahatlığa və şübhəyə əsas yoxdur" Türkiyənin "Star" qəzetindən sonra "Sabah" qəzeti də Türkiyə-Ermənistanın sərhədlərinin apreldə açıla biləcəyini xəbər verib. Qeyd edək ki, hər iki qəzet Türkiyənin baş naziri, AKP (Ədalət və İnkişaf Partiyası/ Adelet ve Karkınma Partisi) lideri Rəcəb Tayyib Ərdoğana yaxın media orqanı sayılır. Xəbər verdiyimiz kimi, "Star"ın ötən cümə axşamı sayında Türkiyə-Ermənistan danışıqları yekun mərhələyə girdiyi və aprel ayında iki ölkə arasında sənəd imzalana biləcəyi barədə yazı dərc olunmuşdu. "Star" Türkiyə rəsmilərinə istinadən bildirmişdi ki, imzalanacaq anlaşmada sərhədin açılması, qarşılıqlı ticarətin başlaması və 1915-ci il hadisələrinin araşdırılması üçün tarixçilərdən ibarət birgə komissiyanın yaradılması nəzərdə tutulur. "Sabah" qəzeti də bildirir ki, Ermənistan və Türkiyə arasında 2007-ci ildə başlamış danışıqlar sona yaxınlaşır:"İrəvan və Ankara münasibətləri normallaşdırmaq razılığına gəliblər, apreldə bu danışıqların yekunlarının açıqlanacağı gözlənilir. Danışıqların nəticəsi olaraq Ermənistan-Türkiyə sərhədi açılacaq". Qəzet xəbər verir ki, rəsmi Ankara İrəvan qarşısında Ermənistan-Türkiyə sərhəddinin açılmasının aprelin 24-dən sonra mümkün olacağı barədə şərt qoyub:"Berndə əldə edilmiş razılaşmalar Ankara və İrəvan arasında diplomatik əlaqələr qurulması və səfirliklərin açılması, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə ikitərəfli komissiya yaradılması və 1915-ci il hadisələri ilə bağlı problemə tarixçilər tərəfindən baxılması, 1921-ci il Qars müqaviləsinin müzakirəsi, Ermənistanın Türkiyəyə qarşı torpaq iddialarından imtina etməsi məsələsi, habelə sərhədlərin açılması və sərhədyanı ticarət əlaqələrinin qurulması üzrə rəsmi danışıqların başlanacağına nəzərdə tutur". "Sabah"ın xəbərinə görə, ABŞ Konqresində qondarma "erməni soyqırımı" məsələsinin müzakirəyə çıxarılmaması ilə bağlı Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətinin Vaşinqtonda keçirdiyi görüşlərdə AKP-dən olan millət vəkilləri "Türkiyədəki bələdiyyə seçkilərindən sonra Ermənistanla sərhədlər açılacaq",- deyə söz veriblər. Xəbər verdiyimiz kimi, həmin heyətdə AKP millət vəkilləri Murad Mərcan, Suat Kınıklıoğlu, Nursuna Memecan, Millətçi Hərəkat Partiyasından (MHP) Mithat Melen və Hümhuriyyət Xalq Partiyasından (CXP) Şükrü Ələkdağ təmsil olunmuşdular. Sabiq diplomat Şükrü Ələkdağ bildirib ki, hakim AKP-dən olan millət vəkilləri martın 29-dan sonra (həmin gün ölkədə bələdiyyə seçkiləri keçiriləcək) sərhədlərin açılacağını deyiblər:"Onlar artıq Ermənistanla aparılan danışıqların son mərhələdə olduğunu, ABŞ Konqresinin verəcəyi hər hansı qərarın bu əlaqələrə mənfi təsir göstərəcəyini bildirdilər. Mən onlara "belə sözlər verməyin" deyə dəfələrlə söylədim. Amma onlar bununla bağlı razılığa gəlinəcəyini söylədilər". AKP-dən olan millət vəkili Nursuna Memecan isə bu iddiaları rədd edib və "prezidentlər görüşür" deyib: "Biz görüşlərdə Türkiyə ilə Ermənistan arasında danışıqların bir ildir ki, davam etdiyini, eyni zamanda Azərbaycanla da danışıqlar aparıldığını vurğuladıq. Hər üç ölkənin prezidentləri də məsələ ilə məşğuldurlar. Bu mərhələdə ABŞ-dan bir qərar çıxarsa, bu bişmiş aşa su qatmaq olacaq" (APA). N. Memecan, Türkiyə ilə Ermənistan arasında danışıqların son mərhələdə olduğunu söylədiklərini təsdiqləyib: "Amma "bələdiyyə seçkilərindən sonra sərhədləri açacağıq" kimi bir cümlə işlətmədik". Qeyd edək ki, türk və erməni diplomatlarının gizli və aşkar görüşünlərində birincilərin nümayəndə heyətinə Türkiyə xarici işlər nazirinin müavinləri Ertoğrul Apaxan və Əhməd Ynal Çeviköz rəhbərlik edir. Vaxtilə Türkiyənin Bakıda səfiri olmuş Çeviköz Bağddadda səfirliyini başa vurub qayıtdıqdan sonra bilavasitə türk-erməni təmaslarının aparıcı fiquruna çevrilib. Ötən həftə Çeviköz Vaşinqtonda ABŞ rəsmiləri ilə yüksəksəviyyəli danışıqlar aparıb, prezident Barak Obamanın aprelin əvvəllərində Ankaraya edəcəyi səfəri müzakirə edib. Çeviköz "Amerikanın Səsi" radiosuna müsahibəsində bildirib ki, ABŞ-la Türkiyə Qafqaz da daxil olmaqla, bir çox məsələlərdə ortaq hədəfləri bölüşür:"Obamanın Türkiyəyə ziyarəti çox önəmlidir. Bu yaxınlarda dövlət katibi Hillari Klinton da Ankarada olarkən iki ölkənin münasibətinə dair geniş müzakirə aparılıb. O vaxt biz gördük ki, iki ölkənin çox vacib xarici siyasət hədəfləri var. Qarşıda İraq, Əfqanıstan, Qafqaz və Rusiya ilə münasibətlər də daxil olmaqla, bir çox məsələlərdə ortaq gündəmimiz var". Türkiyənin Ermənistanla bağlı siyasətini şərh edən nazir müavini deyib ki, hər şey dünyanın gözü qarşısında baş verir: "Ötən il sentyabrın 6-da prezident Abdulla Gülün Yerevana səfərindən sonra iki ölkə arasında yüksək səviyyədə isti münasibətlər formalaşıb. Təkcə xarici işlər nazirləri 7 dəfə görüşüb. Bütün bu görüşlərdə Türkiyə-Ermənistan münasibətlərini necə yaxşılaşdırmaq imkanları araşdırılıb. Biz əlaqələrin tezliklə normallaşmasına və bunun davamlı olmasına ümid edirirk. Bu istiqamətdə bəzi hazırlıqlar var və bu hazırlıqlar hər iki ölkənin xarici işlər nazirlərinin dəstəyi ilə yaxınlarda həyata keçiriləcək". Diplomat Ankara-Yerevan münasibətlərinə Azərbaycanın mövqeyini belə şərh edib: "Azərbaycan bölgədəki yaxın qonşumuz kimi, Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşmasını yaxından izləyir. Digər tərəfdən, Ermənistanla Azərbaycan arasında hələ də həllini tapmamış Qarabağ münaqişəsi var. Azərbaycanın bu prosesləri yaxından izləməsi çox təbiidir. Lakin, Azərbaycanın hər hansı narahatlığına və şübhəsinə əsas yoxdur. Bu günə kimi olduğu kimi, bundan sonra da Türkiyənin Qarabağ probleminə münasibəti olduğu kimi davam edəcək və bunda heç bir dəyişiklik yoxdur. Əlbəttə, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi ilə, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı proseslər bir-birinə paralel şəkildə aparılır". Nazir müavini ölkəsinin regiondakı münaqişələrin həllində vasitəçi yox, asanlaşdırıcı rol oynadığını bildirib. Ankara Əfqanıstan və Pakistan, İsraillə Fələstin liderlərinin təmaslarına imkan yaradıb, habelə İsrail-Suriya və Suriya-Livan dialoqlarında, eləcə də Avropa Birliyinin İranla təmaslarında asanlaşdırıcı rol oynayıb. "Bütün bunlar hamının Türkiyəyə ertibarından qaynaqlanır", - Çeviköz vurğulayıb. X.Rüstəm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar