SON XƏBƏRLƏR

Türkiyə Ermənistanda özünə yeni bazar tapmaq niyyətindədir . Vəfa Quluzadə hesab edir ki, buna cavab olaraq Azərbaycan da qazın

2021.10.20, 07:36
Türkiyə Ermənistanda özünə yeni bazar tapmaq niyyətindədir . Vəfa Quluzadə hesab edir ki, buna cavab olaraq Azərbaycan da qazın

Gunaz.tv
"Türkiyə Ermənistanda özünə yeni bazar tapmaq niyyətindədir" Vəfa Quluzadə hesab edir ki, buna cavab olaraq Azərbaycan da qazın qiymətinə yenidən baxa bilər Türkiyə-Ermənistan münasibətlərinin yaxınlaşması istiqamətində AKP hökumətinin apardığı siyasət Türkiyə cəmiyyətində kəskin narazılıq doğursa da, baş nazir Rəcəb Tayyib Ərdoğan və onun komandası ermənilərlə əlaqələrin qurulmasına dair səylərini davam etdirirlər. Qeyd edək ki, xeyli vaxtdan bəri iki ölkə arasında aparılan müntəzəm dialoqun nəticəsi olaraq tərəflərin apreldə əməkdaşlığa dair saziş imzalamasının gözlənildiyi də artıq istisna edilmir. Lakin hələlik bu sazişin mahiyyəti də AKP hökumətinin üzvlərinin ermənilərlə apardığı danışıqların mahiyyəti kimi cəmiyyətə aydın deyil. Bununla belə ekspertlər proseslər bu istiqamətdə davam edərsə, rəsmi Bakının da Türkiyə-Ermənistan münasibətlərinin yaxınlaşmasına cavab olaraq Ankara ilə münasibətlərdə bəzi sərt addımlar ata biləcəyini istisna etmirlər. Hesab edilir ki, AKP hökumətinin Ermənistanı böhrandan çıxarmaq üçün səyləri bütün hallarda Azərbaycanın mövqeyindən təsirsiz ötüşməyəcək. Xəzər Araşdırmalar Fondunun prezidenti, politoloq Vəfa Quluzadənin sözlərinə görə, Türkiyənin Ermənistanla apardığı danışıqların mahiyyəti bəlli olmadığına görə rəsmi Ankaranın İrəvanla yaxınlaşmaqda nəyə nail olmaq istədiyini dəqiq söyləmək də çətindi. Bununla belə, politoloq AKP-nin Ermənistanla yaxınlaşması istiqamətdə apardığı siyasətin ABŞ-dan idarə olunmasını istisna etməyib. Onun sözlərinə görə, həm Birləşmiş Ştatlar, həm də Avropa ölkələri Ermənistanın Türkiyənin nəzarətindən çıxarılmasına maraqlıdır. "İran Ermənistana böhrandan çıxmaq üçün yardım edir. İndi Türkiyənin də Ermənistanla əlaqələri qurmaq istiqamətində atdığı addımlar erməniləri böhrandan çıxarmaq üçün növbəti yardımlardan biridir"- deyən Vəfa Quluzadənin sözlərinə görə, İran-Ermənistan münasibətlərinin çoxdan mövcud olmasına baxmayaraq bu, rəsmi İrəvanın siyasi oriyentasiyasının dəyişməsinə heç bir təsir göstərmədi. Türkiyə ilə münasibətlərin inkişaf etməsi isə Ermənistanın siyasi oriyentasiyasını dəyişməsinə təsir edə bilər. Politoloq Ankara-İrəvan münasibətlərinin inkişaf etməsinin Azərbaycana müəyyən təsirləri olacağını da təsdiqləyib. "Sözsüz ki, Türkiyənin Ermənistanla münasibətlərinin normallaşması Azərbaycanın mövqeyinə təsir edəcək və onu bir az da zəiflədəcək. Bunu açıq şəkildə demək lazımdır"- deyən politoloqa görə, təcavüzkar Ermənistanı böhrandan çıxarmaq üçün regiondakı müsəlman ölkələrinin bu cür əl-ayağa düşməsi sakit qarşılana bilməz. Bununla belə Vəfa Quluzadə belə davranışların dünya siyasətində artıq ənənəyə çevrildiyini deyir. "Ermənistan təcavüzkar dövlətdir. Bu gün nəinki İran və Türkiyə, bütün dünya ermənilərin tərəfindədir. Dünyada ədalət yoxdur. Siyasətdə isə ədalət yox, alver var. Siyasət elə bir sahədir ki, orada bəzən ən alçaq vasitələrdən belə istifadə edilir"- deyən politoloqa görə, Azərbaycanda narazılıq doğursa belə Türkiyə Ermənistanla münasibətlər qurmaqla bu ölkədə özünə yeni bazar tapmaq niyyətindədir. Vəfa Quluzadə buna cavab olaraq rəsmi Bakı tərəfindən kəskin addımlar atılmasını o qədər ehtimal etməsə də, deyir ki, Azərbaycan da Türkiyəyə satdığı qazın qiymətinə yenidən baxa bilər. Qeyd edək ki, hazırda dünya bazarında qazın min kubmetrinin qiyməti 380-430 dollar çərçivəsində olduğu halda Azərbaycan Türkiyəyə öz qazını iki dəfə ucuz satır. Türkiyənin Ermənistanla əlaqələr qurub özünə bu ölkədə iqtisadi qazanc axtardığı bir halda Azərbaycan Dövlət Neft Şirkətinin də öz qazını başqa ölkəyə 430 dollara satıb ölkəyə əlavə gəlir gətirmək haqqı tam məntiqli bir addım ola bilər. Bu baxımdan da Vəfa Quluzadə Türkiyənin Ermənistanla yaxınlaşmasının bəzi məsələlərlə bağlı dəyişikliklərə gətirib çıxarmasını mümkün sayır. Ümumilikdə isə politoloq dövlətlərarası münasibətlərdə ciddi dəyişikliklər gözləmir. Bununla belə, Vəfa Quluzadə Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin hazırkı səviyyəsini də qaneedici samır. "Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər indikindən qat-qat yüksək olmalı idi. Amma bir çox məsələlərlə bağlı Azərbaycanın siyasəti ilə Türkiyə razılaşmır. Bir çox məsələlərlə bağlı da Türkiyənin siyasəti ilə Azərbaycan razılaşmır. Ona görə də indi ortaya belə məsələlər çıxır. Amma hər bir dövlətin öz maraqları var və ona uyğun hərəkət edir. Ola bilsin, Türkiyə Ermənistanla yaxınlaşmaqla erməniləri öz tərəfinə çəkməyə nail olsun. Bu, Türkiyənin qazancı ola bilər. Amma mən özüm bunun baş verəcəyinə inanmıram. Çünki ermənilərin öz siyasətlərini dəyişməsinə inanmıram" deyən politoloq Türkiyənin Ermənistanla yaxınlaşmasını Azərbaycan üçün faciə də hesab etmir. "Bizim 20 faiz torpaqlarımız işğal altındadır. Bakıda restoranların sayı-hesabı yoxdur. Hamı gülüb-oynayır. Torpaq heç yada da düşmür. Türkiyənin Ermənistanla sərhədlərini açması bizim üçün Qarabağ problemindən ağır məsələ deyil ki?",- deyə politoloq bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar