SON XƏBƏRLƏR

Bakıda ədəbiyatda yeni və yaşlı nəsl arasındakı dartışmalar üzərinə - Güntay Gəncalp

2021.10.20, 07:36
Bakıda ədəbiyatda yeni və yaşlı nəsl arasındakı dartışmalar üzərinə - Güntay Gəncalp

Gunaz.tv
Həvəsim sonuna qədər yardımçım olsa bəzi şeylər yazacam. Hər halda gecənin çox gec vaxtı olsa da bir şeylər yazacam. başarmasam qalanı da qalar başqa zamana. Onsuz da başqa zamanlara buraxdığımız bir sürü yetişmiş, ya da yetişməmiş fikirlərimiz olur. Zamanın axışı içində var oluruq. Bu gün Azərbaycanda gənc nəsl öz yaradıcı gücünü ortaya qoymaq üçün, əski nəsillə fərqini bəlli edəcək qavramlar oluşdura bilməlidir, mənim fikrimə görə. Özəlliklə də tənqid metodoloji açısından. Bir əksiklik var, tənqid fəlsəfəsi açısından. Nədir bu əksik olan? Tənqidetmə fikri var, ancaq bu fikri ifadə edəcək qavramlar yoxdur, içi yeni fikirlərlə dolu olan qavramları deyirəm. Örnəyin Matin Haydeger bilirsiniz ki, bir çox yeni qavramlar qazandırdı alman dilinin fəlsəfi söz dağarcığına. Sonra bu qavramlar başqa sahələrərə yönəldi. …….. Dəyərli dostlar! Bakıda cərəyan edən bu olayları oxurkən ağlıma bir şey gəlmişdir. Yalnız həmən başdan da söylədim ki, bilmirəm ağlımda mücərrəd şəkildə var olanı sözlərə dönüşdürə biləcəyəmmi?…. Hadisənin incələnməsi üçün iki açar sözdən yararlanmaq daha doğru olar. “Olqu” və “oluş”. Bilirsiniz ki, “qu” şəkilçisi düzəltdiyi ismi sınırlayır. “Solqu”, “duyqu”, “Sorqu”, “olqu” kimi. Ancaq “uş” şəkilçisi ilə düzələn isim sınırlanmır. Tam tərsinə evrimi (inkişafı) çağrışdırır. Məsələn “axış”. “Axış” və “oluş” bir sürəklilik və davamlılıq göstərməkdədir. “olqu” və “oluş” qavramlarından yola çıxaraq əski nəsl və yeni nəsl yaradıcılığını analiz etmək mümkündür. Nədən? çünkü burada yaradıclığın nəsnəsi dil olduğu üçün dilin bu işə ciddi şəkildə qarışması və müdaxilə etməsi gərəkməkdədir. “Olqu”, yəni “olma” evrəsi bitmiş bir hadisə. Yəni artıq axış və sürəklilik göstərəcək enerjisi olmayan bir varlıq. Vardır, ancaq iç enerjisi bitmişdir. Bu üzdən də bir olqudur. Bir “oluş” deyildir. Heç bir “olqu”nu inkar etmək və ya aşağılamaq olmaz. Tam tərsinə onun olduğu yeri bəlli etmək gərəkməkdədir. Bu günkü AYB bir olqudur. Keçmişdə pis-yaxşı bir işlər görmüşlər. Ancaq gerçəkdən də artıq postmodern dünyanın yaradıcı gücü olaraq “var”lıq göstərə biləcək gücdə deyillər. Onların “oluş” və “oluşdurma” enerjiləri bitmişdir. Bu, onları aşağılamaq deyildir. Onların üslubları, olaylara yanaşma metodları, yorğun xəyalları çağdaş istəklərə ehtiyac verə bilmirlər kimi görünə bilər, ya da gerçəkdən elədir. Ancaq bu da topdan inkar anlamında olduğu üçün həm ədalətsiz, həm də gerçək dışı olan bir yanaşma ola bilər. Mənim fikrimə görə Füzulinin “şeir və bilgi” haqqında söylədikləri ilə modernizmin şeir haqqındakı görüşləri tam olaraq örtüşməkdədir. Söz konusu bu gündən başlayaraq keçmişə doğru uzanan var olanlarla hesablaşmaq deyldir. Necə ki, Füzuli bir “olqu” deyildir, bir “oluş”dur, bir “oluşum”dur. Azərbaycanda yeni bir nəsl meydana çıxır. Hər bir yeni də öz enerjisini göstərmək üçün hər zaman meydan oxumaq istər. Gerçəkdən də bu yeni nəslin “duyum” və “duydurum” səliqələri, zövqləri fərqlidir. Fərqli deyil, təzadlıdır. Bu təzadların çarpışmasını da bəlkə təbii olaraq anlamaq mümkündür. Nədən? Çünkü fəlsəfi cərəyanlar, ədəbi axımlar arasında da darvinizm hakimdir. Yalnız güclülər həyatda qalır. Dünyada nə qədər fəlsəfi və ədəbi cərəyanlar, nəzəriyələr olmuş? Çox. Ancaq diri qalanları ən yeni və ən enerjili olanları olmuş və daha öncəki zəifləri sadəcə bir xəbər halına gətirmişdir. Yalnız bir xəbərdən ibarət olan fəlsəfi cərəyanlar haqqında bilgimiz var hər birimizin, ancaq bir inşa olan, inşa mahiyəti daşıyanlar azdır, barmaq sayı qədər. Xəbər qəbul edilər, inşa araşdırılar. Dünya savaş dünyasıdır. Fikirlərin də savaşı var. Nitşenin hayqırışlarını duyalım: “Barışınız savaş, durğunluğunuz səfərlər olsun.” Azərbaycanda bu savaşın içinə girmək çox gözəldir. Düşüncələrin, yaradıcı duyğuların qarşı-qarşıya gəlməsi. Möhtəşəmdir. “Var”lıqların savaşı. Yenidən doğuş və “olqu”lar üzərində “oluş”lar sağlamaq. Hər şey anlaşılırdı. Demək ki, toplumun içində bir düşüncə rahatsızlığı var… belə bir iç hərəkətlilik varsa, o zaman yeni oluşlar meydana çıxacaq. Kimdir fikirdə və şeirdə cəsarət göstərəcək baylar, bayanlar? Bunların hamısı, bu toqquşmaların hamısı o supermənlərin yetişməsi üçün zəmin yaradır. Ancaq əzilən duyğular da olacaq şübhəsiz. Düşüncələrin təzahürü ildırım kimi olur. Aydınlatma büzülgən psixologiya ilə olmaz, olmamalıdır. Bitirmək istərdim, bitmək bilməyən bu görüşləri. Sabah tezdən qalxmam gərəkir. Yeni nəsl “oluş”un enerjisini içində barındırırkən, əski nəsl bir “olqu”dur. Əski nəslin içində oluş imkanları olanlar əlbəttə ki, axışlarına davam edəcəklər…… Güntay Gəncalp

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar