Güntay Gencalp ilə danışıq
2021.10.20, 07:36
Aqşın: “Güney Azərbaycan”, “Milli hərəkat”, “İstiqlal”, “Azərbaycan türkü”… Bu sözlər sizin Bakıda çap olunmuş “Sezenin sevgisi” kitabinizda ən çox işlənən sözlərdir. Ədəbiyyatda millətçiliyin, millətçilikdə ədəbiyyatın yaxşı və pis nəticələri haqqında nə düşünürsünüz? Güntay: Biz sadist fars milliyətçiliyinin təlim-tərbiyə sistemi altında böyüdük. Oxuduğumuz hər bir əsərdə kimliyimizin təhqir olduğunu yaşadıq. Hər an içimizdə kimliyimizlə bağlı aşağılıq kompleksi yaratmağa çalışdılar. Fars milliyətçiliyi aşırı, inkarçı olduğu üçün şovinist bir mərhələyə girdi. Özünü üstün görən bir millət istər-istəməz digər millətləri aşağılamaq yoluna girir. Özəlliklə dövlətin tükənməyən büdcəsi belə bir sistemin əlinə keçdiyi zaman əlinin altında olan millətləri əzmək üçün hər cür imkandan bərxurdar olur. Güney Azərbaycanda milliyətçilik farsların bu qeyri-insani tutumlarına qarşı reaksia olaraq şəkillənməyə başladı. Soyuq Savaşdan sonra dünyadakı olaylar Güney Azərbaycan Milli Oyanışına təkan verdi. İran şiə rejiminin təşkil etdiyi qaranlıqlar, informasiasızlıq divarları uçub dağıldı. İnsanların düşüncəsi cahanşümullaşmağa başladı. Kantın bir görüşü var, deyir ki, dünyada dövlətlər birliyi yaranmadığı ana qədər insanlıq çox əziyət çəkəcəkdir. Bu dövlətlər birliyi də məhkum millətlərin özünə dövlət qurub yenidən dövlətlər biriliyi yaratma təşəbbüsündə bulunmaları ilə həyata keçəcək. Bu üzdən də mən buna inanıram. İnanıram ki, insanlıq inkişaf etdikcə cahanşümul tarixə doğru bir hərəkət olacaq, milli tarix keçmişin arşivində qalacaq. Bütün dünyaya modern hüquq sistemi, insan haqları hakim olmalı, dini və törəsəl dövlətlərin sonu gəlməlidir. İnsanlığın təkamül yönü bu istiqamətdədir. Avropa Birliyi də bunu isbatladı. Türkiyənin Avropa Birliyinə girmə təlaşı da cahanşümul tarix sürəci içinə girməkdən başqa bir şey deyildir. Ancaq bu, milli kimliyin, milli haqların, milli dillərin inkarı deyildir. Dünyəvi bir dövlət düzəni mühitində bütün millətlərin ortaq hədəfi, təcrübələri olmalı və dini qanunların bu ortaq əqli təcrübələrdən faydalanmağı əngəlləməsi durdurulmalıdır. Mənim ən çox sevdiyim siyasətçilərdən biri Mahatma Qandidir. Qandi deyir ki, Hindistanın qurtuluşu üçün bir ingilisin belə, zərər çəkməsini istəmirəm. Mən də belə düşünürəm. Yurdumun qurtuluşu üçün bir tək farsın burnunun qanamasını istəməzdim. Ancaq nə yazıq ki, cahanşümul tarix zehniyətini Şərq millətləri və dövlətləri hələ mənimsəmədikləri üçün qan-qan deyirlər. Savaş olmamalıdır. Mənim “Sezənin sevgisi” kitabımda səslənən söylədiyiniz qavramlar da oxucunun zehnində bu aydınlığı yaratmağı hədəfləmişdir. İstiqlal və digər millətlərlə qarşılıqlı, bərabər hüquqlu münasibətlər etik bir mövzudur. Diqqət edin lütfən, demirəm əxlaqi mövzudur, deyirəm etik mövzudur. Çünkü əxlaq bölgəsəl, dini mövzudur, ancaq etika cahanşümul və uluslar arası hüquqi bir mövzudur. Məsələn bizim milli əxlaqımızda qoşulub qaçan qıza pis baxırlar, ya da bəzi törələrin və şiə məzhəbinin əxlaq anlayışında qadını daş-qalaq edirlər. Ancaq cahanşümul və hüquqi əxlaq anlayışı olan etika bunu məhkum edir. Bu üzdən bəzən millətlərin əsarətdə qalması onların əxlaq anlayışından qaynaqlanır. Məslən bizim əsarətdə qalmağımızın səbəbi öz əxlaq meyarlarımızdır. Güya biz farslarla şiə qardaşlarıyıq! Ancaq etika deyir ki, sən farsla qardaş deyilsən, fars səni sömürür. Özünə gəl, modern dünyanın etik meyarlarına görə heysiyətli bir millət ol. Mənim yazılarımda keçən “milli hərəkət”, “istiqlal”, “Azərbaycan türkü” kimi anlayışlar yalnız bu şəkildə çağdaşlaşmanı, modernləşməni hədəfləməkdədir. Aqşın: Sizi Avropaya aparan yol hardan başladı? Kitabınızı oxumağa macalı olmayan oxucularımıza vətəndən didərgin salınmış minlərlə soydaşımızın biri kimi nələri söyləyə bilərsiniz? Güntay: Məni Avropaya aparan yol azadlığa olan vurğunluğum olmuşdur. Təbiətimdəki azad yaşama duyğusu olmuşdur. Bütün zərrələrimdə çırpınan azadlıq eşqınə görə 1985-ci ildə məni Təbriz Tibb Universitetindən ixrac etdilər. O zaman Sovetlər Birliyinə qaçdım. 3 ay məni zindanda saxlayıb geri qaytardılar. İranda məni yaxalayıb zorla İran-İraq savaşına əsgər apardılar. Bu savaşda on minlərcə Azərbaycan gənci boşuna öldürüldülər. Mən də bu savaşda yaralandım. Əsgərliyimi bitirdikdən sonra Ərdəbildə bir Şirkətdə çalışırdım. Ancaq dözə bilmədim və nə qədər atamdan miras qalmışdısa satıb Türkiyəyə getdim. Türkiyədə Avropaya getmək üçün BMT-yə baş vurdum. O zaman məni Kanadaya göndədəcəkdilər. Kanada Heyəti gələnə qədər Qarabağ hadisələri baş qaldırdı. Vicdanımla qarşı-qarşıya qalmışdım. Bilmirdim Kanadaya gedim, yoxsa Qarabağ savaşına. Çünkü İran-İraq savaşından da təcrübələrim var idi. Sonunda get-gedə şiddətlənən Qarabağ olayları qarşısında qərarımı verdim. Gedib Qarabağda savaşacaqdım. Vətənimə bir şəkildə yardımım toxunmalı idi. Kanadaya getsəydim özümü bağışlamazdım. Özəlliklə daha sonrakı olaylar meydana çıxdıqdan sonra orada yaşaya bilməzdim. Gəncliyimin ilk başlarında elə bilirdim dünyada mən olmadığım üçün bu vətən belə olmuş, madam ki, dünyadayam işləri qaydasına qoymalıyam. Bilirsiniz hər kəsin içində bir Donkixot var. Donkixot mənim çox sevdiyim obrazdır, ancaq rasional Donkixot. Bir yol tapıb Bakıya gəldim. “Sezənin sevgisi”də bu yolçuluğun nəticəsidir. Gerçəkdən də belə bir qızla həmsəfər oldum. Qarabağ savaşına qatıldım. Lakin Xudafərin körpüsündən “Meqridən” İranın Ermənistana iqtisadi, hərbi yardımına tanıq oldum. Həm də çox yaxından. Fikirləşdim ki, partizan əməliyatı ilə bu yolu qapamaq lazımdır. Ancaq bu əməliyat Güney Azərbaycanda olmalı idi. İranın yardımı durdurlsa idi Şuşa işğal edilməzdi. Ermənilər tanklarının benzinini tapa bilməzdilər. Mən belə düşünürdüm. Bu düşüncə içimi rahat buraxmırdı. Bu zaman indi işğal altında olan Cəbrailda idim. Cəbrail Xalq Cəbhəsinin başçısı Vaqif Əlisoyla danışdım. Bu tərəfdən silahlı dəstələrlə İranın yardımını durdurmaq istəyirdik. Bu plan baş tutmadı. Xocalı dəhşətinin təsirindən çıxmamışdım ki, Şuşa işğal edildi. Şuşanın işğalı ruhumu çox sarsıtdı. Qərarımı vermişdim. Qaçaq yolla gedəcəkdim Güney Azərbaycana və oaradan dostlarımla bir yerdə İranın yük maşınlarına qarşı silahlı saldırı düzənləyəckdim. Düşünürdüm ki, belə bir əməliyat Güney Azərbaycanda da oyanışa təkan verər. 10 min dolar pulum var idi. Bu paranı nə edəcəkdim. 5 min dolar qoydum şifrəli bir çantaya və aparıb verdim yazıçı Əzizə Cəfərzadəyə. Ancaq içində para olduğunu demədim. 5 min dolar da bir qıza verdim. Sabir Rüstəmxanlının baş redaktoru olduğu “Azərbaycan” qəzetində “Mahtavan” adında bir qızla tanış olmuşdum. Sevməmişdim, ancaq nədənsə çox inanmışdım. 5 min dolar verdim ona və dedim ki, mən partizan əməliyatına gedirəm. Ölsəm bu pul sənə halal olsun, geri dönsəm gəlib alacağam. Mahtavan boynuma sarılıb ağladı. Dedi sənlik deyil bu savaş özünü boşuna qurban vermə. Qəbul etmədim. Dedim ki, mən İrana getdikdən sonra anamı gedib görməyəcəm. Görsəm anam bu işə mane olar. Burda da mənim səndən başqa heç bir kəsim yoxdur. Bu an sən mənim hər bir şeyimsən. Anamsan, bacımsan və uğranda savaşıb öldürəcəyim, öləcəyim vətənimsən. Mahtavanın göz yaşlarını heç bir zaman unutmuram. Getdim Cəlilabada. 1992-ci ildə Cəlilabad Milli Təhlükəsizliyinin rəisi Rəsulov idi. Onu öncədən tanıyırdım. Bir başa getdim Cəlilabad MTN-ninə və mənə yardım edin o taya keçim dedim. Onlara olayı anlatdım. Bizə silah verə bilməyəcəklərini dedi. Ancaq o taya keçməmə yardımçı oldular. O taya keçərkən gecə saat 12 idi. Dedi ki, o tərəfə keçdikdən sonra kiçik maşınlara minmə birdən sınırı yoxlayan keşikçilər olar. Kiçik maşınlara minməyim deyə sabaha qədər çöldə yatdım. O zaman yay idi. Səhər Ərdəbilə gedən Avtobusa minib getdim. Evimizə heç uğramadım. İran pulu az idi üstümdə. Ərdəbildə bir dostuma zəng edib dedim ki, mən gəlmişəm təcili görüşməliyik və üstündə pul da olsun. Pul aldıqdan sonra Təbrizə yola düşdüm. Təbrizdə tələbə dostlarım var idi. Şuşa süqut edəndə bu dostlarım ilk dəfə olaraq nimayş edib Şuşaya dəstək vermişdilər. Təbrizə çatar-çatmaz dostlarımla əlaqəyə keçdim. Mənim Təbrizdə geniş çevrəm var idi. Bir zamanlar şeir gecələri və teatr düzənlərdik. Hər gecə gizlin toplantı keçirirdik. Onlarca gənc adam toplanırdı. Mən atəşin söhbətlər edirdim. Daha sonra başqa şeylər ortaya çıxdı. Təbrizdə hiss etdim ki, bizə lazım olan ilk öncə milləti və ya ən azından bir nəsli düşüncədə silahlandırmaqdır. 3 ay Təbrizdə, Ərdəbildə, Urmuda gizlin yaşadım. Bir günüm boş keçmədi. Hər gecə yeni insanlara “Milli kimliyimiz” mövzusunda məruzə edirdim. O zaman mənə evlərində yer verib saxlayan dostlarımı heç bir zaman unutmuram. Onlar necə təhlükəli işlə məşğul olduqlarının fərqində idilər. Məni onların hər birin evində yaxalasaydılar bütün ailəni əziyət edərdilər. Güvənlik nədənlərindən dolayı onların adını çəkmirəm. Ancaq onlar bu gün görürlər ki, mənim yolumda çəkdikləri əziyət boşuna getmədi. Bu gün Güney Azərbaycanda mənim yazılarımı oxumayan milli düşüncəli adam tapılmaz. Bu gün də savaşın ön cəbhəsindəyik. Hər zaman belə olacaq. Vətənimizlə bağladığımız əhd peymana sonuna qədər sadiq qalacağıq. Hiss etdim ki, gerçək mübarizə öncə beyinləri silahlandırmaqdır. Sonra eşitdim ki, gəlib küçəmizdə məni rejimin xəfiyəsi axtarmış. Dostlarımın yardımı ilə özümü Güney Biləsuvarına çatdırdım. Sərhəddi keçərkən İran əsgərləri məni yaxaladı. Üstümdə nə qədər pul var idisə, hamısını verdim əsgərə. Dedim bax bu paranı sən almasan da rəisə verəcəyəm məni buraxacaq. Yaxşısı budur paranı al və məni görməzlikdən gəl, burax gedim. Əsgər bir az duruqduqdan sonra paranı alıb mənə dedi”tez get!” Beləliklə yenidən Bakıya gəldim. Qalmağa yerim yox idi. Mahtavanı aradım. Dedi yalnız bir gecə mənim evimdə qala bilərsən. Pulumu olduğu kimi mənə qaytardı. İndi düşünürəm ki, mən niyə onunla evlənmədim? Elə şərif və sədaqətli bir qızla. Nə olsun ki, məndən beş yaş böyük idi. Həyatımda peşman olduğum başqa bir şey də var. Nədən o paranı Mahtavana vermədim. Çünkü o paranı dağıtdım getdi. O daha yaxşı faydalana bilərdi. Daha sonra Bakıda yaşamağım mükün olmadı və Avropaya gəlmək zorunda qaldım. Finlandiyanın yaşıl pasportunu aldıqdan sonra 2006-da Güney Azərbaycanda böyük milli hərəkət başladı. Mübarizənin dışında qaldığım üçün utanırdım. Bu üzdən də Əhməd Obalıya dedim mənə dəvətnamə göndərsin. Dəvətnamə ilə bir yerdə ABŞ-ın Helsinkidəki konsulluğuna uğrayıb viza aldım. Şikaqoda Obalı bəyin təsis etdiyi və Güney Azərbaycanda ən çox seyr edilən GuNaZ TV-də 2 ay hər gün 3 saat canlı yayın hazırladım. Tarix, sosioloji, fəlsəfə, ədəbiyat, musiqi fəlsəfəsi, dilçilik, politika, modernitə və millət kimi mövzularda proqram hazırladım. Sonra eşitdim ki, mənim bu proqramlarım Güney Azərbaycanda CD-lərə yazılıb yayılmışdır. Bunu daha sonra internet yolu ilə tanış olduğum insanlar mənə bildirdilər. Buna çox sevinmişdim. İndi çalışıram ki, bir az pul tapıb bu cəhənnəmdən quratıb vətənimə dönəm. Bakıda və ya Ankarada bir dükan ala bilsəm, gəlir qaynağım olsa burda yaşamaram. Burada verimli olmaq mümkün deyil. Aqşın: Kitabınızdan öyrəndim ki, siz Bakıya “Meydan hərəkatı”nın başladığı bir vaxtda gəlmisiniz, hətta bu hərəkatın fəallarından biri olmusunuz. Necə xatırlayırsınız o günləri, Elçibəyi? O, həm də sizin ilk oxucularınızın biri olub. Güntay: Quzey Azərbaycanda millətimizin qurtuluşu yolunda savaşanların hamısının qarşısında baş əyirəm, şəhidlərimizin də diri qalanların da önündə baş əyirəm. Bu gün o zamankı hərəkətçiləri yanlış sözlərlə xatırlayırlar. O zaman başqa yol yox idi. Sovetlərin içində və dünyada gəlişən olaylar Azərbaycanı öz yazqısı yolunda düşünməyə və bu yöndə davranmağa çağırırdı. Öncə bunu söyləyim ki, o zaman bu yolda mübarizə aparanlar sadəcə Quzey Azərbaycanın quruluşu üçün deyil, bizim də qurtuluşumuz üçün savaşdılar. Çünkü onlar bir tək kimlik, bir tək vətən üçün mübarizə aparırdılar: Azərbaycan. Bu gün əgər Güney Azərbaycanda milli hərəkətin güclənməsinə tanıq oluruqsa, burda 20 yanvarda şəhid olanların da rolu var. Bakıya ilk gəldiyim gün Şəhidlər Xiyabanına getdim onlar üçün ağladım. Ancaq yas tutmadım. Çünkü böyük hədəflər yolunda ölənlər üçün yas tutmazlar. Yas ölənlər üçündür, ölməyənlər üçün deyildir. Onlar ölməmişlər bu gün də hər tək-təkimizin bağrındadır onların məzarları. Bir sufi şair deyir ki, ideal yolunda ölənlərin məzarını torpaqda axtarmayın tapmazsınız, onların məzarı aşiqlərin qəlbindədir. Doğru söyləmiş. Ülvi Bünyadzadə ilə həm yaşıdam mən. Orada Şəhidlərimizin məzarlarını tək-tək ziyarət edib və “qaldırdığınız bayraq enməyəcəkdir. Mən də bu yola girdim. Bütün gücümlə bu yolda olacağıma böyük ruhlarınız qarşısında söz verirəm.”- dedim. 20 yanvar olayı olduğunda mən Ərdəbildə idim. O zaman “Azadlıq” radiosundan Mirzə Xəzərin hayqırışlarını eşidirdik. Bəxtiyar Vahabzadənin müsahibəsini dinlərkən çox ağlamışdım. Hər tərəfi qar bürümüşdü. Hərəkət etmək mümkün deyildi. Çox təhqir olunmuş hiss etmişdim özümü. Hiss edirdim ki, məftillərin o tərəfində vətənim, millətim böyük bir imperatorluq tərəfindən təklənmiş və əzilir. Bütün dostlarımla bir yerdə bu duyğuları yaşayırdıq. Onların adını çəkməməyim unutduğum üçün deyildir, güvənlikləri üçündür. Mən belə düşünmürəm ki, böyük bir iş görmüşəm. Böyük işlər hələ öndədir. Mən əminəm ki, sabahkı Təbrizin qurtuluş savaşında minlərcə gənc adam Bakıdan Təbrizə gedəcək. Minlərcə könüllü müəllim gedib orada ana dilimizdən dərs deyəcəklər. Biz belə millətik, kimsə bizi kiçik düşürə bilməz. Lakin hər şeyin zamana ehtiyacı var. Bu vətən kimindir? Mən öz növbəmdə deyirəm ki, bu vətən mənimdir. Bax “Bu vətən mənimdir” söyləyənlər bu ideya ətrafında birləşib yurdumuzu qurtaracaqlar. Elçibəylə çox xoş xatirlərim var. Bakıda yaşadığım zaman bəzi çətinliklərim var idi. Ancaq çox kitab oxuyurdum. Bəzi yazılar yazırdım, heç bir qəzet çap etmirdi. 1995-ci ildə “Güney Azərbaycanda Türk kimliyinin yüksəlişi” adında kiçik yazılarım AXC-nin qəzeti olan “Cümhuriyətd”də çap oldu. Sən demə Elçibəy Kələkidə bu yazıları oxuyurmuş. Qəzetin baş redaktoru Yadigar bəydən mənə kiçik mesaj göndərmiş və “qələminizə böyük hörmətim var, olaylara yanaşma tərziniz yeni və elmidir” yazmışdı. Bu mesaj məni çox sevindirdi. Sonra da yazılarım yavaş-yavaş yayıldı. 1997-də Bəy Bakıya gəldi. Məni də dəvət etdirmişdi görüşə. Elçibəylə yaxından görüşmək çox zövqlü idi. Bəzi insanlar uzaqdan böyük görünər, yaxından gördüyündə onun böyüklüyü sönər. Elçibəyin varlığı tam bir cazibə mərkəzi idi. Elçibəylə ilişkidə olduğumda hiss edirdim ki, hissən və ruhən böyük insan oluram. Mənim üçün belə duyğuların çox önəmi var. Elçibəylə bu şəkildə ilişkilərimiz başladı. BABın toplantılarında çox söhbət edərdim. Elçibəy bizlərin yetişməsi üçün imkan yaratdı. Liderlər belə olurlar. Elçibəy də belə idi və bir yol idi Elçibəy. Biz də o yolda yürüyürdük. Elçibəy vəfat etdiyində evlənmək istədiyim qızın evində idim. Türk kanallarından Bəyin ölüm xəbərini duydum. Özümü itirmişdim. Heç bir zaman bu qədər gözlərimdən yaş axmamışdı. Əhmədlidə metroya mindim. Hönkür-hönkür ağlayırdım. Hamı mənə baxırdı. Birdən gözlərim metronun küncünə sıxılıb ağlayan 13-14 yaşında balaca bir qıza sataşdı. Utana-utana ağlayırdı. Ağlamasını gizlətmək istərcəsinə. Ona yaxınlaşıb “qızım, sən niyə ağlayırsan?”- dedim. O da “əmi, Elçibəy ölmüş”- dedi. Qızı bağrıma basıb “Mən də Onun üçün ağlayıram qızım, utanma, yüksəkdən ağla!”- dedim. İşin çox ilginç yanı bu idi ki, bu qız uşağı Elçibəyi yaxından heç görməmişdi. Yurdumuzda belə bir cazibə mərkəzi idi, Elçibəy adında. İndi hiss edirəm ki, Elçibəy qarşısında bir vəfa borcum var. Əlimdən gəldiyi qədəriylə bu vəfa borcumu ödəməyə çalışacağam. Nə edə bilərəm? Hissən və fikrən yurdumdan ayrı düşmədən bu yolda oxumaq, yazmaq. Əlimdən gələn budur. Biz Güney Azərbaycanda fikir ehtiyaclarını ana dilimizdə təmin etməliyik. Bizim ilkin tarixi missiyamır budur, deyə düşünürəm. İslamçı faşizmi bu şəkildə yıxmaq olar. Düşüncələrdə, dildə bir devrim yapmalıyıq. Dilimizdəki, qavramları fars təhsil sistemi və asimilasion politikası dejenere etmiş, içini boşaltmış. Bu qavramların içini dolduracağıq. Orta Doğuda çox böyük olaylar olacaq yaxın zamandan. Bu olayların mərkəzində bizim milli iradəmiz dayanacaq. Zahirən bu olaylara gedən yol çoxları tərəfindən görünmür. Mən buna “olaysız oluşum” deyirəm. Yəni bir şeylər oluşur, ancaq onun zahiri tərəfi görünmür. İnsanların çoxu da maddə planında olanları görməyə alışmışlar, mənəviyat planındakını görə bilmirlər. Güney Azərbaycanda xalqın dərin qatlarında elə şeylər olur ki, bir gün bu yavaş- yavaş oluşanlar üzə çıxacaq. Bilirsiniz zəlzələ birdən-birə olmur. Yerin müxtəlif qatlarında yüz illər boyunca oluşan transformasiyaların nəticəsi birdən ortaya çıxır. Sosial olaylarda da buna bənzər olaylar yaşanar. Zaman-zaman toplumun içində birikən enerji bəlli bir zaman devrimci istəklər şəklində meydana çıxar. Bu gün bizim görəvimiz əkmiyətə keyfiyət qazandırmaqdır. Aqşın: İslam respublikasında doğulmusunuz, islamın daha çox hissi-emosianal, məişət tərəflərini özündə cəmləyən şiə təriqətinin tüğyan etdiyi bir ölkədə. Avropadan baxanda buralar necə görünür? Ümumən, islam və türkçülük haqqında fikirlərinizi bilmək maraqlıdır. Güntay: Bu sual çox önəmli bir sualdır. Bu suala cavab olaraq mənim çox danışacaqlarım var. Ancaq çox danışmaq istəmirəm burada. Çünkü mənim yazılarımın demək olar ki, hamısı elə bu suala cavab yönündədir. Sadəcə bunu demək istəyirəm ki, Səfəvi dövlətinin quruluşu ilə Azərbaycan çox zərər çəkdi. Türk Dünyası arasında şiə parçalayıcı bir ideoloji oldu. 20 min adamın başını Təbrizdə kəsdi Şah İsmayıl. O zaman Təbrzidə nə qədər adam olardı? Şəhərin az qala yarsını məhv etmiş və qalan adamlar da qorxularından şiəni qəbul etmişlər. Quzey Azərbaycanda şah İsmayılı ruslar qəsdən böyütdülər. Bizim Türk Dünyasını birləşdirmək istəyən Nadir Şah kimi böyüklərimiz də olub. Niyə Nadir Şah haqqında bu qədər roman, poema yazılmayıb? Çünkü buna ruslar izn verməzdi. Şah İsmayıla ideolojik anlamda farslar və teknik anlamda Qərb dəstək verdi. Hər kəs bunu bilməlidir ki, Çaldıranda Şah İsmayıl qalib olsaydı, Dünyada bir tək azad türk dövləti olmayacaqdı. Osmanlı məğlub olsaydı, Qərb İstanbulu geri almağı planlamışdı, bu tərəfdən də Ankaraya qədər olacaqdı şiələşmiş İran. Şiəçilik fars milliyətçiliyi mərkəzli bir islam anlayışıdır. Şiə bütünü ilə islama ziddir. Çünkü şiə, Hz. Əlidən öncəki xəlifələri qəbul etməz. Ancaq Hz. Əlinin Kərbəlada 8 oğlu öldü ki, Hüseyn və Abbasla bir yerdə, Osman, Ömər adları da var. Ayrıca, Ömər, Əlinin qızı ilə evlənmişdi. Farsların Ömərə nifrət etmələrinin səbəbi “Qadisiyyə” savaşıdır. Qadisiyyə savaşında Ömər, Sasani dövlətini devirdi. Əgər Sasani dövlətini Ömər deyil, Əli devirsə idi, bu zaman farslar Əliyə nifrət edib Ömərə sayqı göstərəcəkdilər. Yəni bu olayın arxasında islam, haq-ədalət anlayışı durmur, siyasi mənafe anlayışı durur. Bizi də Şah İsmayıl adında bir çocuq bu bəlaya soxdu. Şah İsmayıl həm də Əmir Teymur zamanından başlayıb Əlir Şir Nəvai yaradıcılğında zirvəyə çatan türkcə yazma gələnəyini söndürdü, Türkistanı işğal etdikdən sonra. Çünkü o ədəbiyatı sünnilər oluşdurmuşdu o üzdən. Bu gün Rəfsəncani kimi fars şovinistlərinin başçıları Azərbaycan milli hərəkətini boğmaq üçün Şah İsmayıldan yardım omurlar, onun İrançılığından. Səfəvilərdən öncə nə qədər memari əsər varıydısa Şah İsmayıl tərəfindən söküldü. Bir tək Ərk qaldı. Nə var ki, onların hamısı sünni memarlığı idi. Sonra da Təbrizin zənginliyini soyub daşıdılar İsfahan. Erməniləri doldurdular saraya. Mərsiyə xanlıq, ağlaşma, sinəvurma, başyarma, zincirvurma düşünmənin yerini aldı. O zamandan, Şah İsmayıl tərəfindən söndürülən düşüncəmiz hələ də oyanmamışdır. Səfəvi heyranı olan bəzi Azərbaycan tarixçiləri hələ də bu suala cavab vermirlər ki, 4 yaşından 14 yaşına qədər gizlin yaşayan İsmayılın başına nələr gəldi, onun müəllimləri kimi idi? Onu necə saxta “mehdi” olaraq yetişdirdilər. Bu suallar cavabsız qalmış. Cavab isə bəllidir. Şərqdə ilk dünyəvi dövlət quran Moğul-Türk birliklər islamda fars milliyətçiliyi edən İsmaililiyi dağıtdi. Nəsrəddin Tusi də İsmaililəri buraxıb Hülaku xana qatıldı. İsmaililər təşkilat olaraq dağıldılar, ancaq onların düşüncələri silinmədi. Gizlin həyatlarını Gilanın meşələrində sürürdülər və İsmayıl Səfəvi də bu gizlin ortamda yetişdirildi. Şəhər həyatının nə olduğunu bilməyən köçəri qızılbaşlar soxuldular Təbrizə və Təbrizin iqtisadi, siyasi, kültürəl həyatını məhv etdilər. Oysa, Cəlayirlilərdən, Qaraqoyunlularda və digər dövlətlərdən Təbrizdə böyük maddi-mənəvi miras qalmışdı. Hamısını yox etdilər. Siyasi şiəliyin dünya və bölgə bölgə barışı üçün necə bir təhdid olduğunu İran rejimi göstərir. Bu gün İranın iqtisadi və moral dəstəyi olmasa Ermənistan Azərbaycana meydan oxumaz. Ermənistanı danışdıran Rusiya və İrandır. Avropadan baxanda İrandakı həyat tərzi və sinə vurub, başyarmalar, məsxərə görünür. Yəni insan nə qədər cahil olmalıdır ki, sürülər kimi bir yerə yığılıb mələşsinlər. Hüseyn Cavid “Azər” əsərində bunları “ipsiz dəlilər” adlandırır. Bilirsiniz dəlini iplə bağlardılar qədim, indi dəlixanaya salırlar. Qədim zaman dəlixana yox idi. Ona görə də dəlilər iplə bağlanmadıqlarında çox zərərli olurdular, bir də görürdün oynadığı yerə uşağı boğub öldürüb. İndi bunlar da o şəkildə. Mədəni dünya və çağdaşlaşma bu dəliliyə bir çarə axtarır. İnsanlıq İran şiəçiliyindən, islam ölkələrindəki diktatorluq və istibdaddan çox narahatdır. Qadınları daş-qalaq etmə xəbərini duyan avropalılar üçün İran vəhşi siyasi şiəliyin yaşadığı bir cəhənnəm kimi görünür. Bu üzdən mən heç bir zaman özümü iranlı olaraq tanıtmaram, utanaram. Çünkü iranlı sözünü eşidəndə diksinirlər, qorxurlar. Yəni iranlı kimlik modern dünyada o qədər qorxunc bir şey olmuş ki, avropalı ailələr bu sözün uşaqlarının yanında tələffüz olmasından çəkinirlər. Uşağı tərbiyəsini pis təsir edər deyə. Siyasiləşmiş şiə yəni bu. Aqşın: Bu gün Azərbaycan ədəbi aləmində hələ ki, postmodernizm söz konusu olaraq dartışılmaqda. Fin yazarları nəyi, hansı izmi dartışır? Güntay: Fin dili və ədəbiyatı çox inkişaf edib. Fin elmi də. Finlandiya bir dəfə ədəbiyat üzrə, bir dəfə də kimya üzrə Nobel ödülü almış. Sillanpəə ədəbiyatda Nobel ödülü almışdır. Məncə bir yazar heç bir zaman özünü modern, postmodern qavramları ilə tərif edə bilməz. Bu yazarlığın işi deyil, bu ədəbi tənqidin işidir. Yazarlıq bir ruh halının mətnləşməsidir. Ruh halını heç bir “izm”lərə sığdırmaq olmaz. Əgər bir yazıçı da özünü bu “izm”lərin çərçivəsinə salırsa, böyük əsər yarada bilməz. Kim deyə bilər ki, Tolstoyun əsərlərində postmodern görüntülər yoxdur. Yazıçı bir “izm”ə sığmaz, bütün bunları içinə alar. Yaradıcılıq yəni bütünləşdirmə, parçalama deyil. Bir romanda həm realizm, həm modern, həm postmodern eyni zaman ola bilər. Azərbaycanda olduğu kimi elə Avropada da azınlıq bir kəsim bu nəzəriyələrlə məşğuldurlar. Böyük yazıçılar bu haqda düşünməzlər, sadəcə yazarlar. Sonra bu böyük yazarların yaradıcılığını “izm”lərə görə sinifləndirmə tənqidçilərə düşən görəvdir. Düşüncəni və yaradıcılıq duyğsunu bir çərçivədə həbs etmək olmaz. Yaradıcılıq öz sürəkliliyi içində bəzi təcrübələr qazanır. Bunların çoxuna tənqid fəlsəfəsi heç ad da tapa bilməmişdir. Yaradıcılğın qaynağı dildir. Hər yazarı bir əsrarəngiz, sir dolu dili olmalıdır. Hər yazarın öz söyləmi olmalıdır. “Söyləm” dil içində doğan dildir. Dil özünü gerçəkləşdirməsidir. Yazarın dili dilçilərin ön gördüyü dil deyil. ən böyük dilçi də elə yazar özüdür. 5.5 milyon əhalisi olan Finlandiya öz dilinə elə sahib çıxmış ki, bu dildə böyük sənət əsərləri yazmaq mümkündür. Fin Dil Qurumu bu dili ölməz duruma gətirmişdir. Türkiyədə mürtəce Osmanlıcıların və siyasi islamçıların Türk Dil Qurumunun çalışmalarını məsxərə etdikləri kimi hallara bu ölkədə rast gəlmək olmaz. Nə Türkiyədə, nə də Azərbaycanda olmayan bir yasa var burda: Fin dilini qoruma yasası. Bu yasaya uymayan cəzalanır. Fin Dil Qurumunun hər 3 ayda bir yayınladığı “Kieli Kello- dil saatı” dərgisi yeni sözləri bütün dövlət qurumlarına, özəl şirkətlərə duyurur. Bu duyurudan sonra da yasallaşır. Yaradıcılığın da qaynağı dildir. Finlandiyanın modern ədəbiyatı çox gəlişmiş, ancaq klassik ədəbiyatlarını da çox dərindən öyrənirlər. Kitaboxuma kültürü yüksəkdir. Fin dilini bilmək ingilis dilini bilmək kimi bir şeydir. Çünkü dünyanın bütün fəlsəfəsi, ədəbiyatı, tarixi kitablar bu dilə tərcümə edilib. Bir yazarın əlində bilgi qaynağı ilə zəngin olan bir dil olması şərtdir. Yradıcılıq istedadını cilalandıran bilgidir. Bu bilgi ana dilində əldə edildiyində yaradıcılıq imkanları da artır. Aqşın: Bu kitabınızda daha çox uşaqlıq və gənclik illərinizdə başınıza gələn hadisələrdən yazırsınız. Yeni kitabinizda oxuculara nə vəd edirsiniz? Güntay: Qarşımızdaki günlərdə Bakıda 2 kitabım çap olacaq. Biri “Yüksəl Birol” adında romandır. Olay bütünü ilə Güney Azərbaycanda gerçəkləşir. İran-İraq savaşı zamanı türklərin fars hədəfləri yolunda necə xərcləndikləri açıqlanır. Ikinci kitabım isə, fəlsəfi, tənqidi, tarixi və sosoiloji məqalələr toplusudur. Ancaq heç bir şey uşaqlıq xatirələrim kimi əziz deyil mənim üçün. O, hər zaman yaradıcılıq qaynağım olacaq. On görə də heç bir əsər mənə “Heydər babaya salam” kimi zövq vermir. Bu qərib ölkədə canım sıxılanda Şəhriyarın səsi ilə “Heydər babanı” dinləyirəm. Pəyami Səfa adında bir Türkiyəli yazar var. Səfa deyir ki, bir insanı tanımanın ən yaxşı yolu onun uşaqlıq çağına enməkdir. Yuxumu girir təndirimiz, evimiz, tarlalarımız. Bəzən artıq torpağın altında olan yaxınlarımın səsini yuxuda eşidirəm. Yəni insan nə yazırsa, yazsın uşaqlıq xatirələri bir şəkildə özünü orda büruzə verəcək. Hələ yalnızlıqda və ya zindan həyatında bu xatirələr insanı daha çox məşğul edir.