SON XƏBƏRLƏR

DEPUTATLAR ANKARANI XƏYANƏTDƏ İTTİHAM EDİRLƏR

2021.10.20, 07:36
DEPUTATLAR ANKARANI XƏYANƏTDƏ İTTİHAM EDİRLƏR

Gunaz.tv
DEPUTATLAR ANKARANI XƏYANƏTDƏ İTTİHAM EDİRLƏR millimeclis1.jpg Milli Məclisin bir qrup üzvü Türkiyə-Ermənistan yaxınlaşmasına aydınlıq gətirmək üçün türkiyəli həmkarlarını Bakıya dəvət ediblər "Biz ötən ilin dekabrından bu yana regionda baş verən hadisələri dəqiq müşahidə etdik və qərara gəldik ki, Türkiyənin indiki hakim dairələri ölkənin söykəndiyi təməl prinsiplərindən imtina etmək, işğal altında olan Azərbaycan torpaqları azad edilmədən Ermənistanla sərhədləri açmaq və bu ölkə ilə münasibət yaratmaq istəyirlər. Hazırda bu yöndə çox intensiv addımlar atılır". Bu barədə dünən jurnalistlərə açıqlamasında Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı açıqlama verib. Onun sözlərinə görə, dünən Milli Məclisdə (MM) təmsil olunan Ana Vətən, Vətəndaş Həmrəyliyi, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş və Ədalət partiyalarının rəhbərlərinin toplantısı keçirilib. Ötən ilin dekabr ayında bu partiyaların Ermənistanla Türkiyə arasında yaxınlaşmadan narahat olaraq Türkiyə Böyük Millət Məclisində (TBMM) təmsil olunan partiyalara müraciət etdiyini xatırladan F. Ağamalı deyib ki, bugünkü görüşdə məsələ bir daha gündəmə gətirilib. "Biz o zaman Türkiyə-Ermənistan münasibətlərinin yaxınlaşmasından narahatlığımızı bildirmək, bu məsələlərə aydınlıq gətirmək və Türkiyədən olan həmkarlarımızın mövqeyini öyrənmək istəyirdik. Məqsədimiz ortada Azərbaycan və Türkiyənin dövlət maraqlarına zidd olan bir layihə varsa, ona mane olmaq idi" deyən deputatın sözlərinə görə, dünənki toplantıda həmin məsələ növbəti dəfə müzakirə olunub. Partiya sədrləri toplantının sonunda fikirlərini dəqiqləşdirərək qərara gəliblər ki, yaxın günlərdə Türkiyədən olan deputat həmkarlarını Azərbaycana dəvət etsinlər. Azərbaycanlı millət vəkillərinin istəyi Türkiyədən olan həmkarlarını aprel ayında Türkiyə - Azərbaycan münasibətləri ilə bağlı Bakıda keçirilməsi nəzərdə tutulan konfransda görməkdir. F. Ağamalının sözlərinə görə, həmin konfransda ayrıca sənəd qəbul edilməsi də gözlənilir. Bundan əlavə, AVP sədri Türkiyə-Ermənistan münasibətləri ilə bağlı Azərbaycan parlamentinin deputatlarının Türkiyəyə səfər etmələrini də mümkün sayıb. Yeri gəlmişkən, parlamentin dünənki iclasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev xarici işlər naziri Elmar Məmmədyarovun MM-ə gəlməli olduğunu bildirib (APA). "Bizim xarici işlər nazirinə suallarımız var. O burda Ermənistan-Türkiyə münasibətlərinə aydınlıq gətirməlidir", - deyə deputat məsələ qaldırıb. Buna cavab olaraq, spiker Oqtay Əsədov isə Türkiyə-Ermənistan münasibətlərinin son günlər çox müzakirə olunduğunu deyib. Azərbaycanla Türkiyənin "Bir millət, iki dövlət" olduğunu qeyd edən spiker böyük dövlət olan Türkiyənin müstəqil siyasət yürütdüyünü vurğulayıb. Rəsmi Ankarının son zamanlar öz siyasətində ciddi dəyişikliklər etməsi ekspertlər tərəfindən birmənalı qarşılanmır. Yuxarıda qeyd olunan deputat qrupundan fərqli olaraq, politoloq Leyla Əliyeva hesab edir ki, hakim partiya olan AKP praqmatik siyasət yürüdür. "Türkiyə iqtidarı bu addımları atmaqla, öz dövlət maraqlarını önə çəkir. Ankara Ermənistanla yaxınlaşmaqla qondarma "soyqırım" təhlükəsini neytrallaşdırmağa çalışır. Bununla belə, hesab etmirəm ki, Türkiyə bu prosesdə Azərbaycanın maraqlarını nəzərə almır", - deyə siyasi ekspert "Ayna"ya açıqlamasında bildirib. L.Əliyevanın fikrincə, Türkiyənin Ermənistanla yaxınlaşması 2 amillə bağlıdır: birincisi, Ermənistan nə qədər çox təcrid olunduqca, bir o qədər aqressivləşir. Yəni hər tərəfdən dairənin daraldığını görən İrəvan daha radikal addımlar ata bilər. İkincisi isə, politoloqun fikrincə, tarixin heç bir mərhələsində qonşulardan təcrid edilmiş dövlət güzəştli addımlar atmayıb. Bunları sadalayan siyasi şərhçi hesab edir ki, hazırda Ankara İrəvanla yaxınlaşaraq və sərhədləri açaraq, Ermənistanı daha çox nəzarətdə saxlamaq istəyir. O artıq sərhədlərin açılması istiqamətində ciddi proseslərin getdiyini düşünür. "Bu gün Türkiyənin həm daxilində, həm xaricində ciddi proseslər yaşanır və bu proseslər Ermənistanla yaxınlaşmağı vacib edir" deyən politoloqun qənaətincə, sərhədlərin açılmasından sonra Dağlıq Qarabağ münaqişəsinin Türkiyə üçün əhəmiyyətini itirib-itirməməsi və Azərbaycanın Türkiyənin dəstəyindən məhrum olub-olmaması Bakının diplomatik fəaliyyətindən asılı olacaq. Belə ki, L.Əliyevanın fikrincə, sərhədlərin açılmasından sonra regionda hansı vəziyyətin yaranacağı və bunun hər 3 ölkəyə göstərəcəyi təsiri Azərbaycan hakimiyyəti hesablamalıdır. Siyasi ekspert Türkiyə-Ermənistan yaxınlaşmasına Azərbaycan hakimiyyətinin və hakimiyyətə yaxın dairələrin qısqanclıqla yanaşması məsələsinə də toxunub. Dağlıq Qarabağ münaqişəsində Türkiyənin Azərbaycan üçün yeganə müttəfiq olduğunu deyən politoloq hesab edir ki, Bakı belə bir müttəfiqi itirmək istəmir. "Türkiyənin dəstəyini itirmək Azərbaycan üçün çox böyük itki olardı. Bu baxımdan Azərbaycan hakimiyyəti Ankara-İrəvan yaxınlaşmasına bu qədər həssas yanaşır", - deyə L.Əliyeva vurğulayıb. Yeri gəlmişkən, son günlər Türkiyə-ABŞ münasibətlərində də müəyyən istiləşmə müşahidə olunur. Ən azından, Türkiyə tərəfi Birləşmiş Ştatlarla nisbətən soyumuş əlaqələri yenidən bərpa etməyə cəhd edir. Bu sırada Türkiyə Böyük Millət Məclisinin (TBMM) bir qrup deputatının ABŞ-a səfər etməsi diqqət çəkir. Hazırda Vaşinqtonda olan millət vəkilləri - Şükrü Ələkdağ (CHP), Murat Mərcan (AKP), Nursuna Məməcan (AKP) və Mithat Melen (MHP) dünən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində (SBAM) Türkiyə üzrə ekspert və jurnalistlərlə görüşüblər. APA-nın məlumatına görə, SBAM-ın Türkiyə üzrə direktoru Bülənd Əlirzanın sədrliyi ilə keçirilən müzakirələrdə iki ölkə arasında gərginliyə səbəb olan mövzular diqqət mərkəzində olub. TBMM-in xarici əlaqələr komitəsinin sədri Murat Mərcan Obama hakimiyyəti dövründə ABŞ xarici siyasətinin gərginlik yaratmağa deyil, dialoqa yönəldiyini deyib. Ermənistanla siyasətlərinə toxunan millət vəkili onların məqsədinin təkcə rəsmi İrəvanla münasibətlərin yaradılması deyil, həmçinin Qafqazda sülhün yaradılmasına xidmət etmək olduğunu vurğulayıb. CHP-dən olan millət vəkili Şükrü Ələkdağ Türkiyəni narahat edən məsələlər sırasında qondarma "erməni soyqırımı", İraqın şimalında fəaliyyət göstərən PKK terror təşkilatı və Dağlıq Qarabağ münaqişəsinin olduğunu deyib. Türkiyənin ABŞ-dakı sabiq səfiri "Ermənistanla sərhədlərin açılmasına yol vermək olmaz" deyərək bu məsələnin yalnız Dağlıq Qarabağ məsələsi öz həllini tapdıqdan sonra etməyi lazım sayıb. PKK məsələsinə toxunan millət vəkili onlara dəstəyin Şimali İraq hökuməti tərəfindən verildiyini qeyd edib. O həmçinin bu il Barak Obamanın ənənəvi 24 aprel müraciətində 1915-ci il hadisələrini soyqırım adlandırmayacağını da deyib. MHP-dən olan millət vəkili Mithat Melen 1915-ci il hadisələrinə toxunaraq problemin Ermənistanla deyil, erməni diasporu ilə olduğunu bildirib. Cənab Melen Amerikanın qondarma "soyqırım" ilə bağlı qətnamə qəbul etməsinin kasıb Ermənistanın marağında olmadığını bildirib. O, İstanbulda 80 min erməninin işlədiyini də xatırladıb. Daha sonra Mithat Melen "Ermənistanla ticari münasibətlər qurularkən biz gərək Azərbaycanın Dağlıq Qarabağla bağlı maraqlarını yaddan çıxarmayaq" deyib. O, Türkiyənin Azərbaycan vasitəsilə nəql olunan enerji resurslarına, Şimali İraqla apardıqları ticarətə ehtiyacı olduğunu deyib. Toplantıdan sonra açıqlama verən Şükrü Ələkdağ Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsinə münasibət bildirib. Qarabağ məsələsi həll olunmadan Türkiyənin Ermənistanla sərhədləri açmasını mümkün saymayan millət vəkilinin sözlərinə görə, türk xalqı buna icazə verməz. "Belə durumun yaranması Türkiyənin Azərbaycanı itirməsi deməkdir. Bəs o zaman bizim "bir millət, iki dövlət" sözümüz harada qaldı? Nə tez bunu unutduq? Biz Ermənistanla münasibətlərin bərpasına qarşı çıxmırıq. Amma bunu Dağlıq Qarabağ münaqişəsi həll olunandan sonra etmək lazımdır. Əgər sərhədlər açılsa, biz Azərbaycanı yalqız buraxmış olarıq və Azərbaycanın dialoq prosesində gücü azalar", - deyə o bildirib. Millət vəkili əminliklə iki ölkə arasında sərhədlərin 2009-cu ildə açılmayacağını vurğulayıb. T.AĞATLI

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar